Bəşəriyyət sürətli dəyişmə
və təsir prosesindən keçir
Gənclər bunun zərərindən
uzaq olub, faydasından
bəhrələnməlidirlər
Təhsil ailədən, məktəbdən başlayaraq, sonra da mədəni və sosial ölçüləri ilə bütün həyatımız boyu bizi tərk etməyən bir anlayışdır. Əgər təhsilə qısaca tərif versək, "Təhsil həyatın özüdür" deyə bilərik. Çünki insanın inkişafı, təcrübəsi və ya təkamülü kimi hadisələr təhsillə başlayır. Bundan əlavə, düşüncə tərzimizi və davranışımızı dəyişən, inkişaf etdirən təhsil həyatımızı daha yaxşı, daha gözəl və faydalı edən əhəmiyyətli bir sahədir.
Bu bir həqiqətdir ki, cəmiyyətlərin, ölkələrin, hətta bütün dünyanın gələcəyi savadlı nəsillərlə sıx bağlıdır. Yaxşı təhsil ilk növbədə düzgün öyrənmə və öyrətməklə uğur qazanır. Buna nail olmaq üçün təhsil sahəsində sürətlə inkişaf edən texnologiyadan bəşəriyyətə maksimum fayda verəcək şəkildə faydalanmaq lazımdır.
Artıq 2000-ci ildən başlayaraq dünyamızda "Millenium" adlı yeni bir dövr başlayıb və bu dövrün uşaq və gəncləri tamamilə yeni nəsli təmsil edirlər. "İnternet gəncləri" də adlandırdığımız bu gənclər "Cib telefonu", "Ipod" və bütün qabaqcıl texnologiya alətlərini fərdi həyatlarının ayrılmaz hissəsi kimi qəbul edərək böyüyürlər. Amma bəzən də texnologiyaya o qədər aludə olurlar ki, düşünməyə belə vaxt ayıra bilmirlər. Düşünməyə vaxt tapmamaq isə istər-istəməz tənbəlliyə gətirib çıxarır. Ona görə də gənclərin çoxu işləməyi, zəhmət çəkməyi sevmirlər. İstər mobil telefonlarında, istərsə də kompüter vasitəsilə hər cür məlumat artıq ovuclarındadır. İstədikləri məsələni belə asan əldə etmək imkanı təəssüf ki, həm də vəfasız insan quruluşunun formalaşmasına gətirib çıxarır.
Gənclərimizin və uşaqlarımızın bu qədər rahat yaşamaq şansı əldə etməsi nəticəsində israfçılıq, asan və çoxlu pul qazanmaq kimi yararsız məşğuliyyətlərə yiyələnməyə də gətirib çıxarır. Bu faktların fonunda təhsil sistemləri yenidən planlaşdırılmalı və proqramlaşdırılmalıdır. Bütün bunları nəzərə alsaq, əslində, təhsilin necə çətinləşdiyini aydın şəkildə görə bilərik. Daim dəyişən dünya dəyərləri, qlobal iqtisadiyyat və sürətlə inkişaf edən kommunikasiya sistemləri gənclərin təkcə milli deyil, həm də qlobal səviyyədə maarifləndirilməsi zərurətini ortaya qoyur. Lakin yeni təhsilin həyata keçirilməsi üçün təkcə prinsiplər deyil, həm də iqtisadi şərtlərin sistemə tətbiqi çox vacib şərt kimi nəzərə alınmalıdır.
Bəşəriyyət çox sürətli bir dəyişmə və təsir prosesindən keçir. Biliyin toplanması, məlumat əldə etmək asanlığı və müasir ünsiyyət imkanları insanları sanki ofsunlayır. Yüz illərdir hər yeni ixtiranın, hər yeni texnologiyanın əsas məqsədi insanların həyatını asanlaşdırmaq olub. Bununla belə müasir insanlara geniş, demək olar ki, qeyri-məhdud imkanlar təqdim edən bütün yeni texnologiyalar fayda ilə yanaşı, zərər də gətirir. İnsanlar bəzən bir-birindən uzaqlaşır, özgələşirlər. Təbii ki, gündə yeddi-səkkiz saatını kompüter və ya mobil telefon qarşısında keçirən insan zamanla digər insanlarla təkbətək münasibət qurmaqda çətinlik çəkəcək. Başqalarını başa düşməkdə, anlayış göstərməkdə problemlər yaşayacaq. Halbuki ruhumuz və beynimiz yalnız doğmalarımız, dostlarımız, tanışlarımızla vaxt keçirdiyimiz zaman dincəlir.
İnsanın insandan qaçması böyük təhlükədir. Sanki ətrafımızda olan hər kəs bu təhlükənin fərqində deyilmiş kimi davranır. Amma təəssüf ki, artıq dünyamızda insanların çoxu bundan təsirlənib. Bu səbəbdən humanitar məqsədlə bütün insanların və təbiətin rifahı üçün yeni bilik və avadanlıqlardan doğru istifadə etməyi öyrədən təhsil sistemi vacibdir.
Təhsil uşaqları yalnız ali təhsil səviyyəsinə çatdırmamalı, həm də kiçik yaşlarından həyata hazırlamalıdır. İdeal təhsil məhz bu əsas anlayışla qurulmalıdır. Şagirdlər yeni əsrin tələb etdiyi fundamental fənlər üzrə bilik, bacarıq və praktiki təcrübə əldə etməklə yanaşı, həyatı öyrənməli, qlobal təsirə məruz qalıb özündən, öz milli kimliyindən uzaqlaşmamalıdır.
Universiteti bitirmiş gənc artıq "onsuz da diplomumu aldım. Bundan sonra
nə kitab oxumalı, nə araşdırma aparmalı,
nə də yeni məlumatları izləməliyəm" deməməli,
əksinə, onlara ömür boyu öyrənmənin vacibliyini
anlatmaq lazımdır.
İnsanın xoşbəxtliyi üçün
fiziki sağlamlıq qədər ruhi sağlamlıq da vacibdir. İnsanları xoşbəxt edəcək,
uğura və sülhə aparacaq tək bir yol
var. Bu yol daim öyrənməkdən, düşünməkdən,
ictimai həyatda fəal rol oynamaqdan,
problemləri anında
həll edə bilmək bacarığından
keçir. Ona görə
gələcəyimizi əmanət
etdiyimiz gənclərimizin
şəxsi yaradıcılığını
sosial dəyişikliklərə
uyğunlaşdırmaq üçün
davamlı səy göstərməliyik. Onlara həyatın
tələbi kimi maliyyə sahəsində daha ağıllı davranmağı, multikultural
dünyanı dərk
etməyi, təbiəti
qorumaq üçün
ekoloji biliklərə
malik olmağı, sosial mühitə asanlıqla uyğunlaşmağı,
sağlam həyatın
tələblərini yerinə
yetirməyi, müşahidə
qabiliyyətinə malik
olmağı hələ
orta məktəb vaxtı öyrətməliyik.
Çünki sürətlə
qloballaşan dünyamızın problemlərini gələcəyimiz adlandırdığımız
gənclər həll
edəcəklər. Sabah dünya insanları artan ekoloji problemlərlə,
su çatışmazlığı,
kənd təsərrüfatı
torpaqlarının qıtlığı,
əhalinin sürətli
artımı, qlobal istiləşmə, yoxsulluq
və terrorizmlə daha çox mübarizə aparmalı olacaqlar. Bu səbəbdən
XXI əsrdə gənclər
yalnız informasiya qəbul edən yox, eyni zamanda
yeni informasiya istehsal edən, düşünən, yeni
texnologiyalarda yeni məlumatları canlı saxlayan, lazımi xidmətlərin istehsalında
və paylanmasında cəmiyyətin mənafeyi
naminə fəal rol oynayan olmalıdırlar.
Gənclərimiz komanda işinə
meyilli, düşünməyə,
araşdırmaya, problemləri
yaratmaqdansa həll etməyə yönəldilməlidir.
Bu cür gəncliyə
və gələcəyə
çata bilmək üçün təhsil
sisteminin, hər bir təhsil işçisinin və cəmiyyət olaraq hər birimizin üzərinə çox
böyük öhdəliklər
düşür. Çünki
gələcəyimizin taleyi
indiki uşaqların şüurunda, qəlbində
və iş qabiliyyətində gizlidir.
Gələcəyimiz üçün
sorğu-sual edən, düşünən, universal şəxsiyyətə
malik, dərketmə gücü, təhsil və tərbiyə səviyyəsi yüksək
olan övladlarımızın
sayı artdıqca, dünyamız daha da gözəlləşəcək.
İlahə ALLAHVERDİYEVA,
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika fakültəsinin
IV kurs tələbəsi
Azərbaycan.- 2022.-31 avqust.-
S. 6.