"Yeni əsrin
müqaviləsi"nin ilk neftinə doğru
Prezident İlham Əliyevin iştirakı ilə ACE
platformasının dayaq bloku
dənizə yola salındı
"Azəri Mərkəzi Şərqi" (ACE) "Azəri-Çıraq-Günəşli"nin (AÇG) doqquzuncu platforması olacaq. Bu qurğuların təyinatına və görkəminə görə bir-birinə bənzəyən və hərəsini fərqləndirən cəhətləri var. ACE-nin başlıca özəlliyi onun 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2050-ci ilin əvvəlinə qədər uzadılması barədə imzalanmış müqavilə çərçivəsində inşa edilməsidir. Bu sazişi "Yeni əsrin müqaviləsi" də adlandırırlar.
Platformanın tikintisi başa çatmış dayaq bloku bu qurğunun möhtəşəm olacağından xəbər verir. Bunu ilk dəfə Prezident İlham Əliyev qeyd etdi: "Bəli, həqiqətən də möhtəşəmdir". Dövlət başçısı bu il dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) inşa edilmiş dayaq blokunun dənizə yola salınması mərasimində belə dedi.
Dayaq blokunun çəkisi 16 min ton, hündürlüyü 153 metrdir. Qurğunun tikintisi təhlükəsiz və qrafikə uyğun şəkildə tamamlanıb. "BOS Shelf" şirkətinin inşa etdiyi blok yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə olunmaqla tam şəkildə ölkə daxilində quraşdırılıb. Subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə 2000-dən çox insan cəlb edilib və onların əksəriyyəti Azərbaycan vətəndaşıdır.
Sözügedən mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bu qurğunun vaxtilə Ulu Öndər Heydər Əliyevin səyi ilə tikintisi Azərbaycanda mümkün olan BDÖZ-də araya-ərsəyə gəldiyini vurğuladı. BDÖZ olmasaydı, indiki layihələrimizin hər biri 5-10 il ləngiyə bilərdi. Bu gün isə müəssisədə 6 milyard dollarlıq ACE layihəsinin mühüm bir hissəsi tamamlandı. Yeni, daha bir platformanın dayağı həyata vəsiqə aldı.
ACE platforması Xəzərdə suyun dərinliyinin təxminən 140 metr olduğu ərazidə, "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformalarının arasında yerləşəcək. Yeni qurğu elə adını da yaxın qonşularından alıb. Platforma gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib. İstismar müddəti ərzində buradan 300 milyon barelədək neftin alınması proqnozlaşdırılır.
ACE-nin üst modulları hazırda Bibiheybətdəki tikinti-quraşdırma sahəsində inşa edilməkdədir. "Azəri Mərkəzi Şərqi" layihəsi üçün, həmçinin yeni yataqdaxili sualtı boru kəmərləri çəkiləcək. Bu xətlər platformadan hasil ediləcək neftin və qazın Səngəçal terminalına ötürülməsi üçün "Azəri" yatağındakı mövcud sualtı kəmərlərə qoşulacaq. Layihənin ümumi tikinti işlərinə 2019-cu ildə başlanıb və onların 80 faizi artıq tamamlanıb. Heç bir xəsarətə yol verilmədən 20 milyon saatdan çox iş yerinə yetirilməklə nümunəvi texniki təhlükəsizlik göstəricisi əldə edilib.
Platformanın bir özəlliyi də Səngəçal terminalından, yəni uzaq məsafədən idarə edilməsi olacaq. İdarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib.
AÇG layihəsinin operatoru olan bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyir: "ACE layihəsi AÇG üzrə yenilənmiş müqavilənin əməldə başlandığını əks etdirir. Layihənin ilk böyük hissəsini - ACE platformasının dayaq blokunu təhlükəsiz və qrafikə uyğun tamamlamaqdan məmnunuq. Bu, ACE layihəsindən ilk neftin əldə edilməsinə doğru atılmış mühüm bir addımdır. İndi biz diqqətimizi layihənin digər hissələrinə - üst tikililərə, sualtı tikinti işlərinə və dənizdə quraşdırma fəaliyyətlərinə yönəldəcəyik ki, gələn il layihənin bütöv tamamlanmasına nail olaq və ACE layihəsindən hasilatın başlanması üçün ilk quyunu qazmağa başlayaq. Bu mühüm mərhələnin həyata keçirilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə Azərbaycan Hökumətinə, SOCAR-a və bütün tərəfdaşlarımıza təşəkkür edirik. Həmçinin bu nailiyyətin gerçəkləşməsində zəhməti olan hər kəsə - bp-nin, podratçı və subpodratçı təşkilatların əməkdaşlarına təşəkkür edirəm. Xüsusilə də üçillik tikinti fəaliyyətləri ərzində bp-nin texniki təhlükəsizlik standartlarına tam əməl edərək itirilmiş iş gününə səbəb ola biləcək heç bir hadisəyə yol vermədən 3 milyon saat işi təhlükəsiz yerinə yetirmiş "BOS Shelf" şirkətinə minnətdarlığımı bildirmək istəyirəm".
Deyilənlər Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Tərəfdaşlıq isə geniş məhfumdur. SOCAR-ın Prezidenti Rövşən Nəcəfin tədbirdə qeyd etdiyi kimi: "Tərəfdaşlarla müzakirə etdiyimiz ideya ondan ibarət idi ki, tərəfdaş olmaq sadəcə mənfəət və xərclərin bölüşməsi deyil. Eyni zamanda bilik və yeni texnologiyaların mübadiləsidir. Ona görə biz daha yaxşı nəticə əldə etmək üçün yeni mütəxəssisləri, yeni fikirləri və yenilikləri bir araya gətiririk".
Azərbaycan möhkəm əməkdaşlıq və tərəfdaşlıq platformasını Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradıb. BDÖZ-dəki tədbirdə Qəri Counza iki ay yarım əvvəl təltif edildiyi "Dostluq" ordeninin təqdim olunması da həmin tərəfdaşlığının bir nümunəsi idi.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 15 dekabr.- S.8.