Qalib Azərbaycan gəncliyi

 

Gənclik bu gün ölkəmizdə aparılan köklü islahatların əsas aparıcı qüvvəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti gənclərə yüksək etimad göstərir, müəyyən etdiyi strateji vəzifələrin yerinə yetirilməsində onlara böyük ümid bəsləyir.

Biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında, yeni texnologiyaların tətbiqində, respublikamızda genişmiqyaslı islahatların gerçəkləşdirilməsində bu sosial təbəqənin rolu getdikcə artmaqdadır. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilən nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensiallarının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.

 

İdmana qayğı - sağlam gənclik

 

İdmanın inkişafı isə hər bir xalqın mədəni tərəqqisinin əsas göstəricilərindən biridir. Bu sahə ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna əhəmiyyət kəsb edir. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək göstərir. Məhz mənəvi dəyərləri layiqincə qiymətləndirən gənclərimiz yarış meydanlarında özlərini həm ifadə, həm də təsdiq edə bilirlər. Sosial dəyərlərin inkişafına səbəb olan yarışlarda güclülərin üzə çıxması idmanın yaradıcı xarakterindən asılıdır.

Bu sahədə müsbət nəticələrə nail olmaq üçün dövlət səviyyəsində tədbirlər görülür.  Estetik mədəniyyət, şəxsiyyətin fiziki və mənəvi inkişafını təmin etmək dünya olimpiya hərəkatının ən ümdə məqsədlərindəndir.

İdmanın sülhməramlı, humanist dəyərləri müxtəlif ölkələrin mötəbər yarışlarında milyonlarla insanlar arasında ən etibarlı körpü yaradır. İdman həmçinin cəmiyyətin vahid milli ideya ətrafında birləşməsinə və gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasına böyük təkan verir. Beynəlxalq idman yarışlarında qazanılan qələbələrimiz üzərində Azərbaycan bayrağı şərəflə dalğalanır.

Azərbaycanın 281 idmançı ilə təmsil olunduğu V İslam Həmrəyliyi Oyunları bu günlərdə uğurla başa çatdı və islam mədəniyyətinin inkişafı tarixinə xoş bir hadisə kimi yazıldı. Əslində, 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən bir il təxirə salınmış İslamiadada 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardı.

2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmiş Azərbaycanın ardınca bu mühüm idman tədbirinin Türkiyədə - qardaş ölkənin Konya şəhərində keçirilməsi bizim üçün özünəməxsus simvolik məna daşıyırdı. Qədim tarixə, özünəməxsus ənənələrə malik Bakı da, Konya da islam mədəniyyəti tarixində əhəmiyyətli rol oynayan şəhərlərdir. Son onilliklərdə Bakı və ümumilikdə Azərbaycan bütün dünyada mədəniyyətlər arasında dialoq məkanı kimi tanınır. 2015-ci ildə paytaxtımızın evsahibliyi etdiyi I Avropa Oyunlarının ardınca Bakıda İslam Həmrəyliyi Oyunlarının təşkili Qərb və Şərq mədəniyyətlərinin təmasına, müasir dünyamızda islami dəyərlərə qarşı hücumların qarşısının alınmasına, islamın sülh, həmrəylik, insana sevgi, humanizm və ədalət dini kimi təqdim olunması məramına, islam ölkələrinin mədəniyyət işığında bir araya gəlməsi məqsədinə xidmət edirdi. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi edərək öz ali niyyətinə çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi qətiyyəti, təşəbbüskarlığı, ölkəmizin Birinci vitse-prezidenti və tədbirin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunları bütün dünyaya nümayiş etdirdi ki, islam aləmi bir olmağı bacarır, bu, gücümüzü daha da artırır və ümumilikdə bəşəriyyət üçün böyük faydalar verir.

Qardaş Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının da niyyəti bunun davamıdır. Qədim tarixi olan Konya şəhəri islam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Bu şəhər də Bakı kimi müxtəlif mədəniyyətlərin bir araya gəldiyi, qarşılıqlı tolerantlıq, hörmət və hüzur içində əsrlərdir mövcud olduğu harmonik ruha sahib unikal bir məkandır.

 

Həmrəyliyin səsi

 

Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında idmanın atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol, karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybolüzgüçülük növləri üzrə güclərini sınadılar. İdmançılarımız İslamiadanı 99 medalla başa vurdular: qazanılmış medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürüncdür.

İdmançılarımızın başqa beynəlxalq idman tədbirləri kimi, V İslam Həmrəyliyi Oyunlarında da böyük tərkibdə iştirakı və kifayət qədər medal sayı ilə ifadə olunan nailiyyətlərimiz Azərbaycanın idman ölkəsi statusunu qoruduğunu, respublikamızda bu sahənin inkişafı ilə bağlı görülən tədbirlərin, xüsusi qayğının ciddi nəticələr verdiyini göstərir.

Azərbaycanın gənclər siyasətində idmanın inkişafına, onun kütləviliyinin artırılmasına daim diqqət yetirilib. Bu gün respublikamızda 50-yə yaxın olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiyadünya çempionatlarında uğurlu çıxışları bunun göstəricisidir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlarında, gənc nəslin idmana marağının artmasında mühüm rol oynayır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı ilə bağlı müəyyən etdiyi strateji kurs bu gün yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.

 

Onlar inkişafın önündədirlər

 

Azərbaycan dövləti gənclərin beynəlxalq dialoquna, bəşəriyyəti narahat edən qlobal problemlərin birgə həllərinin axtarılmasına hər zaman xüsusi önəm verir. Bu, ölkəmizin sədri olduğu Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılmasında, həmin şəbəkənin Bakı konfransının keçirilməsində, ötən ay isə paytaxtımızda Hərəkata üzv olan 60-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə Gənclər sammitinin təşkilində bir daha öz ifadəsini tapdı.   

Prezident İlham Əliyevin sammit iştirakçılarına ünvanladığı təbrik müraciətindəki fikirlər Azərbaycan gəncliyinə və onların timsalında müasir dünyamızda bu fəal təbəqənin yerinə və roluna münasibətin göstəricisi kimi böyük maraq doğurur: "Hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir. Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsinin, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23 faizini təşkil edən gənclərə diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir", - deyə dövlət rəhbərimiz müraciətində bildirirdi: "Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub-yaşadan, eyni zamanda ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik".

Bu fikirlərdə həm də bütün dövrlərdə olduğu kimi, müasir dövrümüzdə də gənc nəslə qayğının zəruriliyi, onlara öz potensiallarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması məsələləri aktuallaşdırılır. Eyni zamanda bəşəri problemlərin həllində müxtəlif ölkələrdən olan gənclər arasında dialoqun təmin edilməsinin əhəmiyyətinə diqqət yönəldilir. Qloballaşan dünyamızda gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə hörmət hissi ilə yetişdirilməsi, öz tarixi kimliyinə sahib çıxması, dövlətçilik dəyərlərini qoruması ilə bağlı ən vacib məqamlar vurğulanır.

Həmçinin Ali Baş Komandanın əmri ilə 44 günlük Vətən savaşında torpaqlarımızı işğaldan azad edən, bizi böyük qələbəyə qovuşduranbu gün də dövlət sərhədlərimizin keşiyində dayanmış müzəffər Azərbaycan gəncliyinin misilsiz qəhrəmanlığı, Vətən sevgisi qiymətləndirilir.

 

Dünya əhalisi gəncləşir

 

Azərbaycan dövləti hər zaman gəncliyə böyük diqqət və qayğı ilə yanaşıb. Eyni zamanda dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, mütərəqqi ideyaların həyat qazanması üçün beynəlxalq səviyyədə gənclər arasında dialoqa mühüm əhəmiyyət verib. Müasir dövrdə isə bu, xüsusilə aktualdır. Hazırda gənclik bütün dünyada tarixin heç bir dövründə olmadığı qədər böyük qüvvəyə sahibdir. İlk növbədə ona görə ki, dünya əhalisi tərkibində gənc nəslin yeri bəşər tarixinin heç bir dövründə olmadığı qədər genişlənib. Digər tərəfdən isə, gənclərin müasir bilik və bacarıqlara açıqlığı, yaradıcı təfəkkürü, sürətli dəyişikliklərə daha çevik uyğunlaşa bilmək əzmi, sahibkarlıq ruhu onları elmi-texnoloji inkişafın hərəkətverici qüvvəsinə çevirir. Ona görə də Azərbaycan dövləti ölkə gəncliyinin dəstəklənməsini, onlara lazımi şəraitin yaradılmasını, gənclərin potensialından cəmiyyət həyatının bir çox sahələrində istifadəni hələ illər əvvəldən özünün əsas prioritetlərindən elan edib və bu istiqamətdə ardıcıl aparılır.

Ölkəmiz gənclər sahəsində dövlət siyasətinin müasir çağırışlara uyğun zəruri qanunvericilik bazasının formalaşdırılması məsələsində də bütün dünyaya nümunə göstərir. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönələn, onların inkişafına yol açan müxtəlif sənədlər imzalanır, müvafiq qanunlar, fərman və sərəncamlar, dövlət proqramları bu güclü təbəqənin ölkəmizdə mütəşəkkil qüvvə kimi çıxış etməsinə, ziyanlı təsirlərdən qorunmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına böyük kömək göstərir.

Aparılan məqsədyönlü siyasət Azərbaycan gəncliyinin həyatında yeni tarixi nailiyyətlərə yol açır.

 

Böyük hədəflərə doğru

 

Gənclərimizin mənəvi inkişafı, yüksək vətənpərvərlik ruhu, xarici ölkələrin nüfuzlu ali məktəblərində müasir dövrün yüksək bilik və bacarıqlarına yiyələnə bilməsi, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həllinə kömək, ölkəmizdə gənclər təşkilatlarının fəaliyyəti üzrə mütərəqqi ənənələrin formalaşması, bu təbəqənin öz yenilikçi ideyalarını reallaşdırması üçün dövlətimizin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən ardıcıl tədbirlər, gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yaradılmış şərait, onlara etimad göstərilməsi ümumi mənzərənin ayrı-ayrı çalarlarıdır.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramı, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" və bu çərçivədə görülən işlər, 2011-ci ildə Gənclər və İdman Nazirliyi yanında yaradılmış Gənclər Fondunun fəaliyyəti bu siyasətin daha səmərəli şəkildə həyata keçirilməsinə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına yol açır. Böyüməkdə olan nəslin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını, sağlamlığının qorunmasını dəstəkləyir, onların təhsil və məşğulluq məsələlərinə diqqəti artırır, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəni, könüllülük hərəkatını inkişaf etdirir.

Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı müvafiq sərəncamla "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratmış, bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyaraq müasir inkişaf ənənələrini, bilik və bacarıqları ölkəmizə gətirmişlər. Hazırda bu proqram yenidən bərpa edilmiş, təhsil, fərdi inkişaf sahəsində böyük hədəfləri olan gənclərimizin gələcəyi qarşısında geniş üfüqlər açmışdır.

Gənclərin təhsili ilə yanaşı, karyera inkişafı da dövlət rəhbərimizin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə "Yüksəliş" müsabiqəsinin təsis edilməsi, artıq iki dəfə keçirilmiş bu müsabiqənin köməyi ilə gənclər arasından intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri fərqli olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması buna nümunədir.

Azərbaycanda könüllülük hərəkatı da inkişaf edir, bu gənclərimizin iştirakı ilə cəmiyyətimiz və ümumilikdə bəşəriyyət üçün böyük faydalar yaradır. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, gənclərin bu layihələrə cəlb olunması, onlar üçün yaradılan parlaq örnəklər ölkəmizdə könüllülük hərəkatının genişlənməsinə təkan verir. Azərbaycan Prezidentinin 2020-ci ili ölkəmizdə "Könüllülər ili" elan etməsi də ölkə gəncliyinin inkişafı tarixində əlamətdar məqam kimi daim xatırlanacaqdır.

Elmi fəaliyyətlə məşğul olan gənclərin dəstəklənməsi istiqamətində də əhəmiyyətli işlər görülür. Gənc alimlərimizin apardıqları tədqiqatlar müxtəlif qrant proqramları ilə dəstəklənir, beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir. Son illərdə öz elmi nəticələrini dünyanın nüfuzlu nəşrlərində, beynəlxalq tədbirlərdə təqdim edən, xarici ölkələrin elmi mərkəzlərinin əməkdaşları ilə müştərək tədqiqatlara cəlb olunan gənc alimlərimizin sayı getdikcə artır.

 

Minlərlə gənc canını Vətən uğrunda fəda etdi

 

Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə  böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.

Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Düşmənə qisas hissi ilə kükrəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan əsasən gənclərimiz idi. Məhz onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi, otuz illik həsrətdən sonra əzəli-tarixi yurd yerlərimizə qovuşduq. Budur, vətənpərvərlik əzmi, ümidi doğrultmaq, azərbaycançılıq ruhunu qorumaq!

Azərbaycan gəncliyi hazırda Vətən naminə səylə çalışır, azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Onun qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Dövlət rəhbərimizin yürütdüyü siyasətə dəstəyi, gələcək qarşısında məsuliyyət hissi, öyrənməyə, müasir dövrümüzün çağırışlarına uyğun yeni bilik və bacarıqlar əldə etməyə böyük meyli ilə inkişaf proseslərinin önündə addımlayır. Bu, qalib Azərbaycan gəncliyidir!

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.-31 avqust.- S.1; 6.