Fransa beynəlxalq prinsiplərə hörmətsizlik edir

 

Onların çirkin siyasi aksiyalarının Azərbaycana heç bir təsiri yoxdur

 

Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi ilk gündən - xüsusilə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətdə olduğu illərdə dünya dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına və əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm vermişdir. Cənab İlham Əliyev də bu siyasəti böyük uzaqgörənliklə həyata keçirir və beynəlxalq aləmdə ölkəmizin qazandığı uğurlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidenti Fransa dövləti ilə münasibətlərdə də sağlam mövqedə  olmuş və əməkdaşlığın qarşılıqlı, milli mənafelər zəmnində davam etdirilməsinə çalışmışdır.

Çox təəssüf ki, Fransanın hakim dairələri, eləcə də bu ölkənin Prezidenti Emmanuel Makron ölkəmizin rəhbərinin xoş məramlarını düzgün qiymətləndirməmiş, Azərbaycan ərazilərini işğal edən və uzun illər əsarəti altında saxlayan Ermənistanın yanında olduğunu nümayiş etdirmiş, bütün hallarda təcavüzkara dəstək vermişdir.

44 günlük müharibə zamanı Makronun təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iki iclasının çağırılması, Azərbaycanın əleyhinə qətnamələrin qəbul edilməsinə cəhdlərin göstərilməsi Fransanın düşmənçilik mövqeyini ortaya qoysa da, Azərbaycan hadisələrə yenə də soyuqqanlı yanaşmışdır. Ancaq Makronun  Ermənistanı açıq-aşkar müdafiə etdiyini dilə gətirməsi, bəyanatlarında dövlətimizin ünvanına təhqiramiz ifadələr işlətməsi onun mövqeyinə bir daha tam aydınlıq gətirmiş, Azərbaycanı cavab tədbirləri görməyə vadar etmişdir.

Makronun təşəbbüsü və tapşırıqları əsasında Azərbaycana qarşı çirkin siyasi aksiya Fransa Senatı və Milli Assambleyası tərəfindən davam etdirilməkdədir. Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam və qərəzli qətnamə Azərbaycandan əvvəl Fransanın özünün milli maraqlarına ziddir. Bu qətnamə ölkəmizə qarşı düşmənçiliyin sistemli, düşünülmüş şəkildə həyata keçirilməsinin göstəricisidir. Son illərdə erməni lobbisinin əsirinə çevrilən Fransa rəhbərləri və bu ölkənin əksər parlament üzvləri öz çirkin əməlləri ilə dünyaya sübut etdilər ki, onlar öz xalqlarının taleyi barədə deyil, vəzifədə qalmaq, mənfəət əldə etmək barədə daha çox düşünürlər. Bu gözləniləndir. Çünki təcavüzkar təcavüzkarın yanında olmalıdır, qatil, cəllad faşisti - zalımı dəstəkləməlidir.

Fransanın dünyanın bir çox ölkələrinin və xalqlarının başına gətirdiyi müsibətlər, faciələr, soyqırımları tarixən  Ermənistana örnək olub. Fransanı və Ermənistanı birləşdirən, "bacı" edən onların faşist xisləti, təcavüzkarlıq əməlləridir.

Senatın və Milli Assambleyanın qəbul etdiyi qətnamələrə gəldikdə isə bu sənədlər riyakarlığın, siyasi əxlaqsızlığın, beynəlxalq normalara, ilk növbədə Fransa hakimiyyətinə və xalqına hörmətsizliyin ifadəsidir. Çünki bu sənədlərdə guya Ermənistan ərazilərinin işğal edilməsi, Qarabağda yaşayan ermənilərin təhlükə ilə üzləşməsi, tarixi erməni abidələrinin məhv edilməsi barədə əksini tapan faktlar tam əsassızdır. Belə ki, Azərbaycan Ermənistan ərazilərini işğal etməmiş, əksinə, öz torpaqlarını işğaldan təmizləmişdir. Bu, Azərbaycanın haqqıdır, BMT Təhlükəsizlik Şurasının uzun illər yerinə yetirilməyən dörd qətnaməsinin həyata keçirilməsidir. Otuz il düşmən tapdağı altında olan torpaqlarımızın, viran qoyulan şəhər və kəndlərimizin azad edilməsi Azərbaycan xalqının və dövlətinin iradəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasətinin, qətiyyətinin, ordumuzun gücünün, xalq-iqtidar birliyinin və həmrəyliyinin parlaq nəticəsidir. Bu qələbəyə kölgə salmaq, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda mübarizə aparan dövlətə və xalqa qara yaxmaq, əslində, Fransanın düşmənçiliyinin və beynəlxalq normalara etinadsızlığının nümunəsi kimi qiymətləndirilir.   

Azərbaycanda yaşayan ermənilərin həyatı üçün heç bir təhlükə yoxduruzun illər də olmamışdır. Xalqımız yalnız təcavüzkar erməniləri zərərsizləşdirir, onlara qarşı amansızdır. Bu gün ölkəmizdə 30 mindən çox erməni yaşayır və onlar özlərini çox sərbəst hiss edirlər. Qarabağda yaşayan ermənilərin də həyatı üçün heç bir təhlükə yoxdur. Onlar Azərbaycan vətəndaşlarıdır və qanunlarımızı qəbul etməklə rahat və sərbəst yaşamaq imkanlarına malikdirlər. Əks təqdirdə separatçı ermənilər haqqında lazımi ölçü götürülməsi qaçılmazdır.

Ermənilər tarixən Qarabağda yaşamadıqlarına görə, onların bu ərazilərdə tarixi abidələri mövcud ola bilməz. Bəzi abidələr ermənilər tərəfindən saxtalaşdırılmışdır ki, onlar da qədim alban abidələridir. Dövlətimiz tərəfindən bu abidələrin qorunması isə daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın işğal altında olan ərazilərindəki 67 məsciddən  65-ni məhv edən, mədəni abidələri dağıdan ermənilər olubotuz il bu vəhşiliklər davam etdirilib. Çox təəssüflər olsun ki, ATƏT-in Minsk qrupunun üzvü Fransa heç vaxt bunları görməmiş və lazımi münasibət bildirməmişdir. Halbuki o vaxtlar münaqişənin nizamlanmasına məsul olan bir dövlət kimi Fransa bunu görməli və təcavüzkara lazımi təsir göstərməli idi. Ancaq Fransa heç nə etmədi, əksinə, Ermənistana dəstək verdi, bütün hallarda istər işğal, istərsə də müharibə getdiyi 44 gün ərzində Ermənistanın tərəfində olduğunu açıq-aydın nümayiş etdirdi.

Fransanın qanunverici orqanlarında qəbul edilmiş qətnamələr də bu dəstəyin davamıdır. Ancaq bu qətnamələrlə Azərbaycana təsir etmək, onu haqlı mübarizəsindən dayandırmaq, milli maraqlarımızın  ziddinə getməyə məcbur etmək mümkün deyildir.

Siyasi əhəmiyyət daşımayan bu sənədlər yalnız Ermənistanı uçuruma yuvarlamağa, Cənubi Qafqazda sülhə və əmin-amanlığa mane olmağa, müharibəni yenidən qızışdırmağa xidmət edir.   

Azərbaycan Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və ordumuzun mövqeyi bütün dünyaya bəllidir. Bu, Azərbaycanın bütövlüyü və sərhədlərimizin toxunulmazlığıdır. Azərbaycan xalqı tarixi ədaləti bərpa edib, düşmənin başını əzib, haqqını alıb və bundan sonra da mübarizədən geri çəkilməyəcəkdir. Fransa, Ermənistanı müdafiə edən digər dövlətlər bunu yaxşı bilirlər. Odur ki, saxta sənədlər qəbul etməklə özlərini aldatmamalıdırlar.

Onun-bunun əlində oyuncağa çevrilən Ermənistan hakimiyyəti isə quru kağızlara deyil, reallıqlara arxalanmalı, düşdüyü vəziyyətdən nəticə çıxarmalı, erməni xalqını yeni fəlakətlərə sürükləməməlidir. Onlar Azərbaycanın gücünü, qüdrətini gördülər, xalqın birliyinin və əzəmətinin şahidi oldular və təslimçilik aktına qol çəkdilər. Belə olan halda gələcəkləri barədə ciddi düşünməlidirlər.   

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

 

Azərbaycan - 2022.- 4 dekabr.- S.5.