Rusiya ilə Azərbaycan arasında hüquqi sahədə əlaqələr yüksək səviyyədədir

 

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında imzalanmış 2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramından irəli gələn müddəaların icrası məqsədilə Rusiya Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində korrupsiya cinayətlərinin qarşısının alınması, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkarlanması, onların olduğu yerin müəyyənləşdirilməsi mövzusunda dəyirmi masanın və qanunsuz aktivlərin xaricə çıxarılmasının qarşının alınması və digər aktual mövzularda mühazirələrin keçirilməsi nəzərdə tutulur.

Noyabrın 30-da Baş prokuror Kamran Əliyev nümayəndə heyəti ilə görüşüb. Rusiyalı qonaqları salamlayan Baş prokuror ölkələrimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla ifadə edərək, Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayıb. Səfər zamanı keçiriləcək tədbirlərin həm praktiki, həm də nəzəri sahədə prokurorluq əməkdaşlarının inkişafına müsbət təsir göstərəcəyini bildirib.

Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlıqlarını ifadə edərək səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd ediblər.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 

Azərbaycan.- 2022.- 2 dekabr.- S.5.