Bakıda İnsan
Hüquqları Günü qeyd edildi
Dekabrın 9-da Bakıda İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi Guido Ambroso 1948-ci ildə BMT Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulu və dövlətlərin ona əməl etməsi sayəsində milyonlarla insanın hüquqları qorunub saxlanıldığını və daha layiqli dünyanın formalaşdığını bildirib.
Qarşıda duran hədəflərdən bəhs edən G.Ambroso vurğulayıb: “İnsan hüquqlarının universallığını bərpa etməli, gəncləri ilhamlandıran yeni yollar tapmalıyıq. Bəşəriyyətin dəyərləri yaddan çıxarsa, biz daha böyük problemlərlə üzləşə bilərik. Bəyannamə hər hansı bir çətinlik olmadan hər kəsi daha inklüziv dünyaya addımlamağa sövq edir. Çünki o, fərqli fərdləri bir araya gətirərək bütün bəşəriyyət üçün eyniliyi təşviq və təbliğ edir”.
Azərbaycan ombudsmanı Səbinə Əliyeva tədbirdə çıxış edərək deyib ki, bütün insanların bərabərliyini təmin edən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə BMT-yə üzv olan ölkələr üçün mühüm sənəddir. Ümumdünya insan hüquqlarının bəyan etdiyi əsas prinsiplər bir çox konvensiyalarda özünə yer tapıb və dövlətlər üçün icrası mütləq sənəd rolunu alıb. Bu sənəd ilk dəfə olaraq hər bir insanın bərabər hüququnu müəyyən etdi, dövlətlərin insan hüquqları sahəsində mövqeyini dəyişdi.
Onun sözlərinə görə, bəzi dövlətlər tərəfindən insanlara qarşı irqi, milli, dini, cinsi, siyasi, sosial mənsubiyyətə və digər əlamətlərə görə sərgilənən ayrı-seçkilik insan hüquqlarının pozulmasına səbəb olmaqdadır. Dözümsüzlük və ikili standartlardan əziyyət çəkən xalqlardan birinin də Azərbaycan xalqı olduğunu deyən ombudsman bildirib: “Erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icrası 30 ilə yaxın müddətdə yalnız sənəd üzərində qaldı. Ermənistan isə tətbiq edilən ikili standartlardan istifadə edərək Azərbaycana qarşı insan hüquqları cinayətləri törətdi. Bu gün qürur hissi ilə deyirik ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa etdi”.
Ombudsman Azərbaycanda insan hüquqları və azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, bu istiqamətdə hüquqi bazanın daim təkmilləşdirildiyini də diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev Azərbaycanda insan hüquqları sahəsində ilk Dövlət Proqramının məhz xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiqləndiyini qeyd edib.
Tədbirdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsi-75 kampaniyasına dair videotəqdimatlar, BMT-nin Baş katibinin və qurumun İnsan Hüquqları üzrə Ali Komissarının mesajları nümayiş etdirilib. Sonra bir sıra digər təqdimatlar olub.
Sonda insan hüquqları sahəsində ən
yaxşı məqalə və rəsm əsəri müsabiqələrinin
qalibləri mükafatlandırılıb.
Azərbaycan.-
2022.- 10 dekabr.- S.11.