Fransa, həddini
bil!
Milli Məclis
növbəti dəfə bu ölkəyə yerini göstərdi
Məyusluğa düçar olan
Ermənistan vəziyyətdən çıxmaq
üçün özünə dəstəkçi
axtarır. Ona görə də Fransada fəaliyyət göstərən
lobbiçilik institutlarının hiylələrindən
istifadə edərək ölkəmizə qarşı məqsədli
addımlar atmağa çalışır.
Görünür, rəsmi İrəvan "dostluqda" erməni
xislətli fransızları özünə bir köynək
daha yaxın bilir.
Fransa parlamenti heç bir qanuni və
mənəvi haqqı olmadan, sırf erməni şovinistlərinə
xoş görünmək üçün Azərbaycan əleyhinə
bədnam qətnamələr qəbul edir. Noyabrın 30-da
Fransa parlamentinin aşağı palatasında ölkəmiz əleyhinə
növbəti qərəzli qətnamə layihəsinin
müzakirəyə çıxarılması da bunu bir daha
sübut etdi. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyi isə bu yalan və iftira dolu qətnaməni bir
müddət əvvəl Senatda qəbul edilmiş qətnamə
kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatı
adlandırdı.
Qətnamə müəllifləri
"Azərbaycan və Ermənistan arasında sülh
müqaviləsinin hazırlanması üçün Fransa
hökumətini Aİ və ABŞ ilə birgə fəaliyyət
göstərməyə" çağırıblar. Sənəddə
"Azərbaycan və digər regional aktorların Ermənistanın
müstəqilliyi və ərazi bütövlüyünə
hörmət etməsinin zəruri olduğu"
vurğulanır. Güya cəzasızlığa qarşı
mübarizə üçün Ermənistanın Beynəlxalq
Cinayət Məhkəməsinə müraciət etməsi təklif
olunur.
Fransanın belə saxta ittihamlarla
dolu "cızma-qara"ları Azərbaycanı haqq yolundan
döndərmək iqtidarında deyil, hətta həmin "sənəd"lərin
ölkəmiz üçün heç bir əhəmiyyəti
yoxdur. Görünür, Fransa senatorları
"böyüklük məndə qalsın" deyib
kiçik bacılarının hər cürə
nazını çəkməyə razıdırlar. Ona
görə də bu ölkə öz milli maraqlarını
belə qurban verərək, Avropanın enerji təhlükəsizliyində
vacib aktora çevrilmiş Azərbaycanla dövlətlərarası
münasibətləri pozmağa hazırdır.
Fransanın
qanunvericilik orqanları siyasi avantüra meydanına
çevrilib
Azərbaycan Parlamentinin Fransa Milli
Assambleyasının qəbul etdiyi bədnam qətnaməyə
adekvat cavabı gecikməyib. Parlament həmin qətnamə
layihəsini qəti şəkildə rədd edib və onu
siyasi riyakarlıq nümunəsi adlandırıb. Milli Məclisin
qətnamə ilə bağlı açıqlamasında
bildirilib ki, Fransa Senatının noyabrın 15-də məlum qətnaməni
qəbul etməsinin ardınca bu ölkənin Milli
Assambleyası da Azərbaycana qarşı qərəzli siyasi
aksiya təşkil edib, beynəlxalq hüquq normalarına və
prinsiplərinə açıq hörmətsizlik
nümayiş etdirən, dövlətimizin ərazi
bütövlüyünü və suverenliyini hədəf alan
qərəzli, qeyri-obyektiv və ədalətsiz akt qəbul edib. Qeyd edilib ki, bu qətnamələr
Fransanın qanunvericilik orqanlarının siyasi avantüra
meydanına çevrilməsindən xəbər verir.
"Danılmaz faktdır ki, Azərbaycan
torpaqlarının Ermənistan tərəfindən 30 ilə
yaxın işğalı dövründə münaqişənin
dinc yolla nizama salınması üçün göstərilən
səylərin nəticə verməməsinin əsas səbəbi
təcavüzkar dövlətin öz adı ilə
çağırılmaması, vasitəçilik vəzifəsini
öhdəsinə götürən dövlətlər,
xüsusən Fransa tərəfindən ikili standartlara yol
verilməsi, işğalçı dövlətlə
işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin tələblərinin
yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan
Ermənistan dövlətinə münasibətdə lazımi
qətiyyətin göstərilməməsi, bir sıra hallarda
isə onun açıq-aşkar şirnikləndirilməsi
olub. Təəssüflə qeyd edilməlidir ki, bu gün
Fransanın hakimiyyət orqanlarının, o cümlədən
parlamentin hər iki palatasının təxribatçı
addımları Azərbaycanla Ermənistan arasında sülh
gündəliyinin həyata keçməsinə, münasibətlərin
normallaşmasına zərbə vurur, qonşu dövlətlərə
qarşı ərazi iddiaları üzərində qurulan erməni
şovinist ideologiyasının məqsədlərinə xidmət
edir, revanşist və aqressiv separatçı qüvvələri
həvəsləndirir, regionu yeni təhlükələrə
yönləndirir. Populist siyasi baxışlar əsasında
Fransanın daxili siyasi gündəliyi və müxtəlif
lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz
regionuna daşınması qəbuledilməzdir", - deyə
açıqlamada qeyd edilib.
Həmçinin bildirilib ki, Fransa
parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin
təhrif edilməsi praktikasından əl çəkməli,
Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası
münasibətlərin qurulması üçün
yaranmış tarixi imkanın qarşısını ala bilən
ritorikaya və hərəkətlərə son
qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın
müstəmləkəçilik tarixinə ədalətlə
yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət
verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya
və antisemitizm hallarının qarşısını almaq
üçün üzərinə düşən öhdəliklərini
yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının
problemlərini dinləməsi daha faydalı və səmərəli
olardı.
Görünən odur ki, yalnız
həqiqətlərin yer aldığı bu
açıqlamalar Fransanın heç bir dəyərə
sahib olmayan kağız parçalarından daha obyektivdir. Yəni
Fransa parlamentinin erməni cəmiyyətinə, şəxsən
Ermənistanın baş naziri Nikol Paşinyana növbəti qətnamə
sürprizi onları yalnız müvəqqəti eyforiyada
saxlaya bilər. Milli Məclisin məsələyə
münasibəti, ümumilikdə rəsmi dövlət
mövqeyimiz ermənilərin və fransızların saxta
sevinclərini onların qursağında qoyur. Riyakar Fransa və
təcavüzkar Ermənistan həmişə olduğu kimi,
yenə də başa düşəcəklər ki, haqlı
mövqeyini müdafiə etməkdən çəkinməyən
Azərbaycanı mühakimə etmək, ona qarşı qərəzli
tələblər irəli sürmək əsassızdır və
qəbul olmayacaq duaya "amin" demək vaxt itkisindən
başqa bir şey deyil. Azərbaycan parlamentinin ən sadə
mövqeyi belə Fransa Senatının və Milli
Assambleyasının imzalı-möhürlü sənədlərindən
dəfələrlə çox kəsərlidir.
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-
2022.- 2 dekabr.- S.4.