Avazada
qardaşlıq zirvəsi
Azərbaycan,
Türkiyə və Türkmənistanın birgə qlobal layihələri
türk dünyasının gücünü daha da
artıracaq
Getdikcə daha da güclənən, möhkəm bağlar üzərində qurulmuş əlaqələrini genişləndirən, strateji tərəfdaşlıqlarını gündən-günə gücləndirən türkdilli ölkələr yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı gücə qadir olduqlarını dünyaya nümayiş etdirirlər.
Dekabrın 14-də qardaş ölkələrin tarixində daha bir tarixi hadisə baş verdi. Türkmənistanda ilk dəfə olaraq 3 qardaş - Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü keçirildi.
Düzdür, indiyədək Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2008-ci il noyabrın 29-da Türkmənbaşıda, 2014-cü ilin iyunun 6-da isə Bodrumda üçtərəfli görüşləri keçirilib. Lakin bu, sistemli xarakter daşımayıb. Bu il dekabrın 13-də isə hər üç ölkənin xarici işlər nazirlərinin görüşləri keçirilib. Amma dünənki görüş və liderlərin imzaladıqları mühüm sənədlər isə göstərdi ki, əldə edilən razılıqlar yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Ümumiyyətlə, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri hər zaman yüksək səviyyədə olub. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycan-Türkiyə münasibətlərini möhkəm strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 5 il öncə, 2017-ci ildə isə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb.
Türkdili dövlətlərin birliyini hər zaman təqdir edən və bu prosesə öz dəstəyini, töhfəsini verən Prezident İlham Əliyev vurğulayıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk dünyası böyük bir ailədir. Ona görə də bir-birinin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərilməsi vacib şərtlərdəndir.
Azərbaycan-Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1999-cu il iyunun 8-də Türkmənistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001-ci il iyunun 4-də Türkmənistan tərəfi maliyyə problemlərini əsas gətirərək Azərbaycandakı səfirliyinin fəaliyyətinə müvəqqəti xitam verib. 2008-ci ildə səfirlik yenidən öz fəaliyyətini bərpa edib. Son 10 il ərzində isə müxtəlif sahələri əhatə edən əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edib. İndiyədək iki ölkə arasında 80 sənəd imzalanıb.
Bu səfər İlham Əliyevin bu il Türkmənistana sayca ikinci səfəri idi. Dövlət başçısı budəfəki səfər çərçivəsində 3 görüş keçirdi. Türkmənbaşı şəhərində Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla, ölkə Prezidenti Sərdar Berdiməhəmmədovla və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüşlərdə vurğulanıb ki, Birinci Zirvə Görüşü ikitərəfli əlaqələri qardaşlıq münasibətlərini bundan sonra daha da gücləndirəcək. Həmçinin tarixi bağlar üzərində qurulmuş münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət impuls verəcək.
Üç qardaş ölkənin liderləri Xəzərin Türkmənisrana aid olan hissəsində yaradılmış Avaza istirahət və möhtəşəm kurort mərkəzində reallaşan ilk Zirvə görüşündən sonra 5 mühüm sənəd imzaladılar.
Əlbəttə ki, bu sənədlər qardaş ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli sənədlər kimi enerji ehtiyatları tədarükünün şaxələndirilməsinə, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verəcək.
Xatırladaq ki, İlham Əliyevin Türkmənistana dünənki səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdi. Prezidentlərin növbəti - İkinci Zirvə Görüşünün Bakıda keçirilməsi planlaşdırılır.
Əminliklə söyləyə bilərik ki, liderlərin görüşü, imzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq.
İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi kimi, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 15 dekabr.- S.5.