Beynəlxalq Korrupsiyaya Qarşı
Mübarizə Gününə həsr olunmuş
“dəyirmi masa”
Dekabrın 9-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Milli Məclis, Elm və Təhsil Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası, Auditorlar Palatası, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Sosial Tədqiqatlar Mərkəzi, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. Habelə, ötən dövrdə qəbul edilmiş dövlət proqramlarının səmərəli icrası nəticəsində qanunvericilik və institusional mexanizmlərin təkmilləşdirilməsi məsələlərinə də toxunan Baş İdarə rəisi görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib.
Sonra dəyirmi masada çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Kamal Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə və digər çıxışçılar tərəfindən korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə toxunulmaqla bu sahədə təmsil etdikləri qurumların rolu və müsbət təcrübələri barədə təqdimatlar edilib, qeyd olunan mövzu ətrafında bir sıra səmərəli təkliflər səsləndirilib.
Müzakirələr zamanı bu sosial bəlanın bütün mənfi təsirlərini dəf etmək üçün hər bir dövlət orqanı və vətəndaş cəmiyyətinin bundan sonra da sıx əlaqəli formada fəaliyyət göstərməsinin labüdlüyü qeyd edilib.
Sonda Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilmiş 9 dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunan “Korrupsiyaya yox deyək!” adlı respublika rəsm müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının təltifetmə mərasimi keçirilib və onların müəllifi olduqları işlər sərgilənib.
Azərbaycan.- 2022.- 10 dekabr.- S.10.