“Dəmir yumruq” Cənubi Azərbaycana dayaqdır

 

İlham ƏLİYEV: “İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik.  Onlar bizim millətin bir parçasıdır”

 

 

Azərbaycanın qazandığı tarixi zəfər dünyanın harasında yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın qüruruna çevrilib. Bu qələbəyə sevinən ən çox Cənubi Azərbaycanda yaşayan soydaşlarımız oldu. Savaş günlərində cənublu həmvətənlərimiz ordumuzun qələbə yürüşünü Arazın o biri tayından böyük sevinclə izləyirdilər.

Bu zəfər həm də Cənubi Azərbaycandakı soydaşlarımızın iki yüz ildir tapdanan hüquq və azadlıqları uğrunda mücadiləyə qalxmaları üçün təkan verir, onlarda böyük ruh yüksəkliyi yaradır. Təsadüfi deyil ki, cənubi azərbaycanlılar Prezident, qalib sərkərdə İlham Əliyevi özlərinin ən böyük təəssübkeşi, himayədarı sayır, "dəmir yumruğ"un fonunda özlərini arxa-dayaqlı, bütün təhlükələrə sinə gərəcək gücdə hesab edirlər.  Bu tükənməz güvən və etibarı isə onlarda dünya azərbaycanlılarının müzəffər lideri İlham Əliyev yaradıb. "Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır", - deyə İlham Əliyev bildirib.

 

 Azərbaycan biganə qalmayacaq

 

 

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Hazırda İranda molla rejiminə qarşı baş verən etirazlar da ölkəmiz tərəfindən diqqətlə izlənilir.  O da gözdən qaçmayan faktdır ki, "islam" respublikasında hər zaman olduğu kimi, hazırkı qarışıq vəziyyətdə də ən çox izlənən, təqiblərə məruz qalan, döyülən, edam olunanlar arasında cənubi azərbaycanlı soydaşlarımız üstünlük təşkil edir.

Amma islam bayrağı altında daldalanan İranın molla rejimi unutmamalıdır ki, Azərbaycan dövləti öz soydaşlarının tapdanan hüquqlarına, boğulan azadlıq səslərinə heç zaman biganə qalmayacaq. 

Bu yaxınlarda "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur: "Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir".

Prezident İlham Əliyevin cənublu soydaşlarımızın üzləşdikləri problemləri beynəlxalq tribunalardan qaldırması, bu problemlərin Azərbaycanda böyük narahatlığa səbəb olduğunu söyləməsi və İran rejiminin onları üz-üzə qoyduğu bu çətinliklərin aradan qaldırılması istiqamətində səyləri davam etdirəcəyini əminliklə bildirməsi onlara tükənməz inam bəxş edib. İndi cənublu qardaşlarımız fars rejiminin zülmət pərdəsinə bürüdüyü dünyalarını aydınlatmaq üçün haqq mübarizələrini daha böyük əzmlə  sürdürürlər.

Necə deyərlər, 44 günlük müharibədə Arazın bu tayında "dəmir yumruğ"un haqq və ədaləti təmin etməsi Arazın o üzündə də haqq mücadiləsini alovlandırır. Cənublu qardaşlarımız qalxdıqları bu mübarizədə yalnız olmadıqlarını, Azərbaycan kimi qüdrətli və güclü dövlətin, İlham Əliyev kimi müzəffər liderin onların dayağı olduğunu bilirlər.

 

 

 

İranın ifşa olunmuş cinayətləri

 

 

 

Və həm də bunu tarix boyu Azərbaycana qarşı kin və nifrət güdən, məhz türkofob, islamofob siyasətinə görə erməni ilə "qardaş" olan İran rejimi yaxşı bilir. Buna görədir ki, 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan  təcavüzkar Ermənistana hər cür dəstək göstərib.

Özlərini müsəlmanların təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanın qətlə yetirilməsinin haqq-hesabını heç vaxt tələb etməyib.

30 il müddətində Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. Danılmaz reallıqdır ki, Tehran bu illər ərzində erməni işğalında olan Azərbaycan ərazilərinin talan olunmasında birbaşa iştirak edib. O da faktdır ki, işğalçı ölkə olan Ermənistan Qarabağda sökdüyü evlərdən əldə olunan tikinti materiallarını İrana satıb. Meşələrin qırılması və onların İrana daşınması da bir başqa bədnam reallıqdır.

Azərbaycanın işğal altında olan əraziləri həm narkotik plantasiyalarının yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub. Bu ərazilərdən narkotrafik marşrutu kimi istifadə məsələsində İran xüsusi fəallığı ilə seçilib.

Azərbaycanın işğal altındakı torpaqlarında onilliklər boyu İran ifşa olunmuş və təsdiqini tapmış çoxsaylı cinayətlər törədib.

 

 

 

İran əmmaməsini qarşısına qoyub düşünməlidir…

 

 

 

Bu baxımdan heç də təəccüblü deyil ki, Azərbaycan 44 günlük müharibədə zəfər qazandıqdan sonra İran ölkəmizə qarşı açıq hücuma keçib, təhdid xarakterli əməllər nümayiş etdirir. Yürütdüyü, əslində, yürüdə bilmədiyi, yarıtmaz xarici siyasəti sayəsində bir ölkə kimi dünyada heç bir xüsusi dəyərə malik olmayan, adı yalnız terrorla qoşa çəkilən İran Qarabağın azadlığı ilə qeyri-qanuni fəaliyyətlərindən də məhrum olub.

İran o günə düşüb ki, indi nəfəsliyə ehtiyacı olan Ermənistanı özünün nəfəsliyi hesab edir. Azərbaycanın düşməninin yanında olduğunu təsdiq etmək üçün İranın tələm-tələsik Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması isə onun riyakarlığının açıq təzahürüdür.

Saxta islam respublikasının Azərbaycanda terror aktı törətmək istəyi, eləcə də sərhədimizdə hərbi təlimlər keçirməsi isə bədnamlığının bir başqa göstəriciləridir.

İran öz faktiki potensialını düzgün dəyərləndirməli və əmmaməsini qarşısına qoyaraq yaxşı düşünməlidir ki, kiminlə hədə-qorxu, güc dili ilə danışmaq istəyir. Cənubi Qafqazın lider ölkəsi, qalib orduya malik Azərbaycanla hədə və təhdid dilində danışmaq nəinki İrana, heç kimsəyə fayda verməz. Qüdrətli Azərbaycan bütün təxribatlara qarşı layiqincə cavab verməyə və düşmənlərini öz yerində otuzdurmağa qadirdir. Bu günlərdə Azərbaycanın Türkiyə ilə birgə növbəti hərbi təlimlərə başlaması da bunun bariz təcəssümüdür.

 

 

 

Güclü Azərbaycan bütün məkrli siyasətlərin qarşısında sarsılmaz sipərdir

 

 

 

Eləcə də Azərbaycan fars rejiminə imkan verməyəcək ki, Cənubi Azərbaycandakı soydaşlarımızın haqq və hüquqlarını tapdalasın. İranın molla rejimi məqsədyönlü şəkildə soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi itirmələri yönündə yürütdükləri məkrli siyasətin qarşısında daim  Azərbaycan dövlətini görəcək.

Prezident İlham Əliyev də bununla bağlı bildirmişdi ki, ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək: "Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq".

Yer üzündəki azərbaycanlıları, Azərbaycan dövlətini, onun müstəqilliyini hədəf alan düşmənlər "dəmir yumruq" sayəsində yerlərinə otuzdurulacaqlar.

Tolerant ölkə olan, hər zaman sülhü təşviq edən ölkəmiz bütün qonşuları ilə mehribandostluq münasibətləri istəyir. Amma bunun əksini gördükdə öz milli mənafeyini təmin etməyi də yaxşı bacarır. Necə ki Azərbaycan Prezidenti İlham Əliyev bunu qətiyyətlə bəyan edib: "Eyni zamanda biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 7 dekabr.- S.1;7.