Azərbaycan təbiətinin
xilaskarı
Akademik Həsən Əliyev haqqında çox yazılıb, filmlər çəkilib, monoqrafiyalar çap olunub. Bunlar hamısı bir-birindən gözəl və alimə layiqdir. Akademik Budaq Budaqovun yazdığı "Akademik Həsən Əliyev" kitabı bu yazıların şah əsəridir desək, yanılmarıq. Budaq müəllim fədakar alimin həyat və fəaliyyətini, elmi-pedaqoji yaradıcılığını, dünya alimləri arasında onun mövqeyini çox gözəl qələmə alıb. Xüsusən, bu kitabdan sonra Həsən müəllim haqqında fikir söyləmək, yeni bir söz demək çox çətindir.
1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatını Elmlər Akademiyasının Coğrafiya İnstitutuna verdilər. Yaxın vaxtlaradək 30 il həmin kollektivdə işləmişəm. Bu müddət ərzində Həsən Əliyevi ömrünün sonunadək direktor kimi görmüşəm. Bütün iclaslarda bir fikri həmişə vurğulayırdı: "Coğrafiya sahəsində yetişən gənc alimləri gördükcə daha çox fərəhlənirəm". Bu da səbəbsiz deyildi. Həmişə xatırladırdı ki, əvvəllər SSRİ EA-nın Azərbaycan filialı yaradılarkən milli kadrların olmaması bizi narahat edirdi.
Məşhur geoloq Qubkin Həsən müəllimdən azərbaycanlı milli kadr soruşarkən o, nə qədər iztirab çəkmiş və Azərbaycanda kadrların hazırlanmasının sonralar özünün ümdə borcu bilmişdi. Ona görə də görkəmli alim yaradıcı gənclərə qayğı göstərirdi. İnstitutlar vasitəsilə aspiranturaya və doktoranturaya qəbul məsələlərinə önəm verirdi. 40-dək aspirant və dissertant onun rəhbərliyi ilə namizədlik və 8 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hər dəfə də gənclərin müdafiəsini görəndə sevincinin hədd-hüdudu olmurdu. Həsən müəllimin təşkilatçılıq fəaliyyətində kadr hazırlığı ön sırada dururdu.
Onun elmi yaradıcılığının əsas hissəsini Azərbaycan torpaqlarını öyrənmək və təbiətin mühafizəsi kimi müqəddəs bir istək təşkil edirdi. Elə bu amal da institutda "Torpaq coğrafiyası" və "Təbiəti mühafizə" şöbələrinin açılması ilə nəticələndi. Bu sahədə akademikin rəhbərliyi ilə böyük işlər görüldü, kadrlar hazırlandı. Həsən Əliyevin müxtəlif istiqamətli tədqiqatları əhatə edən əsərləri 800 adda nəşr edildi. O cümlədən 8 cildlik "Azərbaycan florası" elm aləmində hadisə kimi qiymətləndirildi. Bir faktı da qeyd edək ki, respublikada o zaman mövcud olan 14 dövlət qoruğundan 7-si (Hirkan, Qarayazı, İsmayıllı, İlisu, Altıağac, Türyançay və Bəsitçay) bilavasitə Həsən Əliyevin təşəbbüsü və ardıcıl təkidi ilə yaradılmışdır.
Akademik nə iş görürdüsə, onun əsasını xeyirxahlıq təşkil edirdi. Əməkdaşlarının qayğısına qalmaq, sosial şəraitini yaxşılaşdırmaq, onlara mənəvi dayaq durmaq onun həyat qayəsi idi.
Azərbaycan təbiətinin mühafizəsi Həsən Əliyevin gündəlik işinə çevrilmişdi. Bu işin elmi yollarını axtarmaqla yanaşı, məsələnin praktiki həllinə də çalışırdı. Heç yadımdan çıxmaz, çöl ekspedisiyasından qayıdıb Sultanbud meşəsinin vəziyyəti haqqında Həsən müəllimə məruzə edərkən diqqətlə bizə qulaq asdıqdan sonra bəzi ağacları (yerini dəqiq dedi) soruşdu. Biz onların qırıldığını söylədikdə çox əsəbiləşdi. Bərdə və Ağcabədi rayonlarının birinci katiblərini telefonda xeyli məzəmmət etdi.
Azərbaycanda çinarların kəsilməsinə heç cür dözə bilmirdi. Yəqin hamıya məlumdur ki, Cəbrayıl rayonunda çinar ağacından quraşdırılan çayxana da akademiki bərk əsəbiləşdirmiş, nəticədə çinar həmin "əzabdan" xilas edilmişdi.
Bəli, o, təbiəti belə sevirdi. Sonralar akademikin
"Həyəcan təbili"
kitabı da həmin hisslərlə yazıldı və respublikamızın bütün
əhalisinə bir
"həyəcan" siqnalı
verdi.
Görəsən Həsən müəllim
sağ olsaydı, Bakıda və şəhər ətrafında
bu qədər qanunsuz kəsilən ağac və kolların "naləsinə"
dözə bilərdimi? Qətiyyən,
yox…
Son zamanlar Bakıda
və onun ətraf rayonlarında güclü evtikmə
"yarışı" gedir. Bu bir yandan çox
sevindiricidir. İnkişafdır, tərəqqidir, əhalinin
sosial vəziyyətinin
yaxşılaşmasının göstəricisidir. Bakımız gündən-günə inkişafdadır.
Göydələnlərin sayının artması,
şəxsi minik maşınlarının hədsiz
dərəcədə çoxalması
respublika əhalisinin rifah halının yaxşılaşmasından xəbər
verir.
Günün tələbləri baxımından
bunlar hamısı vacibdir, zəruridir. Lakin "hər
şey insanın xoşbəxtliyi, səadəti
üçün" devizi
ilə fəaliyyət
göstərən kompüter
əsrinin adamı ətrafa təbiətin gözü ilə baxmağı da bacarmalıdır. Gündən-günə artan maşınların hisini-tüstüsünü zərərsizləşdirmək
üçün yaşıllıq
zolaqlarının salınması
günün ən aktual məsələsinə
çevrilməli olduğu
halda göydələnlərin
ucaldılması, şəxsi
villaların tikilməsi,
körpülərin salınması
hesabına nə qədər yaşıllıq
gözümüzün qarşısındaca
məhv edildi. İnsan əli ilə təbiətə necə amansızcasına balta çalınır. Burada
Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər
bir daha səslənir: "Bir ağac kəsilsə, elə bil qolum
kəsilir". Təəssüf ki, bu kəlam
bəzən unudulur.
İnstitutun otaqlarında akademikin məsləhəti ilə
çoxlu Çin qızılgülü əkilmişdi
və bunlar da böyüdükcə otaqlardan çıxarılıb
dəhlizlərə düzülmüşdü. Çox gözəl
və cazibədar görünürdü. Günlərin bir günü Elmlər Akademiyasının
keçmiş prezidenti
rəhmətlik Həsən
Abdullayev bizim institutun dəhlizindən keçərkən gözü
həmin güllərin
dibinə atılan siqaret kötüyünə
sataşır və bu, onun xoşuna
gəlmir. Akademiyanın Rəyasət Heyətinin iclası zamanı həmin məsələyə
toxunur. Bu, Həsən müəllimi
bərk əsəbiləşdirir.
Həmişə siqaret əleyhinə
təbliğat aparan, xüsusən gəncləri
bu işdən çəkindirməyə çalışan
Həsən müəllim
bir dəfə institutun dəhlizində bizə yaxınlaşıb
üzünü siqaret
çəkənlərə tutaraq dedi: "Kim gəlib mənə desə ki, siqaret
çəkirdim, indi tərgitmişəm, həmin
adama bir aylıq maaş qədər mükafat yazacağam".
Həsən Əliyevin xeyirxah işlərindən biri də Azərbaycanda coğrafi adların (toponimlərin) milliləşdirilməsi, qorunması idi. Ermənistanın coğrafi adlarımızın dəyişdirməsinə, təhrif etməsinə dözə bilmirdi. Həmin dövrdə Bakı kəndlərinin adlarının eybəcərləşdirilməsi onu daim narahat edirdi. Akademikin söhbətlərindən ruhlanıb "Coğrafi adları qoruyaq" adlı bir məqalə yazdım. Məqalə ilk dəfə "Elm" qəzetində, sonralar isə "Azərbaycan gəncləri" qəzetində dərc olundu. Azərbaycan xəritələrinin sonrakı nəşrlərində həmin tövsiyələr nəzərə alındı.
Onu narahat edən bir məsələni də oxuculara çatdırmaq istəyirəm. Yığıncaqların birində yaşadığım qəsəbənin adını deməli oldum. "Parnik" sözünü eşidəndə Həsən müəllim əsəbiləşdi və dedi ki, bu qədər böyümüsünüz, alim adı almaq istəyirsiniz, amma adi danışıq qaydasını bilmirsiniz. "Parnik"də adam yaşamaz, orada pomidor, xiyar yetişdirərlər. Dedim, Həsən müəllim qəsəbəmizin adı "Zabrat İstişitillik Kombinatı"dır, qısaldaraq "parnik" deyirlər. O, yenə məni məzəmmət edərək "O qəsəbədə məktəb, müəllim, ziyalı və nəhayət, bir düşünən adam yoxdurmu? Bakının qulağının dibindəki böyük bir qəsəbəyə ad qoymaq məsələsini qaldırıb onu həll etmirsiniz", - deyə iradlarını bildirdi.
Xeyli fikirləşdim. Haqlı irad
idi. Akademikin sözündən ruhlanıb "Bakı"
və "Azərbaycan
gəncləri" qəzetlərində
bu məsələ ilə əlaqədar yazılar dərc etdirdim. Lakin müxtəlif idarələrin,
bəzi adamların soyuq münasibəti qəsəbənin adını
dəyişdirməyə imkan
vermədi. Hər
dəfə məni görəndə "Nə
oldu, qəsəbənin
adını dəyişdirə
bildinizmi", - deyə soruşurdu.
Həmin vaxtlarda respublika təlatümlü günlərini
yaşayırdı. Nəinki
qəsəbələrə yeni, münasib adlar vermək mümkün olurdu, hətta dədə-babaların
qoyduğu yurd yerlərinin adı bir yana,
özünü itirirdik.
Həmin
dövrdə səhhəti
ilə əlaqədar
olaraq Həsən müəllimin işdən
çıxması, ona
qarşı münasibətin
dəyişməsi, Əliyevlərə
qarşı haqsız
hücumlar bu məsələnin həllinə
çəpər çəkdi.
Torpağının vurğunu, Azərbaycan təbiətinin
keşikçisi, sadə
və böyük insan, akademik Həsən Əliyevin səhhətinə qırılan
Topxana meşəsinin,
viranəyə çevrilən
doğma yurd yerlərinin bir-birinin ardınca erməni tapdağına çevrilən
şəhər və
kəndlərin, üstəlik
də cavan pöhrələr kimi ömrü baltalanan şəhid vətən övladlarının faciəsi
də öz təsirini göstərdi.
Böyük alim, akademik
Həsən Əliyev
nigaran və narahat halda dünyasını
dəyişdi. Görkəmli elm xadiminin xatirəsi bu gün onu
tanıyanların, onun
böyüklüyü qarşısında
səcdə edənlərin
hamısı üçün
əzizdir.
Uzun müddət
direktoru olduğu Azərbaycan Milli Elmlər Akademiyasının
Coğrafiya İnstitutu
indi onun adını daşıyır. Bu ad kollektivin hər bir üzvünün əbədi ünvanına
çevrilib.
Görkəmli elm xadiminə böyük mükafatlar və fəxri adlar verilmişdir. O, "Lenin", "Oktyabr inqilabı",
"Qırmızı Əmək
Bayrağı", "Qırmızı
ulduz", "I dərəcəli
Vətən müharibəsi",
"Şöhrət" ordenləri
və bir çox medallarla təltif edilmişdir. Azərbaycanın Əməkdar
elm xadimi adına,
Azərbaycan Respublikası
Dövlət mükafatı
laureatına, Vavilov adına medala layiq görülmüşdür.
Sonda demək istəyirəm ki, mərhum akademik Həsən Əliyev bu gün sağ olsaydı, "Həyəcan
təbili"ni bir də çalardı
və hər bir azərbaycanlıya kəsilən bir ağacın sızıltısını
özünün sındırılan
qolu timsalında görməyi, duymağı
tövsiyə edərdi.
Tahir İBRAHİMOV,
Bakı Dövlət Universitetinin
dosenti, coğrafiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.-2022.- 15 dekabr.- S.9.