Qatil müttəfiqlər
Müdriklərin dediyi kimi, insanlar iki yerə ayrılır: "Tanıdıqca böyüyənlər, tanıdıqca kiçilənlər". Ən pisi də odur ki, özünü böyük görsədib kiçik olasan və kiçik, bədnam hisslərlə yaşayıb, böyüklükdən dəm vurasan. İllərlə Ermənistanla aramızda müharibə getdi. Bunun nəticəsi olaraq Ermənistan əzəli və əbədi torpağımız olan Qarabağı işğal edib xarabazarlığa çevirdi. Bu da hamıya yaxşı məlumdur ki, Ermənistan bizimlə müharibəyə yalnız "öz ağlı" ilə başlamayıb.
Azərbaycanın müstəqilliyini gözü götürməyən, Cənubi Qafqazda ikinci bir qüdrətli türk dövlətinin yaranmasını arzulamayan güclər Ermənistanı bizimlə müharibəyə təhrik ediblər. Ermənistan Cənubi Qafqazda, xüsusilə təbii sərvətləri ilə zəngin, coğrafi mövqeyi olduqca əlverişli məkanda yerləşən Azərbaycanda gözü olan güclərin əlində həmişə oyuncaq bir vasitə olub. Bu morianet "dövlətdən" hərə öz məqsədi üçün ustalıqla istifadə edib. Bu da heç kimə sirr deyil ki, erməniləri qızışdırıb üstümüzə qaldıran, silah-sursatla və maddi cəhətdən təmin edən dövlətlər istədiklərinə nail olduqdan sonra şəraitə uyğun olaraq qiyafələrini dəyişib, problemin həllində "vasitəçi" olmağa çalışıblar. Bu "vasitəçilik"də də yeganə məqsəd Qarabağ problemini geosiyasi müstəviyə çıxarıb Ermənistanın xeyrinə həll etmək olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistanın hərb maşınını darmadağın edib düşmən üzərində tam qələbə çaldıqdan sonra Ermənistanın dostları başladılar özlərinin əsl simalarını göstərməyə. Çünki artıq maskalanmaq mümkün deyildi.
Ermənistanı Azərbaycanla müharibəyə təhrik edənlərin erməni lobbisi qarşısında öhdəlikləri olub. Çünki onlar hakimyyətə erməni lobbisinin maddi dəstəyi ilə gəliblər... Fransa dövlətinin başçısından çox, erməni lobbisinin sözçüsünə çevrilmiş, daha doğrusu, erməni lobbisinin "əsiri" olmuş Emmanul Makron kimi...
Bildiyimiz kimi, keçmiş Minsk qrupunun həmsədrlərindən biri Fransa olub. Əslində, bu dövlətin Ermənistan-Azərbaycan münaqişəsinin böyüməsində müstəsna "xidmətləri" var. Azərbaycanın ərazilərinin işğal olunub tarixi mədəniyyət abidələrimizin dağıdılıb məhv edilməsində, bir milyona yaxın vətəndaşımızın öz yurd-yuvasından didərgin düşməsinin məsuliyyəti ermənilərlə yanaşı, Fransanın da üstündədir.
Fransa 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın əleyhinə BMT-də qətnamə qəbul olunması üçün dəridən-qabıqdan çıxan dövlətdir. Biz bunu gördük və bu davranışı heç də unutmarıq! Onu da gördük ki, Azərbaycanın dostları özlərini "böyük" göstərən dövlətlərin istədiklərini gözlərində qoydular. Necə deyərlər, dostumuzu da gördük, düşmənimizi də. Bundan sonrakı proseslərdə düşmənimizi yaxşı tanıdığımız kimi dostumuzu seçmək də bizim doğal haqqımızdır. Çox təəssüf ki, özünü vasitəçi kimi danışıqlar prosesinə pərçim edən Fransa Prezidenti ədalətdən tamamilə uzaq düşüb. Vasitəçi olmaq üçün bir mənəvi haqq da olmalıdır. Birincisi, Fransa dövləti Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi terrorçuluqda ad çıxaran, Qarabağda soyqrımı törədən Ermənistanı dəstəməklə, dünyada onların vəkili kimi çıxış etməklə özünü danışıqlar prossesindən təcrid etmiş oldu. İkincisi, Fransanın olduqca ləkəli bir keçmişi var.
Fransa ilə Ermənistan ruh əkizləridir. Bildiyimiz kimi, Ermənistan 1992-ci ildə Xocalıda soyqırımı törədib. Bir gecənin, bir neçə saatın içində silahsız, köməksiz, mühasirədə qalmış bir şəhərin sakinlərini məhv edib. Sağ qalanlara amansız işgəncə verib. Öldürdükləri insanların cəsədlərini tanınmaz hala salıblar. Eyni vəhşiliklərin daha çoxunu fransızlar Afrikada törədiblər. Fransızların Afrikada törətdikləri vəhşiliklərlə ermənilərin Xocalıda etdiklərini müqayisə edəndə cinayətləri, vəhşilikləri "eyni məktəbin yetirmələrinin" etdiyinin şahidi oluruq. Fransızlar Əlcəzairdə, Mərakeşdə, Tunisdə, Suriyada, Liviyada küçələri insan qanı ilə suvarmışlar. Təkcə Əlcəzairdə 10 milyondan çox insanı insanlığa sığmayan vəhşiliklə qətlə yetiriblər. Özünü "mələk" qismində göstərmək istəyən Fransa hələ bu gün də mənfur müstəmləkəçilik niyyətlərindən əl çəkməyib.
Bugünədək Karib dənizi sahillərində də müstəmləkələri var. Haiti və Fransa Qvianası, Guadeloupe və Martinique, Şərqi Afrikada isə Cibuti hələ də Fransanın əsarətindədirlər. Öz dinini, dilini zorla, qan tökməklə özündən gücsüzlərə qəbul etdirən, keçmişi qanlı, ləkəli, bu günü şübhəli olan Fransanın vasitəçilik azarına tutulması adamı heyrətləndirir.
Artıq Fransanın əleyhimizə qəbul etdiyi qətnamələr istehsal xarakteri alıb. Dünən yenə Milli Assambleyada əleyhimizə qətnamə layihəsi qəbul ediblər. Özü də "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Fransa hökumətini Aİ və ABŞ-lə birgə fəaliyyət göstərməyə" çağırıblar. Paralel olaraq Fransa hökumətindən "Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədilə Aİ səviyyəsində vahid mövqe nümayiş etdirilməsi üçün səyləri artırmaq" tələb olunur.
Bir deyən gərək, Fransa, otur oturduğun yerdə! Sənin səyin də,
vasitəçiliyin də
bizə lazım deyil. Sən dəfələrlə müsəlman qatili olduğunu sübut etmiş, əliqanlı qatilsən. Sən Ermənistanla qatil
müttəfiqsiniz. Əlləriniz qana bulanıb. Yaxşısı budur ki, müsəlmanlara etdiyiniz vəhşiliklərə görə
üzr istəyib yerinizdə farağat durasınız. Sizin
tez-tez dəyişən
simanızı Azərbaycan
xalqı görür və yaxşı
tanıyır.
Elşən QƏNİYEV
Azərbaycan.- 2022.- 3 dekabr.- S.9.