Azərbaycan oyaqdı, sərvətinə
dayaqdı!
"Davam"çılar
Laçın yolunda ekoloji
terrora qarşı aksiyaya
qoşulublar
Dekabrın 12-dən Azərbaycanın faydalı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada başladılan aksiya etirazçıların tələbi yerinə yetirilmədiyinə görə gecə saatlarında da davam edib. Etirazçılar Azərbaycan mütəxəssislərinin Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında monitorinqlər keçirilməsi üçün yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər.
Günlər keçdikcə etirazlara qoşulan ekofəalların, qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəalların sayı artır. Dekabrın 13-də aksiyada iştirak üçün "Davam" Gənclər Hərəkatının üzvləri də Şuşaya üz tutublar. Aksiyalarda iştirak edən fəallar irəli sürdükləri tələblərin hələ də yerinə yetirilmədiyini deyirlər.
Ekologiyaya mənfi təsirlə bağlı sülhməramlıların komandanlığına dəfələrlə müraciət edilib
"Davam" Gənclər Hərəkatının baş katibi Nigar Aslanova qəzetimizə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarının monitorinqinə yaradılan əngəllərə, təxribatlara son qoyulması məqsədilə vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə etiraz aksiyasına qoşulublar.
Onun sözlərinə görə, tələbləri sülhməramlıların nəzarətindəki Azərbaycan ərazilərində qızıl, mis-molibden və digər faydalı yataqların qanunsuz istismarı ilə bağlı azərbaycanlı mütəxəssislər qrupunun monitorinqinə yaradılan əngəllərə, təxribatlara son qoyulmasıdır: "Məlumat üçün qeyd edim ki, sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı baş verir və qarşısının alınması, ekologiyaya mənfi təsirin nəticələrinin aradan qaldırılması məqsədilə onların komandanlığına dəfələrlə müraciət edilib. Lakin qarşı tərəfdən heç bir tədbir görülməyib".
"General Volkov qarşımıza çıxana və suallarımızı cavablandırana qədər aksiya davam edəcək"
Hərəkatın sədr müşaviri Niyaz Əliyev açıqlamasında qeyd edib ki, dekabrın 13-ü səhər saatlarından aksiyaya qoşulublar. O bildirib ki, tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun onların qarşısına çıxması və suallarını cavablandırmasıdır: "General Volkov bizim qarşımıza çıxana və suallarımızı cavablandırana qədər aksiya davam edəcək. Əsas tələbimiz mütəxəssislərimizin Azərbaycanın faydalı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmasıdır".
Niyaz Əliyev deyir ki, faydalı qazıntıların qeyri-qanuni istismarının qarşısı alınmalıdır.
"Qarabağın hər qarışı Azərbaycandır"
"Təbiətin məhvi gələcəyin məhvi deməkdir. Aksiyaya gələcəyimizə, Azərbaycan gəncliyinin haqqı olan təbii sərvətlərimizə sahib çıxmaq üçün toplaşmışıq".
Bu sözləri qəzetimizə açıqlamasında "Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli deyib. O qeyd edib ki, "Davam"çılar olaraq "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Yaşasın Azərbaycan!", "Stop Ecocide!" kimi şüarlar səsləndirir, tələblərini irəli sürürlər. Qarabağın hər qarışı Azərbaycanındır, Azərbaycandır! İmkan vermərik ki, bizim haqqımız olanın qeyri-qanuni istismarına icazə verilsin.
L.İsrəfilli deyib ki, buna görə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan torpaqlarındakı faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qeyri-qanuni istismarının dayandırılmasını, azərbaycanlı mütəxəssislərə öz torpaqlarımızdakı ekoloji problemi araşdırmaq, tədbir görmək üçün zəruri şərait yaradılmasını tələb edirlər: "Qarşı tərəf qanunsuz fəaliyyətinə son verməli və tələblərimizi qəbul etməlidir. Biz - "davam"çılar olaraq bölgədə ekoloji vəziyyətin gərginləşməsindən ciddi narahatıq".
"Gənclər "dəmir yumruq" altında birləşərək vandal düşmənə öz gücünü və qüdrətini nümayiş etdirir"
Hərəkat üzvü Zakir Quliyev qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən gəncliyi 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də "dəmir yumruq" altında birləşərək terrorçu və vandal düşmənə öz gücünü və qüdrətini nümayiş etdirir: "Biz "Davam" gəncləri olaraq aksiyada könüllü şəkildə iştirak edirik. Məqsədimiz Laçın yolunun açılması, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qanunsuz istismar olunan faydalı qazıntı yataqlarında, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında Azərbaycanın nümayəndə heyətinin monitorinq keçirməsinə şərait yaradılmasıdır".
"Bu, dinc aksiyadır, heç bir qanunsuzluq yoxdur"
"Davam"çılardan daha biri Bəhlul Əsədov bildirib ki, haqlı aksiyaya qoşulmaq üçün Şuşa şəhərinə gələnlər etirazçılara dəstək göstərirlər. Onun sözlərinə görə, aksiyanın məqsədi Azərbaycan mədənlərinin qanunsuz şəkildə talanması və istifadə olunmasının dayandırılmasıdır: "Burada olma səbəbimiz Rusiya sülhməramlıları kontingentinin komandanı general Volkovun qarşımıza çıxması və Azərbaycan vətəndaşlarının həmin ərazilərə buraxılmamasının səbəbini bildirməsi, açıqlama verməsidir".
Bəhlul Əsədov deyib ki, A.Volkov Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinq aparmasına icazə verilməməsinin səbəbini izah etməlidir. Məqsədimizə çatana qədər burada olacağıq. Bu, dinc aksiyadır, heç bir qanunsuzluq yoxdur.
Ekoloji terror ciddi narahatlıq yaradır
"Davam" Gənclər Hərəkatının digər üzvü Eldar Süleymanlı deyib ki, Şuşaya Azərbaycanın təbii sərvətlərinə sahib çıxmaq üçün toplaşıblar. O qeyd edir ki, Rusiya sülhməramlarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni talanmasına və ekologiyaya xələl gətirməsinə haqlı olaraq etirazlarını bildirirlər və "Davam"çılar olaraq müxtəlif şüarlar səsləndirirlər: "Tələbimiz Azərbaycan ekspertlərinin sülhməramlıların nəzarət etdiyi ərazilərdə yerləşən yataqlarda monitorinq aparmalarına şərait yaradılmasıdır. Biz ekoloji terrorla bağlı ciddi narahatlığımızı ifadə edirik və tələblərimiz yerinə yetirilənədək aksiyaya davam etmək niyyətindəyik".
Şuşada keçirilən aksiyalara ayın 13-dən qoşulduqlarını deyən Hərəkat üzvü Firəngiz Muradlı bildirib ki, aksiyada Azərbaycanın ərazisində faydalı qazıntı yataqlarının, təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması tələb olunub. O, etirazlarda "Ekoloji terrora son", "Mina terroruna son", həmçinin Azərbaycanın təbii sərvətlərinin qeyri-formal şəkildə istismar olunması əleyhinə şüarlar səsləndiriblər.
Firəngiz Muradlı bildirib ki, hazırda dünyada prioritet olan ekoloji problemlər Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edir. Aksiya tələblər yerinə yetirilənədək davam edəcək.
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 15 dekabr.- S.7.