İranda rejimə qarşı etirazlara yüz minlərlə insan çıxır

 

 

Polis zorakılığı gücləndikcə, əhalinin müqaviməti də artır

 

 

 

Sentyabrın 13-də Tehranda 22 yaşlı Məhsa Əmini geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən fiziki təzyiqlərə məruz qaldığı üçün  xəstəxanaya yatırıldı.

Ağır xəsarətlər nəticəsində Əmini 3 gün sonra xəstəxanada vəfat etdi. Sentyabrın 17-də isə onun Saqqız şəhərində dəfnindən sonra İranda kütləvi etirazlar başladı və  nümayişlər qısa müddətdə bütün ölkəyə yayıldı. Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərlərdə bu gün də kütləvi hal alan aksiyalarda qadınlar üstünlük təşkil edir. Əsas tələb isə vətəndaşlara azadlıq hüququnun verilməsi və məcburi hicab tələbinin ləğv olunmasıdır.

3 aya yaxındır davam edən aksiyalarda 400-dən çox şəxsin öldüyü qeyd olunur, amma dəqiq say barədə məlumat yoxdur. Eyni zamanda etirazlarda iştirak edənlərin saxlanılması ilə bağlı da İran hökuməti tərəfindən dəqiq rəqəmlər, onların kimliyi barədə açıqlama verilmir. İran İnsan Haqları Təşkilatının dekabrın 4-də yaydığı məlumatda sentyabrın 17-dən dekabrın 4-ü axşam saatlarına kimi ölkədə davam edən etiraz nümayişlərində 585-i tələbə olmaqla, 18000-dən çox şəxsin həbs edildiyi bildirilir. Ümumilikdə, ölkə rəsmiləri aksiyalarda ölənlərin və saxlanılanların sayını açıqlamaqdan imtina edirlər.  Ölənlər arasında İran azərbaycanlılarının da olduğu qeyd olunur.

Etirazların ilk mərhələsində əsas məsələ hicab azadlığı olsa da, nümayişçiləri daha çox maraqlandıran rejimin dəyişikliyinə nail olmaqdır.

 

 

 

Əxlaq polisi ləğv edilirmi?

 

 

 

Bütün ölkəni bürüyən nümayişlərin bitmədiyini görən hökumət deyəsən geri çəkilərək müəyyən addım atmaq qərarına gəlib. Belə ki, İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri keçirilən dini konfransda ölkədə islami geyim qaydalarının necə yerinə yetirildiyinə nəzarət edən əxlaq polisinin ləğv ediləcəyini açıqlayıb. "Əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi yoxdurharada açılıbsa, orada da bağlanıb" deyən baş prokuror həmçinin bildirib ki, parlamentdə qadınların hicab taxmasını tələb edən qanuna da baxılacaq.

Bir çox ekspert isə bunların  ölkə rəsmiləri tərəfindən iğtişaşları yatırmaq üçün verilən boş vədlər olduğunu bildirir. Eyni zamanda bir çox iranlı etirazçı qadın da hökumətin əxlaq polisini ləğv etmək qərarına gəlməsi ilə bu nümayişlərin sona çatmayacağını qeyd edib. Onlar deyirlər ki, bu hakimiyyətlə İranın gələcəyi yoxdur. "Biz etirazçıları artıq hicab maraqlandırmır. Son 70 gündür ki, biz etirazlara hicabsız çıxırıq. Əlimizdə olan yeganə şey inqilabdır. Hicab onun başlanğıcı idiindi biz diktatora ölümdən və rejim dəyişikliyindən başqa heç nə istəmirik", - deyə bildirirlər.

ABŞ dövlət katibi Antoni Blinkenİranda əxlaq polisinin ləğvinin müsbət addım ola biləcəyini bildiribbu etirazlara rəhbərlik edən iranlı gənclərin, xüsusilə də qadınların fövqəladə cəsarətini alqışlayıb. Onun sözlərinə görə, əgər rejim məlum etirazlara hansısa formada cavab veribsə, bu, müsbət haldır.

 

 

 

Cənubi Azərbaycandakı soydaşlarımıza dəstək

 

 

 

İranda 40 milyona yaxın azərbaycanlı yaşasa da, bu illər ərzində onların hüquqları tamamilə pozulub. Belə ki, dəfələrlə müxtəlif platformalarda Azərbaycan məktəblərinin açılması məsələsi gündəmə gətirilsə də, indiyədək bu istiqamətdə heç bir addım atılmayıb. Azərbaycan dili ilə bağlı da soydaşlarımızın hüquqları qorunmayıb.

Prezident İlham Əliyev də çıxışında bu məsələyə toxunaraq qeyd etmişdi: "...İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir".

Təbii ki, Cənubi Azərbaycanda soydaşlarımızın ana dili hüququnun pozulması narahatlıq yaradan məsələdir. Elə bu kimi səbəblərdəndir ki, üç aya yaxındır səngimək bilməyən etiraz aksiyaları orada yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquq və azadlıqlarının qorunması məsələsini də aktuallaşdırıb. Etirazlar fonunda Prezident İlham Əliyevin portretlərinin və fikirlərinin yer aldığı plakatlar Güney Azərbaycanın bütün şəhərlərində kütləvi şəkildə nümayiş etdirilib. Plakatlarda "Qarabağ fatehi", "Böyük Azərbaycanın fatehi", "And olsun Azərbaycana!", "Güney Azərbaycan sizinlədir, cənab Prezident!" kimi şüarlar əksini tapıb.

Prezident İlham Əliyev bildirib ki, öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.

 

 

 

Sonu bilinməyən etirazlar

 

 

 

İran hakimiyyəti etiraz aksiyalarına görə ilk günlərdən "xarici qüvvələri" günahlandırsa da, 3 aydır ki, qarşısını ala bilmədiyi nümayişlərin əsas səbəbi vətəndaşların hüquq və azadlıqlarını açıq şəkildə pozan rejimin özüdür.

Uzun illər ərzində haqları tapdanan insanlar artıq molla rejiminə yox deyərək, azadrahat yaşamaq istəyir, qadınların haqsız yerə fiziki təzyiqlərə məruz qalmasını, öldürülməsini rədd edir. Hökumət etirazların qarşısının sərt alınacağını bildirsə də, buna nail olmadı. Dövlət rəsmilərinin əvvəllər çox çəkməyəcəyini düşündüyü kütləvi nümayişlərin nə zaman bitəcəyi isə hələ məlum deyil.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 7 dekabr.- S.8.