"Dost dosta tən
gərək..."
Yaxud qardaş ola
bilməyən "bacı"ların ortaq
"dəyər"ləri
Tarixdə ilk müstəmləkə imperiyaları Portuqaliya, İspaniya və Hollandiya sayılır. Sonradan İngiltərə və Fransa da onların sırasına qoşulmuşlar. Bəs bu imperiyalar işğal etdikləri əraziləri (ölkə və ya dövlət, yaxud xalq yazmırıq, çünki onlar müstəmləkəçilər üçün yalnız ərazi olub) hansı qanunlarla idarə etmişlər? Təəssüf ki, heç bir qanunla. Çünki qaliblər kimi, güclülər də mühakimə olunmurlar.
Əvəzində hər imperiya işğal etdiyi ərazilərdə əhalini qoyduğu qaydalara baş əyməyə vadar etmişdir. Bu minvalla formalaşan müstəmləkə ərazilər və orada yaşayan xalqlar müxtəlif üsullarla hər imperiyanın özündən, yəni ağalarından aşağı tutulurdu. Məsələn, XIX əsrin ikinci yarısında Fransa və Böyük Britaniya Afrikada fərqli idarə üsulları tətbiq edirdilər. Britaniya yerli əhalini daha çox idarəçiliyə cəlb edir, Fransa isə əksinə, metropol modeli üzərində birbaşa nəzarəti həyata keçirməklə, afrikalılara fransız dilini öyrədir, fransızları Əlcəzairə daşıyırdı. İnsanlar iki yerə - "biz" və "onlar"a bölünmüşdı. Birincilər idarəçilikdə geniş hüquqlara və imtiyazlara malik idilər. İkincilərin isə qul kimi boyunduruqdan savayı heç nələri yox idi.
Bu gün özünü demokrat kimi bəşəriyyətə sırımaq istəyən Fransa Senatının və Prezidentinin timsalında təxminən 130 illik işğal dövründə Əlcəzairdə 10 milyondan artıq insanın qətlə yetirilməsini xatırlamaq istəmir. Lakin fransız müstəmləkəçilərinin faşist mahiyyətini bəşəriyyətin yaddaşından silmək mümkün deyil. Bu elə ağır cinayətdir ki, mütləq onun hesabı verilməli, bədəli ödənilməlidir. Çünki bir əsrdən çox Əlcəzairdə ağalıq edən fransızlar sonralar meydana gələn və gəlməyi ilə bəşəriyyəti fəlakətə sürükləyən faşistlərdən daha qəddar və daha amansız olublar.
Biz əvvəlki əsrlərdəki fransız və alman faşizmi ilə müasir erməni faşizmini müqayisə edərkən kimin daha qəddar və amansız olduğunu müzakirə etməyə cəhd göstərmirik. Buna lüzum da yoxdur. Əsas sual odur ki, faşist ideologiyasına yoluxan bəzi dövlətlər divan tutduqları xalqların qarşısında nəyə görə cinayətlərini etiraf etmirlər? Məsələn, alman xalqı kimi. Elə isə fransızlar və onların kiçik "bacı"ları ermənilər niyə almanlardan nümunə götürmürlər? Əksinə, biz onun şahidiyik ki, cinayətləri cəzasız qalan Fransa da, "məzlum" kimi onun-bunun qoltuğuna sığınan Ermənistan da heç nə olmayıbmış kimi özlərini dünyaya demokratik dəyərlərin daşıyıcısı kimi sırımağa cəhd edirlər. Əslində, təəccüblənməyə ehtiyac yoxdur. Əgər sənin cinayətlərinə göz yumurlarsa, bu, belə də olmalıdır. Nə qədər ki, qatillər və canilər özlərini aydan arı, sudan duru biləcəklər, bu, belə də davam edəcək. 30 illik işğalı arxivə tullayan ermənilər bizi harada gəldi işğalçı elan edəcək, fransız xalqı da onlara züy tutub, qəm tütəyi ilə nalə çəkəcək.
Azərbaycan Prezidenti İlham Əliyev müasir dünya düzənində müxtəlif imperiyaların faşist ideologiyasına qarşı söz və əməllə döyüşən cəsarətli və dərin təfəkkürə malik bir liderdir. Onun erməni faşizmini ordusu ilə birlikdə məhv etməsi, Qafqazda sülhün bayrağını qaldırması misli görünməmiş gərgin əməyin və yenilməz sərkərdə qüdrətinin nəticəsidir. İlham Əliyevin Azərbaycana barmaq silkələməkdən zövq alan Makrona Moskvadan, Səmərqənddən, ya da hər hansı başqa ölkənin paytaxtından yox, məhz Əlcəzairdən cavab verməsi təsadüfi deyildi. Ona işarə idi ki, heç nə unudulmur, heç kimin əməli yaddan çıxmır. Bəşəriyyət "demokratik dəyərlərin müdafiəsi" altında dünyada faşist ideologiyasının yenidən boy verib cücərməsinə imkan verməyəcək.
Kiməsə elə gələ bilər ki, Azərbaycan Prezidenti Əlcəzairdən çox uzaq bir keçmişə səyahət etmiş, tarixi bir neçə yüz il geri vərəqləmişdir. Lakin şahid ifadələri qalır axı... Tək birini xatırladırıq. Fransız yazıçısı Simona de Povuar belə yazır: "1954-cü ildən biz fransızlar soyqırımının ortağı olmuşuq. Sülh yaratmaq bəhanəsi ilə silahlı basqınlar zamanı Əlcəzair əhalisinin bir milyondan çoxunu qətlə yetirdik. Biz bütöv kəndləri sakinləri ilə birlikdə yandırdıq, əhalini qırdıq, hətta doğulmamış uşaqları belə ana bətnindən çıxarıb işgəncə ilə öldürdük. Bütün qəbilələr soyuqdan və aclıqdan əziyyət çəkdi, konsentrasiya düşərgələrində epidemiyalardan öldülər". Ümumiyyətlə, həmin tarixə aid bütün faktlar bir-birindən daha dəhşətli və daha tükürpədicidir. Hər 10 ərəb qadın məhbusdan 9-u zorakılığa məruz qalmışdır. Kütləvi zorlamalar fransız qoşunlarının, xüsusən də kənd yerlərindəki əsgərlərin gündəlik əyləncəsi olmuşdur. Çünki əməliyyat zamanı ələ keçirilən qadınlar qənimət sayılırdı. Yerli əhali 132 illik işğal ərzində yüksək vəzifələr tuta bilmədi və onlar insan yerinə qoyulmadı. Əlcəzairdə Fransadan köçürülən fransızlara "sütun"lar deyirdilər. "Sütun"lar münbit Əlcəzair torpaqlarının 40 faizinin sahibi idilər. Onların maaşları yerli əlcəzairlilərə verilən əməkhaqqından dəfələrlə yüksək idi və s.
Fransada bu gün də ərəblərə üçüncü növ adamlar kimi baxanlar var və görünür, Makron onlardan biridir. Belə olmasaydı, o, saxta ittihamlarla Azərbaycanın üzərinə gəlməzdi, özünü də, Fransanı da hörmətdən salmazdı. Amma nahaq. O üzdən ki, Makronun "həmlə"ləri genetik müstəmləkəçi ambisiyalarından doğan hikkələrdən və bir də qardaş ola bilməyən "bacı"ların ortaq "dəyər"indən başqa heç nə deyil. Onun və Senatının 20 min erməniyə özgə dövlətin ərazisində muxtariyyət almaq eşqinə düşməsinə, gündə Azərbaycana qarşı ittiham və tələblərlə dolu bir sənədin müzakirəyə çıxarılmasına başqa nə ad vermək olar ki?!
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2022.- 4 dekabr.- S.5.