Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

 

Dekabrın 1-də Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jülyen Lan Xarici İşlər Nazirliyinə çağırılıb və noyabrın 30-da bu ölkənin parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalaniftira dolu qətnamə ilə bağlı ona qəti etiraz bildirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi, Milli Assambleyanın bu qətnaməsinin də Fransanın Azərbaycana qarşı növbəti təxribatı olduğu qeyd edilib.

Fransanın ölkəmizə qarşı beynəlxalq hüquqa zidd, qərəzli və birtərəfli mövqeyinin əks olunduğu bu qətnamədə əks olunmuş iddiaların hər biri tutarlı şəkildə cavablandırılıb.

Fransanın bir sıra digər addımları kimi, bu qətnamənin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə zərbə vurmaq cəhdi olduğu diqqətə çatdırılıb.

Qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin verdiyi açıqlamaların həmin qətnamənin də arxasında Fransa hökumətinin dayandığını, bu ölkənin ədalətli və bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Görüşdə qətnamənin Azərbaycan tərəfindən qətiyyətlə rədd olunduğu bildirilib və Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, onun daxili işlərinə müdaxilə olan addım və bəyanatlardan çəkinilməsi bir daha təkidlə tələb edilib.

Müvəqqəti işlər vəkili Jülyen Lan bir müddət əvvəl Senatda qəbul olunmuş qətnamə kimi, Milli Assambleyada da qəbul edilmiş bu qətnamənin Fransa hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini, hökumətin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə danışıqları dəstəklədiyini bildirib. O, Azərbaycan tərəfinin mövqeyini aidiyyəti üzrə çatdıracağını əlavə edib.

 

Azərbaycan.- 2022.- 2 dekabr.- S.1-2.