Əhəmiyyətsiz kağız parçası

 

Fransanın qərəzli qətnaməsinin heç bir təsir gücü yoxdur

 

Fransa parlamentinin aşağı palatası - Milli Assambleya "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması"nı tələb edən qərəzli və ədalətsiz qətnamə qəbul edib. Qətnamə layihəsinin həmmüəllifləri isə Fransa prezidenti Emmanuel Makronun "Renessans" Partiyasının üzvləri olan deputatlardır.

Bu addım Fransanın Azərbaycana qarşı açıq düşmənçilik mövqeyini bir daha göstərir. Cənubi Qafqaz regionunda təhlükəsizlik üçün əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin indiyədək həllini tapmamasının əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış Fransanın "status-kvo"nu qoruyub saxlamağa çalışmasıdır. Bu ölkənin Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbul etdiyi qətnamə də elə bunun bariz sübutudur.

Bu ədalətsiz dövlətin növbəti qərəzli qətnaməsi ölkımizdə günün mövzusuna çevrilib. Siyasətçilər birmənalı şəkildə qeyd edirlər ki, Fransa parlamentinin aşağı palatasının qəbul etdiyi "sənəd" əhəmiyyətsiz kağız parçasından başqa bir şey deyil.

Qətnamə ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev deyir ki, Fransa parlamentinin aşağı palatasının yekdilliklə qəbul etdiyi bu sənədin qərəzli olduğu açıq-aşkar görünür: "Biz Azərbaycana düşmən mövqe sərgiləyən bu qətnaməni qınayır və rədd edirik. Fransa Senatının qəbul etdiyi bədnam qətnamədən sonra aşağı palatanın da yenidən belə bir qətnamə layihəsini müzakirəyə çıxarması ona dəlalət edir ki, Fransanın siyasi elitası reallıqdan tamamilə kənara çıxıb. Fransa Azərbaycana qarşı düşmən mövqeyini açıq-aşkar ortaya qoyur. Bu qətnamələr dediyimizi bir daha təsdiqləyir. Hesab edirəm ki, bundan sonra Fransa ilə siyasətimizi ciddi şəkildə nəzərdən keçirməliyik"

Deputat bildirir ki, qətnamələrdən sonra Fransa, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən tamamilə kənar tutulmalıdır: "Fransız siyasətçilərinin, Fransa institutlarının Azərbaycanla bağlı bütün layihələrdən kənarlaşdırılması da nəzərdə tutulmalıdır. Xüsusilə də Azərbaycan-Fransa dövlətlərarası münasibətlərdə fransız hakimiyyəti Azərbaycandan üzr istəməyəcəyi və ölkəmizlə bağlı riyakar mövqeyini dəyişməyəcəyi təqdirdə münasibətlərimizin normal məcrada saxlanılması mümkünsüz görünür".

T.Gəncəliyev qeyd edir ki, geopolitik baxımdan Fransa Cənubi Qafqazda çox çətin vəziyyətdədir. Fransa çırpıntılar içərisində Cənubi Qafqazda söz sahibi olmaq istədiyini, belə cılız niyyətini öz parlamentinin bizim üçün heç bir əhəmiyyəti olmayan və hətta kağız parçası belə hesab etmədiyimiz qətnamələri ilə göstərir. Təbii ki, bunun Azərbaycan əleyhinə heç bir effekti olmayacaq. Ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra daha güclü dövlətə çevrilib.

Deputatın fikrincə, Fransa parlamentinin bu qərəzli qərarı eyni zamanda göstərir ki, özlərini liberal-demokratik dəyərlərin carçısı hesab edən fransızlarda fikir müxtəlifliyi anlayışı artıq yoxa çıxıb: "Biz burada siyasi deqredasiya trendinin şahidi oluruq. Bu onu göstərir ki, Fransa elitası tamamilə Azərbaycana qarşı köklənib. Burada erməni məsələsindən yalnız bəhanə kimi istifadə edilərək Azərbaycana qarşı öz çirkin, məkrli siyasətlərini həyata keçirmək məsələləri gündəmə gətirilir".

 T.Gəncəliyev qeyd edir ki, Fransa 44 günlük müharibədən sonra qazandığımız qələbəni, radikal dünya erməni diasporu da daxil olmaqla erməni faşizminin belinin qırıldığını, Ermənistanın silahlı qüvvələrinin məğlubiyyətini hələ də həzm edə bilmir. Fransanın hazırkı reaksiyası bu ölkənin nə qədər ədalətsiz, obyektiv olmayan mövqedə olduğunu göstərir. 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi münaqişənin mövcudluğundan parazit kimi istifadə edən bu ölkə indibaşqa yollar axtarır,  bu dəfə də öz üzünü, simasını artıq başqa cür göstərir. Bu da Ermənistanla münasibətlərin normallaşması prosesinə daxil olduğumuz bir dövrdə belə addımlarla Fransanın onsuz da aşağı düşən nüfuzunun yenidən bərpa edilməsinə olan bütün imkanları məhv edir: "Bu qərəzli qətnamə tamamilə öz ziyanlarına olan utancverici bir sənəd kimi Fransa tarixinə düşəcək".

 

Ülkər XASPOLADOVA

 

Azərbaycan.- 2022.- 2 dekabr.- S.3.