Prinsipial mövqeyin təcəssümü

 

 

Laçın-Şuşa yolunda azərbaycanlı eko-fəallar, QHT nümayəndələri və jurnalistlərin iştirakı ilə keçirilən etiraz aksiyasının əsas səbəbi təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsi, mədənlərimizin qanunsuz istismarıdır.

Bu aksiya dinc xarakterlidir, heç bir gərginlik ehtiva etmir. İştirakçılar sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismara etirazlarını bildirir, ekoloji terrorların dayandırılmasını tələb edirlər.

Ermənistan Xarici İşlər Nazirliyi yenə əsassız fikirlər səsləndirərək Azərbaycanı Laçın yolunu bağlamaqda və üçtərəfli Bəyanatı pozmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyindən isə buna cavab olaraq bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Qeyd olunub ki, Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa həmişə hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

 

 

 

Azərbaycan təbii sərvətlərinin talanmasına göz yuma bilməz

 

 

 

Milli Məclisin deputatı Fəzail Ağamalı qeyd edib ki, 10 noyabr Bəyanatının müddəalarına əsasən, Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini ərazilərimizdən çıxarmalı olsa da, bunun əksini edib. Deputat bildirib ki, Azərbaycan dövləti öz ərazilərinin talan edilməsinə, təbii sərvətlərinin istismarına göz yuma bilməz: "Azərbaycana düşmən kəsilən ayrı-ayrı siyasətçilər Laçın yolu vasitəsilə Xankəndiyə ardı-arası kəsilməyən səfərlər edirlər. Həmin yol vasitəsilə silah-sursat daşınır. Bu yaxınlarda İranın 27 nəfər diversantı Xankəndiyə göndərilmiş silahlardan istifadə qaydaları ilə bağlı erməniləri təlimatlandırmağa başlayıb. Belə görünür ki, sülhməramlı kontingent yeraltı sərvətlərimizin vəhşicəsinə talan edilib, onu bazara çıxararaq silah alıb, yenidən həm Ermənistanı, həm də separatçıları silahlandırmaq kimi çirkin missiyanın himayəçisinə çevrilib. Belə olan halda, Azərbaycan dövləti konkret addımlar atmağa məcbur idi. Ona görə də müvafiq qurumların əməkdaşları böyük ekoloji terror törədilmiş ərazimizdə monitorinq keçirmək məqsədilə komandir Volkovla danışıq aparıblar. Razılıq əldə olunmasına baxmayaraq, dekabrın 10-da həmin ərazilərə gedən mütəxəssislərimizin qarşısını kəsiblər. Azərbaycanın suveren ərazilərinə bizim mütəxəssislərimizi buraxmamaq nə deməkdir?! Bu, bizim qırmızı xəttimizi aşır. Deməli, Rusiya sülhməramlıları ölkəmizə qarşı qeyri-səmimi münasibət sərgiləyir".

F.Ağamalı bildirib ki, aksiya iştirakçılarının məqsədi mülki ermənilərə problem yaratmaq deyil: "Onlar sadəcə olaraq ekoloji terrora qarşı mübarizəyə qalxıb, etiraz bildirirlər. Eko-fəallar dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdırlar".

 

 

 

İştirakçıların əzmkarlığı qürurvericidir

 

 

 

Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları və ekoloji təşkilatlarının, eləcə də media nümayəndələrinin Şuşa-Laçın yolunda dinc etiraz aksiyası keçirmələri düzgün qərardır: "Bu, ərazilərimizdəki təbii sərvətlərin qanunsuz daşınmasına qarşı Azərbaycan xalqının prinsipial mövqeyinin nümayişidir. Şaxtalı hava şəraitinin çətinliklərinə baxmayaraq, gecə-gündüz ayaqüstə, yorulmadan etiraz aksiyasını genişləndirən həmvətənlərimizin əzmkarlığı qürurvericidir. Bu, bir daha təsdiq edir ki, Azərbaycan öz suveren ərazilərində hansısa qanunsuz hərəkətlərə yol verilməsi ilə razılaşmır. Bu kimi hallara şərait yaradan sülhməramlıların mövqeyi isə qəbuledilməzdir. Unutmaq olmaz ki, Azərbaycan dövlətinin suverenliyinə qarşı törədilmiş istənilən qanunsuz əməl cavabsız qalmır".

Deputatın sözlərinə görə, ermənilər vətəndaşlarımızın bu dinc aksiyasına müxtəlif don geyindirməyə, hadisələri siyasihumanitar böhran kimi təqdim etməyə çalışırlar. Lakin onların bu cəhdləri əsassızdır. Aksiyanın məqsədi ərazilərimizdə ekoloji tarazlığın bərpa edilməsi, ekoloji terrorun və təbii sərvətlərimizin talanmasının qarşısının alınmasıdır.

"Məlum olduğu kimi, Qarabağ iqtisadi rayonuna daxil olan keçmiş Ağdərə (indiki Tərtər) rayonunun ərazisində yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazi Azərbaycanın ən perspektivli mədən sahələrindəndir. 1990-cı illərə qədər bu bölgədə geoloji-kəşfiyyat və qazıntı işləri birbaşa Azərbaycanın Geoloji Xidmət qurumları tərəfindən həyata keçirilib. Bu yataqlar beynəlxalq müqaviləyə əsasən, Azərbaycan hökuməti tərəfindən Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkətinə uzunmüddətli icarəyə verilib. Ermənistan Qarabağı işğal etdikdən sonra isə bu yataqlar 20 il ərzində vəhşicəsinə talan edilib. Bu soyğunçuluqda Ermənistanın keçmiş prezidentləri R.Koçaryan və S.Sarkisyanın da əli olub. Onlar beynəlxalq cinayətkar erməni şirkəti olan "Vallex Group" korporasiyasını Azərbaycanın ərazilərinə cəlb edərək zəngin sərvətlərimizi talayıblar", - deyə deputat bildirib.

A.Hüseynov deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazi bütövlüyünü təmin etməklə qızıl yataqları üzərində də nəzarəti bərpa edib: "Buna baxmayaraq, erməni cinayətkar şəbəkəsi Ağdərədəki həmin yataqların istismarını yenə davam etdirir. Azərbaycan dövləti isə bu ekoloji terrora haqlı olaraq son qoymaq istəyir. Bu məqsədlə dekabrın 3-dən etibarən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin nümayəndələrindən ibarət hökumət qrupu monitorinq aparmaq üçün əraziyə səfər ediblər. Lakin bir qrup təxribatçı erməni dəstəsi sülhməramlı kontingentə arxalanaraq buna mane olublar. Bütün süni əngəllərə baxmayaraq, Azərbaycan öz ərazisində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlərin qarşısını almaqda qətiyyətlidir. Təsadüfi deyil ki, eko-fəalların dekabrın 12-dən başlanmış aksiyası hələ də davam edir".

Deputat bildirib ki, Azərbaycan faydalı qazıntıların istismarının aparıldığı yataqlarda qanunsuz iqtisadi fəaliyyəti dayandırmaq niyyətindədir: "Həmin məntəqələrdə monitorinq və əmlakın inventarizasiyasını aparmaq, həmçinin ekoloji araşdırma işləri həyata keçirmək istəyirik. Ona görə də bu aksiyaların ərazidə yaşayan sadə ermənilərə heç bir aiddiyyəti yoxdur. Biz Qarabağda yaşayan mülki ermənilərin yaşayışını çətinləşdirən heç bir addım atmır, əksinə, onlara lazımi humanitar dəstək göstərmək, erməniləri cinayətkar Araik-Vardanyan rejimindən xilas etmək niyyətindəyik".

 

Nəzrin QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 15 dekabr.- S.6.