Mömin qiyafəli, terror mahiyyətli

 

İranın bir təxribat ssenarisinə qarşı Azərbaycanın 10 önləyici uğur planı var

 

 

Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, bölgədə söz sahibi olması, dünyada və Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilməsi, türk dövlətlərinin həmrəyliyinə töhfələr verməsi bəzi xarici siyasi mərkəzləri, eləcə də İranı ciddi narahat edir. Mömin qiyafəsinə bürünmüş İran aqressiyasını gizlətməkdə çətinlik çəkir və ifrat riyakarlığını hər addımında büruzə verir. İslam dini adından sui-istifadə edərək ölkəmizə qarşı yeni təxribatlar törətməyə cəhd edən cənub qonşumuz həccə gedən tülkünü xatırladır. Azərbaycan isə dostu düşməndən ayırmağı yaxşı bacarır, xarici siyasətində qarşılıqlı etimad prinsipinə üstünlük verir.

 

Cümə namazından sonra terrora çağırış

 

 

İranın ali dini rəhbəri Seyid Əli Xomeneionun nümayəndələri düşünürlər ki, cümə namazından sonra xütbələr oxumaq özlərini dünyaya müsəlman təəssübkeşi və əxlaq keşikçisi kimi təqdim etmək üçün kifayətdir. Lakin unudurlar ki, onların riyakarlığından və terrorçu xislətindən az qala bütün dünya xəbərdardır. Riyakarlıq İranın təkcə ölkəmizə qarşı deyil, həmçinin cənubi azərbaycanlılara, müxtəlif dövlətlərə münasibətində əsas yer tutur.

Yaxın və Orta Şərqdə mövcud olan bütün münaqişələrdə adı hallanan İranın uzun illərdir ki, terroru dəstəklədiyi bütün dünyaya məlumdur. Təsadüfi deyil ki, indiyə qədər 6 ölkə - ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Kanada İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və onun qollarını terror qruplaşması kimi tanıyıb. İranda sentyabrdan başlayan və 500-ə yaxın insanın ölümünə səbəb olan etiraz aksiyalarını amansızlıqla yatırmağa cəhd göstərən, mülki əhaliyə qarşı odlu silahdan istifadə edən qüvvələrin əsasını da SEPAH təşkil edir.

İran Azərbaycana təzyiq etmək üçün mütəmadi cəhdlər göstərir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra ölkəmizi İranın Qüdsü işğal cəhdlərinə maneə kimi görür. Özlərini islam təəssübkeşi adlandıranlar cümə namazı xütbələrini oxuduqdan sonra Azərbaycanla sərhədə qoşun yığır, "diversantları" Qarabağa göndərirlər.

Əlbəttə, bunlar bizi təəccübləndirmir, çünki İran Azərbaycan torpaqları işğalda olduğu vaxtlarda da Ermənistana daim dəstək verib, işğalçıların dini abidələrimizi məhv etməsinə, məscidlərimizi murdarlamasına göz yumub, dolayısı bu prosesin əsas iştirakçılarından olub.

 

 

 

Azərbaycan bütün riyakar planların qarşısını almağa qadirdir

 

 

 

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Aslan İsabəyli qeyd edir ki, İran rejimi daim ölkəmizdə daxili sabitliyi pozmaq niyyətindədir: "İranın dini-hərbi dairələri dövlətimizi hədələyirlər. İrandakı fəallar da bildirirlər ki, Tehran rejimi əvvəllər olduğu kimi, yenə də ölkəmizdə terror aktları törətməyə cəhd edə bilər. Əlbəttə, dövlətimiz İranın bütün xain planlarının qarşısını almağa qadirdir. Hansısa terror cəhdi də xüsusi xidmət orqanlarımız tərəfindən qətiyyətlə dəf ediləcək".

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xüsusilə son hadisələr fonunda Cənubi Azərbaycanı müdafiə etməsi İranın sözügedən dairələrini təlaşa salıb: "Qorxuya düşən rejim o qədər cahildir ki, çıxış yolunu əməkdaşlıq və əmin-amanlığın bərpası üçün düzgün strategiyada deyil, təxribatlar törətməkdə görür. Azərbaycan isə ta əzəldən qonşu ölkələrlə, eləcə də İranla münasibətlərin inkişafında maraqlı olub. Bunun səbəbi  qonşuluq münasibətlərimiz, tarixi əlaqələrimiz, xüsusilə də Cənubi Azərbaycan faktoru və ümumilikdə İranda 40 milyona yaxın azərbaycanlının yaşamasıdır. Bu amilləri nəzərə alan Azərbaycan hər zaman dövlətlərarası münasibətləri pozmamağa, bölgədə əmin-amanlıq yaratmağa çalışır. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən bu strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirir. Rəsmi səviyyədə İrana dəfələrlə xəbərdarlıq edilib ki, ölkəmizdə pozuculuq işləri ilə məşğul olmağa, din adı ilə insanları ələ almağa son verməlidirlər".

 

 

 

Terrorçuluq İranın mənəvi simasıdır

 

 

 

Dövləti dünyada tanıdan, digərlərindən fərqləndirən önəmli faktorlardan biri onun adət və ənənələridir. A.İsabəyli qeyd edir ki, İran saxta etimad qazanmaq yolu ilə müxtəlif dövlətlərə qarşı çıxmağı, terror aktları törətməyi sanki milli ənənəyə çevirib. Bu, bir daha təsdiq edir ki, İranın riyakarlığı ənənəvi xarakter alıb və terrorçuluq onun mənəvi simasını nümayiş etdirir.

"Yəmən, Fələstin, Bəhreyn və Suriya kimi ölkələrdə artıq onilliklərdir ki, davam edən münaqişələr də bunun sübutudur. Müxtəlif ölkələrdə saxta birlik formalaşdırmaq, "humanitar yardım"larla insanlarda süni etimad yaratmaq İranın adətinə çevrilib. Əgər doğrudan da, İran özünün hesab etdiyi kimi, müsəlmanların müdafiəçisi olsaydı, hansısa şəkildə qarışdığı münaqişələr belə uzun illər çəkməz və dağıntılara, ölümlərə səbəb olmazdı. İslam İnqilabı Keşikçiləri Korpusu bu gün İran rejiminin canlı bombası, əsas dəstəkçisidir. İndionlar məhz SEPAH-ın əli ilə ölkəmizdə davamlı təxribat aktları həyata keçirmək istəyirlər. Ancaq onların hamısı ifşa olunubxüsusi xidmət orqanlarımız tərəfindən zərərsizləşdiriliblər.  Yenidən Azərbaycan əleyhinə kampaniyalar işə düşüb. İlk növbədə, ölkəmizdə süni etirazlar yaratmaq niyyətindədirlər", - deyə siyasi şərhçi qeyd edib.

A.İsabəylinin sözlərinə görə, İran məkrli planlarını həyata keçirmək üçün etnik azərbaycanlılardan istifadə etməyə çalışdığına görə diqqətli olmalıyıq: "Uzun illərdir ki, ölkəmizdə şəbəkə yaratmaq istəyən İran hamıya məlumdur ki, bəzi vətəndaşlarımızı maliyyələşdirir və öz xeyrinə istifadə edir. Bu kimi hallar dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən ifşa olunub. Yeni qurduqları şəbəkədə isə gənclərlə din adı altında aparmağa çalışırlar. Onlar süni etimad yaratdıqları gəncləri pulla şirnikləndirir və gizli toplantıları onların evlərində keçirirlər. Sonradan həmin gənclər evində keçirilən iclasın əslində dinlə əlaqəsinin olmadığını, birbaşa İranın riyakarlığına xidmət etdiyini öyrənəndə isə qorxuya düşürlər. Belə olan halda onlar baş verənləri heç kimə danışa bilmirlər. İran xüsusi xidmət orqanlarının əməkdaşları fürsətdən istifadə edərək, onları təhdid edir. Həmin insanlara bildirilir ki, Azərbaycanda yaxın günlərdə terror-təxribat hadisələri baş verdikdə sizə də pay düşəcək, ən əsası isə, Xomenei rəhbərliyi sizdən razı qalacaq. Bu hallar artıq xüsusi xidmət orqanlarına da məlumdur".

Müsahibimiz əlavə edib ki, bu gün İran rejimi bir plan qurursa, deməli, Azərbaycanın ən azı on önləyici uğur planı artıq hazırdır: "Yəni Azərbaycan İranın həssas mövzu olan dindən sui-istifadə etdiyini bilir. Ona görə də xüsusi xidmət orqanlarımız belə hallara qarşı ayıq-sayıq mübarizə aparırlar".

 

 

 

İranı xeyli ölkə terrorçu dövlət kimi tanıyır

 

 

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə qolu məlumdur. Onlardan birixeyli dövlət tərəfindən rəsmi şəkildə terror qruplaşması kimi tanınan "Qüds" qoludur. Həmin qruplaşma SEPAH-ın xarici kəşfiyyat bölməsi də adlandırılır. Bu təşkilat guya hüquqları pozulan müsəlmanları müdafiə edir, onların azadlığı uğrunda mübarizəyə qalxır.

"Qüdsün yolu Kərbəladan keçir" şüarı bu qruplaşmanın məkrli planlarının ifadəsidir. Maraqlısı odur ki, artıq həmin şüar dəyişdirilib. Şüarın "Qüdsün yolu Bakıdan keçir" deyə dəyişdirilməsi İranın Azərbaycanda təxribatlar törətmək niyyətini bir daha sübut edir.

Siyasi şərhçi A.İsabəyli bunu belə izah edir: "Əvvəllər İran "Qüdsün yolu Kərbəladan keçir" deməklə nəzərdə tuturdu ki, Qüdsü işğal etmək üçün ilk növbədə imamları əsarət altına almış İraqı ələ keçirmək, sonra Qüdsə yola çıxmaq lazımdır. İndi isə şüarın Azərbaycan əleyhinə dəyişdirilməsi onu göstərir ki, İran Qüdsü işğal etmək üçün artıq Bakını maneə kimi görür. Bu təsdiq edir ki, İran, doğrudan da, bölgədəki geosiyasi reallıqlarla razılaşa bilmir, Azərbaycanın üstünlüyünü həzm etmirdüzgün xarici siyasət yürütmək istəmir".

A.İsabəyli cənub qonşumuzun xarici siyasətində yol verdiyi digər yanlış məqama da diqqət çəkib: "İranda belə bir yanaşma mövcuddur: İran dövlətlərin daxili işinə qarışmır, amma zənginlər tərəfindən məzlumların, yəni zəif və kasıb müsəlmanların haqları pozularsa, müdaxilə haqqını özündə daşıyır. Bu, İranın özünü inkar etməsi deməkdir. Necə olur ki, özünü "dünya müsəlmanlarının təəssübkeşi" kimi qələmə verən İran rəhbərləri müxtəlif ölkələrdə minlərlə müsəlmanın öldürülməsinə göz yumur, hətta buna şərait yaradır?! Bu işdə İran rəhbərliyinin əsas güvəndiyi SEPAH-dır. Təsadüfi deyil ki, SEPAH hətta İranın Müdafiə Nazirliyindən belə böyük səlahiyyətlərə sahibdir".

Dövlətimizə qarşı məkrli planlar quran, terror-təxribatlar törətməyə cəhd edən bütün qüvvələr başa düşməlidirlər ki, Azərbaycan "tülkü həccə gedir" hekayələrinə artıq inanmır. 44 günlük Vətən müharibəsi də göstərdi ki, milli həmrəyliyimizi heç kim poza bilməz. Ölkəmizdə İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi də sübut edir ki, Azərbaycan müsəlman qiyafəli, terror xislətli tülkülərin şikarına çevrilmir. İranın ölkəmizdə dinimilli düşmənçiliyi təbliğ edərək gərginlik yaratması isə mümkünsüzdür.

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 7 dekabr.- S.7.