İraq XİN-in nümayəndəsi Qarabağda İslam irsinin bərpası ilə bağlı
görülən işlər barədə məlumatlandırılıb
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 30-da İraq Xarici İşlər Nazirliyinin məsul əməkdaşı Əli Əl-Dabbaqla görüşüb.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışılıb.
Şeyxülislam Allahşükür Paşazadə işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri, orada İslam dini irsinin bərpası istiqamətində həyata keçirilən bərpa və tikinti işləri barədə qonağa məlumat verib. QMİ sədri ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də dini-mənəvi, mədəni əlaqələrin daha da dərinləşməsini arzu etdiyini, bunun bəhrəsini verəcəyinə əmin olduğunu bildirib.
İraqlı qonaq Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbriklərini çatdırıb. O, Qafqazın dini liderini ölkəsində görmək istədiklərini bildirib.
Şeyxülislam Allahşükür Paşazadə İraqdakı müqəddəs məkanların Azərbaycan xalqı üçün xüsusi önəm kəsb etdiyini xatırladıb və məmnuniyyətlə müqəddəs torpaqları ziyarət etmək niyyətində olduğunu bildirib. QMİ sədri üzvü olduğu Dünya Müsəlman Ağsaqqallar Şurasının növbəti görüşlərindən birinin İraqda keçirilməsi ehtimalından danışıb.
Söhbət zamanı İslam aləminin nüfuzlu din xadimi Ayətullah əl-Üzma Seyid Əli Sistani xüsusi ehtiramla anılıb, onun Roma Papası Fransisklə görüşü xatırlanıb, dinlər və məzhəblərarası münasibətlərdə müdrik mövqeyi təqdir olunub.
Səmimi görüşdə
Azərbaycan-İraq münasibətlərinin inkişaf
perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi
üzrə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2022.-1 dekabr.- S.5.