Qarabağ və Şərqi Zəngəzur "Made in Azerbaijan"a
töhfə verəcək
Azərbaycan şərab istehsalını
genişləndirir
Azərbaycanda şərabçılığın kökü qədim dövrlərə gedib çıxsa da, sovet hakimiyyəti illərində ölkədə
bu sahə daha da inkişaf
etməyə başlamışdı. Bu dövrdə üzüm sahələrini genişləndirməyə
maraqla birgə ölkədə fəaliyyət
göstərən şərab
istehsalı zavodlarının
sənaye növünün
inkişafına da təkan verilmişdi.
Həmin zavodlarda müxtəlif markalı şərablar istehsal olunaraq xarici bazara da
çıxarılırdı. Elə bunun
nəticəsi idi ki, ölkəyə bu sahədən gələn xarici valyuta getdikcə artmaqda idi. Həmin illərdə şərabçılığın
inkişafı məqsədilə
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə
Dövlət Üzümçülük
və Şərabçılıq
Komitəsi də yaradılmışdı. Komitənin fəaliyyəti şərabçılıq
sənayesinin inkişafına
töhfə vermək
məqsədi üzərində
qurulmuşdu.
Müəyyən dövrdən sonra Azərbaycanda
üzümçülük təsərrüfatlarına, bu
sahəyə marağın
azalması şərabçılığa
da təsirsiz ötüşmədi. Lakin şərabçılıq
məhsullarının iqtisadi
əhəmiyyəti nəzərə
alınaraq son illərdə
bu sahənin inkişafına diqqət yenidən artırıldı.
Milli şərab brendlərinin
formalaşdırılması
Azərbaycanda üzümçülük və
şərabçılığın inkişafı istiqamətində
atılan ilk addım bu sənaye sahəsinin qanunvericilik bazasının yaradılması
oldu. Belə ki, 19 oktyabr
2001-ci ildə "Üzümçülük
və şərabçılıq
haqqında" qanun qəbul edildi. Sənəd üzümçülüyün təşkilinin, üzüm
və şərabçılıq
məhsulları istehsalının
və dövriyyəsinin
tənzimlənməsinin, habelə
keyfiyyətinin təmin
edilməsinin hüquqi
əsaslarını müəyyən
etdi. Qanunun məqsədi respublikada
üzümçülüyün və şərabçılığın
inkişafını təmin
etməklə istehlak bazarına beynəlxalq standartların tələblərinə
cavab verən, rəqabət qabiliyyətli
üzüm və şərabçılıq məhsulları
çıxarılmasına təşkilati, iqtisadi və hüquqi zəmin yaratmaq idi.
Bundan əlavə,
ölkədə yeyinti
sənayesi olan şərabçılığın inkişafı istiqamətində
bir sıra tədbirlər də həyata keçirildi. Məsələn, Prezident İlham Əliyevin 2011-ci il 15 dekabr tarixli
sərəncamı ilə
təsdiq edilən
"2012-2020-ci illərdə Azərbaycan Respublikasında
üzümçülüyün inkişafına dair Dövlət Proqramı"
ölkədə üzümün
və onun emal məhsullarının
istehsalını artırmağı,
ölkə əhalisinin
təzə və keyfiyyətli üzümə
tələbatını daha
dolğun ödəməyi,
şərabçılıq və üzüm emalı müəssisələrinin
xammal təminatını
yaxşılaşdırmağı nəzərdə tuturdu. Ölkədə üzüm bağlarının,
bu sahəyə diqqətin artırılması
şərab istehsalının
yüksəlməsinə də
stimul verirdi.
Dövlətin bu istiqamətdə atdığı mühüm
addımlardan biri də Prezidentin sərəncamı ilə
təsdiq edilən
"2018-2025-ci illərdə Azərbaycan Respublikasında
şərabçılığın inkişafına dair Dövlət Proqramı"dır. Proqram ölkədə
şərabçılığın inkişaf etdirilməsi, bu sahənin gəlirliliyinin və ixracat potensialının artırılması məqsədilə
yanaşı, şərabçılığın
yeni inkişaf mərhələsinə keçirilməsini
qarşıda duran əsas hədəf kimi nəzərdə tuturdu.
Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının üzvü
olan Azərbaycan son illərdə bu
sahədə mühüm
addımlar atır. Aqrar-sənaye kompleksinin qədim
sahələrindən olan
şərabçılıqla bağlı beynəlxalq təcrübəni öyrənməklə
milli şərab brendlərinin formalaşdırılması
və onların qlobal arenada təbliği artıq müasir dövrün tələbidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,
Azərbaycanda 2022-ci ilin
yanvar-oktyabr aylarında
697.1 min dekalitr üzüm
şərabı istehsal
edilib. Bu da əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 50 faizdən
çoxdur.
Cari il noyabrın
1-nə olan məlumata
görə, hazır məhsul ehtiyatı 933.2
min dekalitrdir.
Bu dövrdə 3.8 milyon
dollar dəyərində 213 min dekalitr üzüm şərabı ixrac olunub ki, bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz
çoxdur.
Enoturizmin
inkişafı istiqamətində
Son illərdə Azərbycanda
şərabçılığın inkişafı turizm sahəsində də özünü göstərir. Belə ki,
enoturizm şəraba xüsusi marağı olan turistləri şərab istehsalında
seçilən ölkələrə
səyahət etməyə
həvəsləndirir. Son 3-4 ildə müxtəlif
şərab zavodlarına
turların şahidi oluruq. İlk olaraq qeyd edək ki, enoturizm
turistin şərabı
zavodda dadması, istehsal prosesi ilə tanışlığı,
üzüm bağlarına
baş çəkməsi
və şərab festivallarında iştirakı
deməkdir. Onu da bildirək ki, Azərbaycanda ilk Üzüm
və Şərab Festivalı 2019-cu ildə Şamaxı rayonunun Meysəri kəndində keçirilib. Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilən festivalın
məqsədi yerli üzüm və şərab istehsalının
təşviqi, şərab
məhsullarının ixrac
potensialının artırılması
idi.
Festivala Şamaxının evsahibliyi
etməsi isə heç də təsadüfi deyildi. Şamaxı Azərbaycanın üzümçülük
diyarı kimi ad çıxarması ilə
yanaşı, ölkəmizi
də dünyada məşhur üzüm sortları ilə tanıdır. Üzümçülük sahəsində qədim
və zəngin ənənələrə malik
olan Şamaxıda Üzüm və Şərab Festivalının
təşkili də bu sahəyə öz töhfəsini verir.
II Üzüm və Şərab festivalı isə bu il oktyabrın 1-2-də
yenidən Meysəridə
baş tutdu. İki gün ərzində layihənin keçiriləcəyi
məkanda fermerlər
məhsullarını təqdim
edərək, dequstasiya
pavilyonları quruldu.
Pandemiya
şərab ixracına
təsir göstərsə
də, dinamika yüksəlməkdədir
Azərbaycan Şərab İstehsalçıları
və İxracatçıları
Assosiasiyasının sədri
Elçin Mədətov
şərabçılıq sənayesinin vəziyyəti
ilə bağlı suallarımızı cavablandırarkən
qeyd etdi ki,
2019-cu ildən başlayan
pandemiya Azərbaycanda
şərabçılıq sahəsinə də çox zərər vurub.
Onun sözlərinə görə,
2018-ci ildə qəbul
olunan proqram 2025-ci ilə qədər nəzərdə tutulmuşdu:
"Proqram öz axarı ilə gedirdi və yaxşı nəticələr
verirdi. İxrac artaraq dəyəri 7,7 milyona çatmışdı.
Pandemiya nəticəsində ölkədə
şərab istehsalı,
həm də ümumi ixrac 48-50 faiz azaldı. Konyak tipli içkilər isə ümumiyyətlə,
80 faizə qədər
azaldı".
Elçin Mədətov deyir ki, göstəricilər
2021-ci ildə də eyni qalıb, artım olmayıb. Bu ilin əvvəlində də Rusiya-Ukrayna müharibəsi səbəbindən
durğunluq olub.
Buna baxmayaraq, cari ilin may ayından bu sahədə dirçəliş başlayıb
və ilin 9 ayında şərab istehsalı və ixracında 19 faizdən çox artım olub. Konyak ixracında isə
40 faiz artım müşahidə olunub.
Sədr düşünür ki, ilin sonuna kimi
müsbət dinamika qalacaq, hətta rəqəmlər arta da bilər.
Azərbaycan illik 1 milyon dekalitr şərab istehsal edə bilər
Elçin Mədətovun sözlərinə görə, "Made in Azerbaijan" brendi ilə ölkəmizin şərab üzrə əsas ixrac bazarı Rusiyadır. İxrac olunan şərabların təqribən 65-70 faizi Rusiya bazarına gedir. Əvvəl bu göstərici 80 faiz olsa da, indi diversifikasiya olunub. Bir bazardan asılılıq yaxşı hal hesab olunmur. Xammal ixracının isə 100 faizi Rusiya bazarı istiqamətində gedir. Buna baxmayaraq, Azərbaycan şərabı az da olsa, Orta Asiya ölkələri, Polşa, Niderland, Belçikaya da ixrac olunur. İlk yerdə Rusiya, daha sonra Belarus və Ukrayna dayanır. E.Mədətov deyir ki, Rusiya bazarındakı struktur dəyişiklikləri, həmçinin onlara tətbiq olunan embarqo və sanksiyalar Azərbaycandan Rusiyaya məhsulların ixracını artırıb.
Pandemiyadan öncə Çinə ixracatda yaxşı göstəricilər olduğunu deyən E.Mədətov bildirir ki, 1-2 il ərzində ixracın 7 faizi Çin bazarına gedib.
Onun sözlərinə görə, Azərbaycan illik 1 milyon dekalitr, təqribən 14 milyon şüşə şərab istehsal etmək gücündədir. Hazırda istehsal olunan şərabın 4-4,5 milyonu ixrac olunur, 10 milyon şüşə isə daxili bazarda istehlak olunur.
Azərbaycanda şərabçılıq sahəsinə maraq göstərən əsasən Rusiya biznesmenləridir.
Pandemiyaya qədər şərabçılıq sənayesindən ölkəyə 7,7 milyon dollar valyuta daxil olurdu. 2018-ci ildə qəbul olunan proqrama əsasən, bu rəqəm 5 dəfə artırılaraq, 35 milyon dollara çatdırılmalı idi. Təəssüf ki, bu, alınmadı, ixrac dəyəri hətta 4 milyon dollardan aşağı düşdü. 2022-ci ildə isə təqribən 3,8 milyon dollar dəyərində şərab ixrac olunub. Ötən dövrlərə nisbətən artım müşahidə olunur.
E.Mədətov qeyd edir ki, bu templə həmin göstəriciyə 3-4 il ərzində çatmaq mümkündür. Əsas məqsəd pandemiyadan qabaqkı rəqəmləri bərpa etməkdir. Dövlət proqramında nəzərdə tutulan 5 dəfə artım isə əlçatandır, bu, növbəti illərdə mümkün olacaq.
Enoturizmlə bağlı aktiv işlər görülür
Şərab turizmi barədə danışan assosiasiyanın sədri bildirir ki, enoturizm dünyada, eləcə də ölkəmizdə inkişaf edib. Onun sözlərinə görə, Azərbaycanın mətbəxi, iqlimi turizm baxımından çox əlverişlidir. Bu istiqamətdə xarici şirkətlərlə, investorlarla əməkdaşlıq edilir: "Bu sahəyə də pandemiya təsirsiz ötüşməyib. Hazırda Rusiya, Gürcüstan ilə enoturizmin inkişafı istiqamətində aktiv çalışırıq".
İşğaldan azad olunmuş ərazilərdə hələ sovet dövründə şərabçılığın inkişaf etdiyini deyən mütəxəssis qeyd edir ki, həmin dövrdə respublikamızın bu bölgəsində 70 min hektar üzüm bağları olub. İşğal dövründə isə həmin bağlar dağıdılıb, talan edilib, eyni zamanda bədnam qonşular tərəfindən bəzi üzüm sahələri istismar olunub. Orada bir şərab zavodu qalıb ki, hazırda Dövlət Turizm Agentliyi tərəfindən bərpa olunur. Ərazilər minalardan tamamilə təmizləndikdən sonra şərabçılıq sahəsinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında inkişafı digər bölgələrdən daha güclü olmalıdır.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 7 dekabr.- S.9.