Cəmiyyətin ciddi
problemlərindən biri də erkən
nikahlardır
...On beş yaşında gəlin köçürüldüyü evdə günü qara olub. Qayınatası, qayınanası "yaşı azdır, öyrənər" deyib, güzəştə getməyiblər. O, qayınatasının, qayınanasının, üç qayınının, həyat yoldaşının qulluğunda durmalı, evin bütün işlərinə əl yetirməliydi. Dolanışıq qayğıları da bir tərəfdən ailədə münasibətləri kəskinləşdirib. Həyat yoldaşı işləmək üçün Bakıya gəlib...
On bir illik ailə həyatı belə keçib. Bu illər ərzində üç uşağı
dünyaya gəlib.
Həyat
yoldaşı qəzaya
düşüb vəfat
edib. Qayınanası, qayınatası onlara baxmaq istəməyiblər.
İyirmi altı yaşında
üç uşaqla ata evinə geri dönməli olub. Valideynlərinə
yük olmamaq, balalarına ev
qurmaq üçün
çox çalışıb.
İstixanada işləyib. Çətin də olsa, qənaət edib, ev
tikmək üçün
pul yığıb. Yenə mane olublar. Onu ev tikməyə
qoymayıblar. Ata-anası da vəfat
etdiyi üçün
tamamilə kimsəsiz
qalıb. Və on dörd,
on iki, on bir yaşlarında üç
övladı ilə sığınacağa pənah
gətirib. Əsəbləri elə pozulub ki, danışmaq belə istəmir. Bəlkə də yaşadığı
ağır günləri,
sıxıntıları yada
saldıqca çəkdiyi
əzab-əziyyətləri yenidən duyur. Məhv edilən isə yalnız onun həyatı deyil. Üç övladı da anaları ilə bərabər problemlər
içərisində çırpınır.
Onları da uşaqlıqlarını, yeniyetməlik
çağlarını rahatlıq
içərisində, xoş
keçirməyə qoymayıblar...
Erkən
nikaha bütün bölgələrimizdə rast
gəlinir
Erkən nikahlar cəmiyyətin ən böyük problemlərindən biridir. Mütəxəssislər diqqətə çatdırırlar
ki, belə hallar ailələrdə münaqişələrə, boşanmalara
və nəticədə
cəmiyyətdə sosial
cəhətdən həssas
qrupların sayının
artmasına səbəb
olur. Erkən nikahların yaratdığı
fəsadlar, ortaya çıxardığı problemlər
göz önündə
olsa da, məsələ həllini
tapmır. Hələ uşaqlıq
dünyasından ayrılmamış
yeniyetmələr nikaha
cəlb olunurlar.
Onların xəyallarını, arzularını daşımağa
çətinlik çəkdikləri
ailə-məişət qayğıları
içərisində boğurlar.
"Təmiz Dünya"
Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, erkən nikahların azalması prosesində məktəb direktorları, müəllimlər,
yerli icra hakimiyyəti, bələdiyyə,
polis, prokurorluq işçiləri
və rayonlardakı qadın birlikləri fəal iştirak etməlidirlər. O, erkən nikahları iqtisadi amillə bağlayanlarla da razılaşmır:
"Deyirlər ki, bəzi ailələr istəmirlər qızları
yük olsun, ona görə ondan tez canlarını
qurtarmağa çalışırlar.
Fikrimcə, hazırkı durumda
bundan daha çox digər amillər rol oynayır".
Mehriban Zeynalova diqqəti sosial şəbəkələrdə
qadınların mənfi
obrazlarının yaradılmasına
da çəkir:
"Sosial şəbəkələrdə
qadın obrazının
ən çox əxlaqla bağlanması,
bu barədə səsləndirilən fikirlər,
yazılan rəylər
qadına qarşı
zorakılığın artmasına
öz təsirini göstərir. Mənim nəzərimə görə, indiki vəziyyətdə qızların
erkən yaşda nikaha cəlb olunmalarında bu məsələlərin də
müəyyən rolu
var. Bəzi valideynlər
düşünürlər ki, hansısa təsirlərin altına düşməmələri üçün
qızlarını tez
ərə verməlidirlər.
Digər
tərəfdən, hər
bir ailənin öz modeli, öz yanaşması var. Doğrudur, bizdə qız uşağına qarşı nifrət hissi yoxdur. Baxın ailələrə,
əgər otuz il qabaq
qız dünyaya gələndə ardınca
xəstəxanaya getmək
istəmirdilərsə, ya
da ondan imtina edirdilərsə, indi belə hallarla qarşılaşmırıq. Lakin indi tamamilə
fərqli bir yanaşma var. Texnologiya çox inkişaf edib. Digər tərəfdən qız uşağı istəməyən
ailələr müəyyən
vasitələrdən istifadə
edirlər...".
Respublikamızın hansı bölgələrində daha
çox erkən nikahlara rast gəlinməsi barədə
fikri M.Zeynalova, ümumiyyətlə, yanlış
yanaşma hesab edir: "Mənim yadıma gəlir ki, 1998-1999-cu illərdə
biz Lənkərana səfər
etdik. Orada araşdırma aparılmışdı.
Belə faktlar aşkarlanmışdı.
Bu gün isə
ölkəmizin cənub
bölgəsində erkən
nikahların çox olması fikri ilə razı deyiləm. Hazırda respublikamızın əksər bölgələrində
belə faktlarla qarşılaşırıq. Hətta erkən nikah hallarının xarakterik olmadığı Gəncə,
Qazax, Tovuz, Zaqatala və Qaxda da bu
problemlə rastlaşırıq.
Halbuki həmin yerlərin qızları olduqca müasir, təhsilə meyilli olurlar".
"Təmiz Dünya"
Qadınlara Yardım İctimai Birliyinin sədri erkən nikahların baş verməsində radikal dini təsirlərin olduğunu nəzərə
çarpdırır. Digər
fikir onunla bağlıdır ki, cəmiyyətin zorkılığa
məruz qalmış
qızların yanında
olmaması bəzi hallarda valideynin bu addımı atmasına gətirib çıxarır: "Bizim
ailələrdə valideynlərin
sözündən çıxmaq
qəbul olunmur. Az hallarda
erkən nikahla bağlı qızlar 102-yə
zəng edir, yaxud sığınacaqlara
müraciət edirlər.
Belə hallarda onlara dərhal kömək göstərilir. Amma uşaqlar,
yeniyetmələr hesab
edirlər ki, valideynin sözünə əməl edilməlidir.
Bəzən yeniyetmə qızlar
kimisə sevir, ona qoşulub qaçırlar. Qızlar bu
addımı özləri
atdıqlarına görə,
şikayətin verilməsinə
etiraz edirlər.
Bəzən valideynləri də
övladları ilə
razılaşmağı doğru
sayırlar. Nəticədə isə müəyyən fəsadlar yaranır.
Sığınacağımızda biri qalırdı. İnsan alverinin
qurbanı olmuşdu.
Danışırdı ki, baxdığım
serialların təsirinə
düşdüm, on altı
yaşında qoşulub
qaçdım. Gördüm ki, nə şam
işığında yemək,
nə də restoranları gəzmək,
səyahətlər etmək
var. Gözlədiyim o gözəlliklər
olmadı. Bir müddət sonra münasibətlərimiz korlandı...
Demək
istədiyim odur ki, belə məsələdə
serialların da təsiri olur. Qızlar elə bilirlər ki, on beş-on altı yaşında ərə gedib xoşbəxt olacaqlar.
Amma sonda məişət problemləri,
ailənin yükü
çiyinlərinə düşür..."
Erkən
nikah da məişət zorakılığının
növlərindən biridir
Mehriban Zeynalova hesab edir ki, erkən
nikahı aradan qaldırmaq mümkündür:
"Məsələn, sovet
hakimiyyəti dövründə
bu problem aradan qaldırılmışdı. Bizim çox
ağıllı, fərqli
düşünən qızlarımız
var. Maraqlı proqramlar,
layihələr həyata
keçirilməlidir. Qızlara təhsilin perspektivlərini
göstərmək, gələcəyə
stimullaşdırmaq lazımdır.
Sovet hakimiyyəti dövründə
qızlar bilirdilər
ki, orta məktəbi bitirib instituta daxil olacaqlar, ya da
zavodda, fabrikdə, kolxozda, sovxozda işləyəcəklər. İndi də kifayət qədər uğurlu iş həyatı olan qızlarımız, qadınlarımız
var. Ancaq bəzən belə müzakirələr
gedir ki, "adamın" olmasa, irəli gedə blməzsən. Təbliğatda belə yanlışlıq
yox, yaxşı nümunələr göstərilməlidir.
Təəssüf ki, öz əməyi, zəhməti, bacarığı
ilə nailiyyətlər
qazanan qızlarımızdan
az danışılır.
Yəni maarifləndirmə, təbliğat
işləri düzgün
aparılmalıdır. Mediada belə qızlarımız
tanıdılmalı, onların
uğur hekayələri
geniş təqdim edilməlidir. Yüksək
bal toplayaraq ali təhsil müəsissələrinə daxil
olan qızlarımız
barədə yazılar
hazırlanmalı, sujetlər
çəkilməlidır. İndi zorakılıq hadisələri barədə
məlumatlar daha çox tirajlanır. Bunun
da mənfi təsirləri göz önündədir".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya şöbəsinin müdiri Elgün Səfərov isə ölkəmizdə erkən nikahların sayının artmadığını, əksinə, azalmaqda olduğunu bildirir. Belə ki, rəsmi məlumatlara görə, 2011-ci ildə 5 min 138 qız 18 yaşına çatmamış ərə verilib. 2017-ci ildə həmin göstərici 317-yə düşüb. 2012-ci ildən bu günədək erkən nikahların sayı on dəfə aşağı düşüb: "Statistika Komitəsinin məlumatında erkən nikahların azaldığı qeyd edilir. Eyni zamanda Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, bununla bağlı cinayətlərin də sayının azaldığını müşahidə edirik. Yalnız 6 erkən nikaha məcburetmə faktı müəyyənləşdirilib. Bu da qonşu ölkələrlə müqayisədə ən aşağı göstəricidir. Həm nikah yaşının dəyişməsi, həm Ailə Məcəlləsi, həm də Cinayət Məcəlləsində xüsusi məsuliyyət növünün müəyyənləşdirilməsi erkən nikahların sayının azalmasına təsir edib".
Elgün Səfərov da erkən nikahlarla bağlı problemdə müəyyən bölgələrimizin xüsusi vurğulanmasını məqbul hesab etmir: "Erkən nikahlar Bakı şəhərində və həmçinin rayonlarda qeydə alınır. Əslində, erkən nikah da məişət zorakılığının növlərindən biridir. Erkən nikah olan ailələrdə digər problemlərlə də qarşılaşırıq. Ailələri tərəfindən uşaqlara, yeniyetmələrə təzyiqlər, eləcə də psixoloji təsirlər olur. Təhsildə məhdudlaşdırma faktları müəyyən edilir. Ümumiyyətlə, ailə strategiyasının gücləndirilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması vacib məsələlərdən biridir".
Dövlət problemin həlli istiqamətində sistemli işlər görür
Hər gün dünyanın müxtəlif yerlərində minlərlə erkən evlənmə baş verir. Hər il dünyada təxminən 15 milyona yaxın qız 18 yaşa çatmadan ailə həyatı qurmağa məcbur edilir. Dünya üzrə aktual olan bu problemin həlli istiqamətində ölkəmizdə müəyyən işlər görülüb. 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam və "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti 2020-ci ildə "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nı təsdiq edib.
Azərbaycanda nikaha daxilolma yaşı 18-dir. Bu, Ailə
Məcəlləsinin 10.1-ci maddəsi ilə də təsbit edilib. Avropa İnsan Hüquqları Konvensiyasının
12-ci maddəsində isə
qeyd olunub: "Nikah yaşına çatmış kişilər
və qadınlar bu hüququn həyata keçirilməsini
tənzimləyən milli
qanunvericiliyə müvafiq
olaraq, nikaha daxil olmaq və
ailə qurmaq hüququna malikdirlər".
Qeyd edək
ki, yetkinlik yaşına çatmayan qızlar rəsmi nikahdan kənarda qalırlar, yalnız dini kəbinlə ailə qururlar. Bu baxımdan din xadimlərinin
də problemə həssas yanaşmaları
vacibdir.
Elgün
Səfərov Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
Bakı şəhərində,
Şəki, Cəlilabad,
İmişli və digər rayonlarda monitorinq aparıldığını
qeyd edir.
Bir sözlə,
dövlət problemin həlli üçün kompleks tədbirlər həyata keçirir.
Zöhrə FƏRƏCOVA,
Azərbaycan.-2022.- 15 dekabr.- S.10.