Hər səfər inkişafa böyük töhfə verir

 

İlham Əliyevin Şəki və Oğuzda açılışlarında və təməlinin qoyulmasında iştirak etdiyi müəssisələr bölgələrdəki yüksəlişin nümunələridir

 

Azərbaycanın yüksəlişinin əsas göstəricilərindən biri regionların davamlı inkişaf yoluna çıxarılmasıdır. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissələrindən biri kimi ötən 19 ildə bütün şəhər və rayonların iqtisadi potensialı hərəkətə gətirilib, əhalinin məşğulluğunun artırılması, sosial-rifahının yüksəldilməsi istiqamətində böyük keyfiyyət dəyişiklikləri baş verib.

 

Bütün məqsədlərə çatılır

 

Ən mühümü odur ki, pandemiyanın hələ tam başa çatmamasına, üstəlik, Azərbaycanın müharibəni yenicə başa vurmasına baxmayaraq, iqtisadiyyatımızda müsbət göstəricilər qeydə alınır. Gələn ilin dövlət büdcəsinin xərclərinin artımla tərtib olunması da iqtisadiyyatdakı və milli gəlirlərdəki müsbət dinamikanın təzahürüdür.

Bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şəki rayonuna və dövlət başçısının Oğuz rayonuna səfərləri də göstərdi ki, regionların inkişafı davamlıdır.  Bu səfərlər zamanı Prezidentin açılışlarında, təməlinin qoyulmasında iştirak etdiyi və tanış olduğu müəssisələr, infrastruktur layihələri bütövlükdə regional yüksəlişdən xəbər verir. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması,  Şəkinin Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsinin fəaliyyətə başlaması, Oğuzda Daşağıl çayı üzərində "Oğuz-1", "Oğuz-2", "Oğuz-3" kiçik su elektrik stansiyalarının tikintisi, Oğuz rayonunda "Şəki-Oğuz" Aqroparkının yaradılması, burada qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlinin qoyulması regionlardakı inkişafın nümünələridir.

Bütün bunlar həm də ondan xəbər verir ki, Prezident İlham Əliyevin regionların inkişafı və quruculuq işləri ilə bağlı qarşıya qoyulan vəzifələr sürətlə icra olunur, bütün məqsədlər həyata vəsiqə alır. İstifadəyə verilən və təməli qoyulan yeni müəssisələr və infrastrukturlar isə həm regionun yüksəlişinə xidmət edəcək, həm də bütövlükdə respublikamızın inkişaf göstəricilərinə töhfə verəcək.

Onu da qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları üzrə qarşıya qoyulmuş vəzifələr bu rayonların hər birində icra olunub. Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərləri və bunun nəticəsi olaraq imzaladığı sərəncamlar isə dövlət proqramlarının icrasını sürətləndirməklə görülən işlərə təkan verib.

 

Heydər Əliyev Fondunun töhfələri

 

Respublikamızda gedən inkişaf proseslərinə Heydər Əliyev Fondu da layiqli töhfələr verməkdədir. O cümlədən regionların yüksəlişində də fond yaxından iştirak edir, dövlət siyasətinə dəstək olaraq mühüm layihələr həyata keçirir.

Şəki rayonunda görülən işlər də göstərdi ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun regionlarda həyata keçirdiyi layihələr davamlı xarakter alıb. Bu layihələr həm tariximizin qorunmasına, həm də sosial rifahın yüksəlməsinə xidmət edir. Fond tərəfindən həyata keçirilən layihələrdən biri də Şəki Xan məscidi kompleksində aparılan bərpa işləridir. Bərpa işləri 2021-ci ilin may ayından etibarən həyata keçirilib. Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.

Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası da inşa edilib.  Dekabrın 2-də Prezident İlham Əliyevin rayona səfəri zamanı istifadəyə verilən bağça ən müasir standartlara uyğun tikilib. Bu bağçanın inşası bir daha göstərir ki, Heydər Əliyev Fondu sosial infrastrukturun inkişafına layiqli və nümunəvi töhfələrini davam etdirir.

Ötən 19 ildə Prezident İlham Əliyev bütün şəhər və rayonlara davamlı şəkildə səfərlər edib. Reallıq odur ki, dövlət başçısının hər səfəri regionların sosial-iqtisadi həyatında dərin iz buraxıb, onların yüksəlişinə, iqtisadi potensialının daha da dirçəldilməsinə təkan verib. Prezident İlham Əliyevin Şəki və Oğuza səfərləri də bu rayonların inkişafının daha da sürətlənməsinə xidmət edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-4 dekabr.- S.1-2.