Pərakəndə pay torpaqları müasir aqroparklara çevrilir
Dünyada
geniş yayılan bu təsərrüfat sistemi Azərbaycanda
da özünü doğruldur
Dünya iqtisadiyyatında baş verən tendensiyalara diqqət yetirdikdə görürük ki, aqrar sektorun inkişafına və ərzaq təhlükəsizliyinin təminatına daha çox diqqət və vəsait ayrılır. Mütəxəssislər bunu iki mühüm faktorla əlaqələndirirlər: dünya əhalisinin sürətlə çoxalması və bunun nəticəsi olaraq kənd təsərrüfatı, yəni ərzaq məhsullarına olan ehtiyacın artması.
Bu baxımdan ölkəmizdə həyata keçirilən aqrar islahatların da məqsədi ərzağa olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsidir. Bəri başdan qeyd edək ki, həmin islahatlar, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət səviyyəsində olunan güzəştlər nəticəsiz qalmayıb. Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı dəfələrlə artıb, bir çox məhsulun idxalına son qoyulub, üstəlik, ixracda kənd təsərrüfatı və ərzaq məhsullarının çəkisi yüksəlib və s. Bütün bunlar hökuməti tam qane etməsə də, hər halda uğurdur və onların qazanılmasında aqroparkların rolu az olmayıb.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dekabrın 2-də Oğuz və Şəki rayonlarına səfəri zamanı "Şəki-Oğuz" Aqroparkda görülən işlərlə tanış olmuşdur. 11 min hektar sahəsi olan aqropark bağçılıq və əkinçilik üzrə fəaliyyət göstərir. Burada əsasən qoz, badam və zeytun bağları salınır, taxıl bitkiləri əkilir. Layihənin ümumi dəyəri 30 milyon manatdır. Zəruri infrastrukturun yaradılmasına isə 67,8 milyon manat dövlət əsaslı vəsait qoyulmuşdur.
Aqroparkda dünya təcrübəsinin öyrənilməsinə də diqqət yetirilir. Belə ki, 2017-ci ildən başlayaraq "Aqroinkişaf-2017" MMC tərəfindən ölkəmizdə sənaye üsulu ilə qoz istehsalını həyata keçirmək üçün ABŞ-nin fermer təsərrüfatlarının və Avstraliyanın "Webster" şirkətinin təcrübəsi əsas götürülüb. Bu təcrübə hesabına aqroparkda 2 min hektar ərazidə damcı suvarma sistemi qurulub, 3 meteostansiya, fitolaboratoriya, ting istehsalı üçün soyuducu kameralar, mexanizasiya sahələri və anbar tikilib.
Aqropark fəaliyyət göstərdiyi qısa müddətdə müəyyən uğurlar da qazanıb. Cari il ilk dəfə olaraq "AzBadam" şirkətinə 1,2 ton məhsul satılıb və bu, son hədd deyil, müəssisə həmin istiqamətdə fəaliyyətini genişləndirməkdə qərarlıdır. Artıq 4 növ üzrə 160 hektar badam bağı salınıb və ilin sonunda bu rəqəm 300 hektara çatdırılacaq.
Məlumdur ki, indi dünyada aqroparkların yaradılmasına xüsusi diqqət yetirilir. Bu da səbəbsiz deyil. Uzun illər kənd təsərrüfatı rentabelli olmadığı üçün banklar bu sahəyə kredit ayırmağa maraq göstərməyib. Amma bu gün aqrar sektor dünyada gəlirli sahəyə çevrilib. O səbəbdən iri təsərrüfatlar olan aqroparklara kredit verilməsi risksiz sayılır. Üstəlik, aqroparklar sənaye sahəsinə çevrilir. Belə ki, aqroparklar təkcə kənd təsərrüfatı məhsulları yetişdirmir, həmçinin onların emalı və satışı ilə məşğul olur. Belə zəncirvari idarəetmə sistemi rentabelliyi artıran səbəblərdəndir.
Sirr deyil ki, xammalı hazır məhsula çevirən onun istehsalçısından daha çox qazanır. Ona görə də bu gün aqroparklar yetişdirdikləri kənd təsərrüfatı məhsullarını özləri emal edərək son məhsula çevirirlər ki, bu da onlara daha çox gəlir əldə etməyə imkan verir. Digər tərəfdən, aqroparklarda müasir elmin son nailiyyətlərindən istifadə olunduğu üçün məhsuldarlıq yüksək olur. Məsələn, hazırda ölkəmizin taxılçılıq sahəsində fermer təsərrüfatları hər hektardan 30 sentnerdən bir qədər çox məhsul götürürsə, fəaliyyət göstərən iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq 50-60 sentnerdən yuxarıdır.
Ona görə də ölkəmizdə aqroparkları yaradan sahibkarlara güzəştli kreditlər verilir, torpaq sahələri ayrılır. Bu ilin avqust ayında Prezident İlham Əliyev "Ağsu Aqropark"ın fəaliyyəti ilə tanış olarkən bildirmişdir ki, Azərbaycanın 32 rayonunda 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. Aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bunlarla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri həyata keçirilib - investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Onu da qeyd edək ki, Azərbaycanda aqroparklar üçün infrastruktur dövlət vəsaiti hesabına yaradılır.
Aqroparklar məşğulluq səviyyəsinin artmasında da mühüm rol oynayırlar. Bunu fəaliyyət göstərən aqroparklarda çalışan işçilərin sayı da (ümumilikdə 4491 nəfər daimi, 6303 nəfər isə mövsümi işlə təmin olunub, gələcəkdə isə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur) göstərir.
Xatırladaq ki, daha bir aqropark Şərqi Zəngəzurda açılıb. Bu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanda "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını ediblər.
Rüstəm
KAMAL,
Azərbaycan.-2022.- 7 dekabr.- S.10.