Sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir

 

Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.

AZƏRTAC xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkədə qadın sahibkarlarla əməkdaşlıq edən, işləyən bir çox assosiasiyalar və təşkilatlar olduğunu bildirib. Azərbaycanda sahibkarlığın inkişafından danışan komitə sədri ölkədə qadın sahibkarların sayının artmasının əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin edilməsi dövlətin daim diqqətində olan məsələlərdəndir.

H.Hüseynova ölkə qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırıldığını, kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə bərabər imkanların yaradıldığını, gender bərabərliyinin təmin edildiyini söyləyib. Komitə sədri qəbul edilmiş qanunlarda sahibkarlığın inkişafı ilə bağlı məsələlərin də təsbit olunduğunu da diqqətə çatdırıb.

O, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artmasının, onların kiçikorta sahibkarlıqda geniş təmsilçiliyinin sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılmasının onların idarəetmə, biznes, rəhbər vəzifələrdə daha geniş təmsil edilməsi üçün önəmli olduğunu qeyd edib.

Sonra tədbirdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. O bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir. T.Mirkişili son illərdə qəbul olunmuş bütün dövlət proqramlarında Azərbaycanın iqtisadi inkişafında özəl sektorun rolundan danışıb. Hazırda ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) təxminən 85 faizinin formalaşmasında özəl sektorun iştirak etdiyini deyən komitə sədri, bunu ölkədə sahibkarlığa göstərilən dəstəyin və sahibkarlara yaradılan imkanın bariz nümunəsi kimi dəyərləndirib.

O, ölkə qanunvericiliyində qadın və kişi sahibkarlığına heç bir fərq qoyulmadığını, “Gender bərabərliyi haqqında” qanunun qəbul edildiyini, dövlət proqramlarında qadın sahibkarlığının inkişafı ilə bağlı müddəaların təsbit olunduğunu söyləyib. Son günlərdə “Mikro, kiçikorta sahibkarlıq haqqında” qanunun qəbul edildiyini deyən T.Mirkişili sənəddə bütün növ sahibkarlıq üçün yeni imkanların yaradılması ilə bağlı mühüm məsələlərin əks olunduğunu qeyd edib. O, işğaldan azad olunmuş ərazilərdə işləmək üçün müraciət edən sahibkarlar arasında qadın sahibkarların da olduğunu bildirib.

Komitə sədri son vaxtlarda Sahibkarlığın İnkişafı Fondu tərəfindən bir çox sahibkarlara, o cümlədən qadın sahibkarlara güzəştli kreditlərin ayrıldığını və bunun qadın sahibkarlığının inkişafı baxımından önəmli olduğunu diqqətə çatdırıb. O, qadın sahibkarların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib.

Sonra tədbirdə KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək nəzərə çatdırıb ki, bu gün iqtisadisosial inkişafın səmərəliliyinə nail olmaq, iqtisadi inkişaf və yüksəlişdən bəhrələnmək üçün qadınların mövcud potensial imkanlarından istifadə olunması mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, ölkə Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyət üzrə qadınların iqtisadi imkanlara çıxışının yaxşılaşdırılması, iqtisadi fəallıqlarının artırılması istiqamətində strateji çərçivə müəyyən edilib.

Diqqətə çatdırılıb ki, Milli Məclisin payız sessiyasında qəbul edilmişMikro, kiçikorta sahibkarlığın inkişafı haqqında” qanunda mikro, kiçikorta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri və istiqamətləri müəyyən edilir, eyni zamanda, qadın sahibkarlığının təbliğinə dövlət dəstəyinin göstərilməsi də əks olunur. Qanunun ölkədə sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafının daha da sürətlənməsinə xidmət edəcəyi qeyd edilib.

O.Məmmədov bildirib ki, qadınların özünəməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Ölkə iqtisadiyyatının inkişaf prioritetləri və milli xüsusiyyətləri nəzərə alınmaqla, KOBİA tərəfindən müvafiq tədbirlər həyata keçirilir. O, işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasına qadın sahibkarların da maraq göstərdiyini təqdirəlayiq hesab edib.

Bildirilib ki, regionlarda, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların bilik və bacarıqlarının artırılması, biznes planlarının hazırlanması, onların maliyyə resurslarına çıxışına dəstək verilməsi və bu kimi istiqamətlərdə zəruri tədbirlərin həyata keçirilməsinə KOBİA tərəfindən müvafiq dəstək göstəriləcək.

Orxan Məmmədov qadın sahibkarların fəaliyyətlərini, ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələri yüksək qiymətləndirib və rəhbərlik etdiyi qurumun onları hər zaman dəstəkləyəcəyini bildirib.

Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimov çıxış edərək kiçikorta sahibkarlıq sahəsində görülən işlərlə bağlı bəzi statistik rəqəmləri səsləndirib. O, qadın sahibkarlara dövlət tərəfindən göstərilən dəstəyin əhəmiyyətindən danışıb.

İctimai dinləmədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlardan Sədaqət Vəliyeva, Rüfət Quliyev, Tamam Cəfərova, Sevil Mikayılova, Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, USAİD PSA “Assosiasiyalarda Qadınlar” Komponentinin rəhbəri Şəlalə Kamilova, Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarəedici direktoru Jalə Hacıyeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibinin müavini Xəqan Hümmətzadə, "LOQOS" PsixolojiNitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva çıxış edərək ölkəmizdə sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafı ilə əlaqədar qanunvericilikdə tətbiq olunan qaydalarla bağlı fikirlərini açıqlayıblar, bir sıra qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda qadınların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə geniş şəkildə məşğul olması üçün dövlət tərəfindən göstərilən diqqət və qayğı təqdir edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımların önəmli olduğu bildirilib.

Tədbirdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışlarda qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrə yekun vuran Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ictimai dinləmənin səmərəli keçdiyini bildirib. O, ölkəmizdə həyatın bütün sahələrində qadınlar üçün yaradılan imkanlardan danışıb, o cümlədən qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən layihələrin vacibliyini qeyd edib.

 

Azərbaycan.-2022.- 15 dekabr.- S.5.