İran təxribatçı hərəkətlərindən əl çəkmir

 

Tehran Qarabağın ərazisini yenidən terror məkanına çevirmək istəyir

 

 

 

Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra regionda yaranmış yeni tarixi reallıq və böyük fürsətlər fonunda qonşu İranın ölkəmizə münasibətdə qeyri-adekvat davranışları yalnız təəssüf doğurur.

Bu günlərdə 14 nəfər İran vətəndaşının Xankəndiyə göndərilməsi və Qarabağda müvəqqəti məskunlaşmış Rusiya sülhməramlılarının mandatlarına zidd olaraq onların Azərbaycan ərazisinə keçidini təmin etməsi də buna bir nümunədir.

Bu şəxslərin Xankəndidəki terrorçu dəstələrlə əlaqəsi, onlara təlimlər keçmək, yeni diversiyalar hazırlamaqda kömək məqsədilə bura göndərildikləri şübhə doğurmur. Bu, Azərbaycanın qələbəsini, ölkəmizin öz dövlət sərhədləri üzərində nəzarəti təmin etməsini hələ də qəbul edə bilməyən İran hakimiyyətinin iradəsi əsasında atılmış pozucu addımdır. Bütün bunlar belə düşünməyə əsas yaradır ki, rəsmi Tehran regionda nüfuzunu itirməkdən narahatlıq keçirərək hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirmək planı üzərində işləyir. İran tərəfi gizli yolla Azərbaycan ərazisinə daxil olmuş bu 14 nəfərin məqsədinə, missiyasına aydınlıq gətirməli, bölgədə belə çirkin oyunlara son qoymalıdır.

İndi Azərbaycan və strateji müttəfiqimiz olan Türkiyə regionda məhz sülhə çalışır. Ölkəmizin ərazi bütövlüyü, dövlət sərhədlərimizin bərpası, Zəngəzur dəhlizinin açılması perspektivi, həm Azərbaycanın, həm də Türkiyənin bununla bağlı ortaya qoyduğu qətiyyətli mövqe qlobal kommunikasiyalar üçün geniş imkanlar formalaşdırıb. Bu fürsətlərdən daha effektiv faydaların əldə edilməsi məqsədilə Azərbaycan bütün region ölkələrinin mövcud imkanlardan birgə istifadə etməsini istəyir. Hər kəsi bu məsələlərdə əməkdaşlığa, müştərək hərəkətə çağırır. Ölkəmizin niyyəti əvvəldən aydındır: Azərbaycan regionda əbədi sülh, təhlükəsizlik, davamlı inkişaf, insanların yüksək rifahı arzusundadır. Bütün bunlar isə region ölkələrinin fürsətləri birgə dəyərləndirməsi, sıx əməkdaşlığı əsasında mümkün ola bilər.

RusiyaUkrayna arasında davam edən müharibə, qlobal kommunikasiyalarda yaranmış problemlər Azərbaycanın təklif etdiyi yeni kommunikasiya layihələrinin önəmini daha da artırır. Əslində, uzun illərdən bəri təcrid vəziyyətində yaşayan, beynəlxalq sanksiyalarla üzləşən İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır. Ona görə ki, bu layihələr heç bir region dövlətinə qarşı deyil, əksinə, hamının xeyrinədir. Ümumiyyətlə, Azərbaycan iştirak etdiyi bütün beynəlxalq layihələrdə, irəli sürdüyü qlobal təşəbbüslərdə ölkəmizin milli maraqları ilə yanaşı, qonşu ölkələrin mövqeyini də nəzərə alır. Qonşuluq münasibətlərinə xələl gətirən, başqalarının maraqlarına toxuna biləcək hər hansı qeyri-korrekt davranışları özünə rəva görmür. Çünki Azərbaycan xalqının, dövlətinin milli maraqlarına daxil ən mühüm məsələlərdən biri də sülh, regional təhlükəsizlikdir ki, bu da qonşularla mehriban münasibətlərdən, mümkün qədər balanslaşdırılmış siyasət kursundan, qarşılıqlı inam və səmimiyyətdən asılıdır.

Azərbaycan dövləti bütün ölkələrlə münasibətlərində, beynəlxalq təşkilatlardakı fəaliyyətində olduğu kimi, qonşularla əlaqələrində də səmimidir, verdiyi sözlərə, ümumi prinsiplərə sadiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tarixi qələbəsi ilə regionda yaratdığı yeni reallıqlardan birgə istifadə fürsətlərinə də belə yanaşır: "Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik".

Dövlət rəhbərimiz hesab edir ki, Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən qarşıdurmanın sona çatmasına hamı məmnun olmalıdır. Bu, regional sabitliyinpotensial əməkdaşlığın təmin olunması deməkdir. Region ölkələrindən biri kimi İranın buna sevinməməsinin, əksinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasından naraharlıq keçirərək bizimlə sərt dildə danışmağa başlamasının geosiyasi səbəbləri aydın deyil.

Rəsmi Tehran Azərbaycan Prezidentinin timsalında Azərbaycan xalqının ifadə etdiyi bu suallara cavab tapmalı, ortaya qoyulan qətiyyətli mövqedən nəticə çıxarmalıdır. "Bizonlardan qorxmadığımızı nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli olduq. Biz onlara deyirik ki, onlardan qorxmuruq. Biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır".

Alimlər yazırlar ki, İranda erməni azlığı orta əsrlərdən mövcuddur. Ölkədə  onlarca kilsə, məktəb və digər erməni müəssisələri vardır. Bir sıra universitetlərdə erməni dili fakültələri fəaliyyət göstərir. Tehrandakı "Ararat" klubu hər zaman bir təxribat mərkəzi olmuşdur. Erməni dilində onlarca mətbuat orqanı yayımlanır.

Bu ölkədəki az sayda erməni üçün məktəblər açan, amma milyonlarla soydaşımızın öz ana dilində təhsil almasına imkan verməyən İran bilməlidir ki, Azərbaycan bu ölkədəki soydaşlarımızın problemlərinə biganə qalmayacaq. Bu, başqa ölkələrin daxili işlərinə qarışmaq deyil, öz xarici siyasət kursu etibarilə Azərbaycan heç zaman başqa ölkələrin daxili işlərinə müdaxilə etməyi özünə rəva görmür. Bununla belə, İranda yaşayan soydaşlarımızın məsələsi, bizimlə eyni etnik mənşəyə, dilə, dəyərlərə sahib cəmiyyətin problemlərini dilə gətirmək, bu problemlərin həllinə çalışmaq başqa bir ölkənin daxili işlərinə qarışmaq deyil. "Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir", - deyə Azərbaycan Prezidenti bildirir. 

Regionda sülh üçün İran ermənipərəst hərəkətlərindən əl çəkməli, fitnə-fəsadları kənara qoymalı, Azərbaycanın bütün qonşularla sülhdostluq münasibətləri qurmaq istəyinə hörmətlə yanaşmalıdır. Eyni zamanda heç vaxt unutmamalıdır ki, Azərbaycan hər zaman öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici aktora burada öz standartlarını tətbiq etməyə imkan verməyəcək.

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 7 dekabr.- S.8.