Bölgə sakinləri dövlət
başçısını böyük sevgi ilə qarşılayırlar
Dövlət başçısının regionlara hər səfəri xalq tərəfindən böyük sevgi, bayram əhvali-ruhiyyəsi ilə qarşılanır. Bölgə sakinləri yaxşı bilirlər ki, Prezident İlham Əliyevin rayonlara səfəri onların sosial-iqtisadi həyatında yeni mərhələnin başlanğıcı, əlavə iş yerlərinin açılması, problemlərinin həlli deməkdir.
Bölgə sakinləri dövlət başçısı ilə birbaşa təmas qurub səmimi söhbətlər edəcəklərini, onları düşündürən məsələlər, ölkəmizdə və dünyada gedən proseslər haqqında birinci şəxsdən məlumat ala biləcəklərinə əmin olduqları üçün belə görüşlərə daha çox maraq göstərirlər. Hər zaman "Azərbaycan bizim ümumi evimizdir, biz bir ailəyik" deyib, vətandaşlarla birbaşa görüşlərə daha çox üstünlük verən Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı görüş iştirakçılarına qayğı göstərib problemləri ilə maraqlanıb. Elə bunun nəticəsidir ki, prezident-xalq tandemi yaranıb.
Dövlət başçısının dekabrın 2-də Oğuz-Qəbələ rayonlarına səfəri də bölgə sakinlərinin yaddaşına unudulmaz tarixi bir gün kimi yazıldı. Səfər zamanı dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edərək istifadəyə verilən yeni müəssisədəki şəraitlə tanış oldu. Ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan uşaq bağçasında 32 otaq var. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb. Bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb. Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış olub. Dövlət başçısı səfər çərçivəsində "Şəki-Oğuz" Aqroparkının torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlərlə də maraqlanıb. Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su-elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
Məlumat üçün bildirək ki, pilləli üsulla tikilən üç kiçik su-elektrik stansiyasında il ərzində 15 milyon kilovat-saatadək elektrik enerjisinin alınması mümkündür. Əhalisi 44 min nəfər olan Oğuz rayonunun enerji tələbatı 5-6 meqavat təşkil edir ki, mövsümi olaraq onun yarı hissəsini məhz bu elektrik stansiyaları qarşılaya biləcək. Ekoloji cəhətdən daha təmiz və qənaətli enerji istehsal edəcək "Oğuz" kiçik su-elektrik stansiyaları silsiləsinin istismara verilməsi regionda yeni iş yerlərinin açılması ilə yanaşı, "yaşıl enerji" nisbətinin bir qədər də yüksəlməsinə səbəb olacaq.
Hər zaman xalqımızın tarixi, milli-mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına önəm verən Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səfər zamanı Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə də tanış olublar.
Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilindəki rəsm qalereyası və qoruğun inzibati binasında aparılan təmir-bərpa işləri yekunlaşıb. Bu abidələrdən XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi istifadə edilib. Dövlət başçısı və ailə üzvləri qoruğun iaşə binasındakı XIX əsrdə inşa edilmiş və hazırda dövlət mühafizəsinə götürülmüş tarixi binada gedən bərpa işləri ilə maraqlanıblar. Ənənəvi Şəki memarlığı üslubunda tikilmiş binadan sovet dövründə xəstəxana kimi istifadə edilib. Nəticədə qədim binanın memarlıq irsi tamamilə pozulub, bir sıra əlavələr edilib. Bu memarlıq abidəsi hazırda tarixi memarlıq üslubunda bərpa və konservasiya edilir, daxili tərtibatı iaşə obyekti və tədbirlərin keçirilməsi üçün uyğunlaşdırılır.
Qoruğun yeni inzibati binası ilə tanışlıq zamanı bildirildi ki, buranın yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb. Binada kommunikasiya xətləri, istilik sistemi qurulub, inzibati heyətin fəaliyyəti üçün bütün şərait, fond və arxiv otaqları yaradılıb.
Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva qoruqdakı şəbəkə emalatxanasında da olublar. Şəbəkə emalatxanasının yerləşdiyi bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Binaya ümumi sahəsi 127 kvadratmetr olan əsas və 30 kvadratmetr olan yardımçı tikililər daxildir. Hazırda bərpa olunan binadan "Şəbəkə evi" emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə "Şəbəkə evi" emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün Şəbəkə Təlim-Tədris Mərkəzi fəaliyyət göstərəcək.
Dövlət başçısı Dövlət Turizm Agentliyi tərəfindən Qala divarları daxilində yerləşən bəzi tarixi binalarda aparılan təmir-bərpa işləri ilə də maraqlanıb. Tarix-Diyarşünaslıq Muzeyində, rəsm qalereyasında da olub, aparılan təmir-bərpa işləri ilə, muzeydə və qalereyada eksponatlarla tanış olub.
Tarix-Memarlıq Qoruğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinin sakinləri ilə söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər.
Söhbət zamanı Şəki rayonunun sakinləri görülən işlərə, diqqətə və qayğıya görə dövlət başçısına və ailə üzvlərinə sevgi və ehtiramlarını nümayiş etdiriblər.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2022.- 7 dekabr.- S.5.