Xaricdə yaşayan
soydaşlarımızdan dəstək
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı cəmiyyətimizdə haqlı narazılıq yaradır. Buna etiraz əlaməti olaraq ekofəallar, media nümayəndələri və könüllülər Laçın-Şuşa yolunda haqlı tələblərini irəli sürür, dinc aksiya keçirirlər.
Suveren ərazilərimizdə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında həyata keçirilən ekoloji terrorlar isə, əlbəttə ki, xaricdə yaşayan azərbaycanlıları da ciddi narahat edir. Ona görə də ekoloji tarazlığın qorunması məqsədilə təşkil edilmiş bu dinc aksiyaya yalnız ölkə daxilində deyil, xaricdə yaşayan soydaşlarımız da dəstək verir, ölkə ərazisində ekoloji vəziyyətin gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Bununla əlaqədar olaraq xaricdə yaşayan soydaşlarımız bəyanat yayaraq, Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və jurnalistlərin Şuşa-Laçın yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri aksiyanı dəstəklədiklərini bəyan ediblər.
Həmin bəyanatda bildiriblər ki, ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur.
"Biz - xaricdə yaşayan azərbaycanlılar, ana vətənimiz Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatıq. Beynəlxalq səviyyədə narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən - Azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik", - deyə bəyanatda bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub ki, Rusiya sülhməramlıları tərəfindən qanunsuz fəaliyyətə şəraitin yaradılması və sistemli ekoloji terrorun qarşısının alına bilməməsi onların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisidir. Xaricdə yaşayan azərbaycanlılar soydaşlarımızın haqq səsinə qoşularaq tələb edirlər ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji aktivistlərin təhlükəsizlikləri təmin olunmalıdır. Qızılbulaq qızıl, Dəmirli mis-molibden yataqlarına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılmalıdır.
Bəyanatda o da vurğulanıb ki, ölkə xaricində yaşayan azərbaycanlıların tələbləri yerinə yetirilməyənə qədər onlar da həmrəylik nümayiş etdirərək, mütəmadi dəstək aksiyaları keçirəcəklər.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2022.- 15 dekabr.- S.7.