Azərbaycan Varşavada
keçirilən ənənəvi Beynəlxalq Milad Xeyriyyə Bazarında təmsil olunub
Polşa
Respublikasının birinci xanımı Aqata
Kornhauser-Dudanın himayəsi altında "Polşada akkreditə
olunmuş diplomatik missiya rəhbərlərinin
xanımları" cəmiyyətinin (SHOM) təşkilatçılığı
ilə Varşavada növbəti ənənəvi Beynəlxalq
Milad Xeyriyyə Bazarı keçirilib.
AZƏRTAC xəbər verir ki, xeyriyyə bazarında Polşada akkreditə olunmuş əksər diplomatik nümayəndəliklər, ölkədə fəaliyyət göstərən xeyriyyə cəmiyyətləri və fərdi sahibkarlar iştirak ediblər.
Ölkəmiz xeyriyyə bazarına Azərbaycanın Polşadakı səfirliyinin, Azərbaycanın Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət nümayəndəsinin ofisinin və Varşavada fəaliyyət göstərən milli mətbəx təamlarını təqdim edən iaşə obyektlərinin birgə iştirakı ilə təmsil olunub.
Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ spirtli və spirtsiz içkilər, suvenirlər, çay və mürəbbə çeşidləri, əl işləri və digər mallar satışa çıxarılıb. Azərbaycanın stendində "Made in Azerbaijan" brendi və Azərbaycan turizm potensialının təbliği ilə bağlı posterlər quraşdırılıb. Milli mətbəxə aid hissədə qonaqlara milli kulinariya nümunələri - dolma, plov, qutab, kükü, habelə ənənəvi Azərbaycan çayı və paxlava təqdim edilib.
Azərbaycan stendi xeyriyyə bazarı ziyarətçilərinin xüsusi marağına səbəb olub. Açılış mərasimindən sonra Polşa Respublikasının birinci xanımı Aqata Kornhauser-Duda Azərbaycanın guşəsini ziyarət edib və orada nümayiş etdirilən nümunələrlə tanış olub.
Xeyriyyə tədbirinin bədii hissəsində Polşada yaşayan azərbaycanlı rəqqasə Kamilla Əliyevanın ifasında "Sarı gəlin" və "Ağ çiçəyim" Azərbaycan milli rəqsləri təqdim olunub.
Səfir Nərgiz Qurbanova tədbir
zamanı Polşa Xəbər Agentliyinə
(PAP) müsahibə verib.
Azərbaycan.-2022.- 7 dekabr.- S.5.