Rus əsgəri
sülh məramlı
yox, erməni məramlıdır
Elməddin MURADLI: "Yorulmadan, tükənmədən
aksiyamızı davam etdirəcəyik"
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların və QHT təmsilçilərinin dekabrın 12-si səhər saatlarından başlayan aksiyası dünən də davam etmişdir.
Etirazçılar Şuşa-Laçın yolunu bağlayaraq haqlı tələblərini irəli sürmüşlər. Aksiyanın səbəbi qeyri-qanuni istismar olunan faydalı yataqlarda Azərbaycanın aidiyyəti qurumlarının mütəxəssislərindən ibarət qrupun ekoloji fəsadların və dəymiş ziyanın müəyyənləşdirilməsi üçün monitorinq aparmasının qarşısının rusiyalı sülhməramlılar tərəfindən alınmasıdır. Əldə olunmuş razılığa əsasən, dekabrın 10-da faydalı qazıntıların qanunsuz istismar olunduğu "Qızılbulaq" və "Dəmirli" yataqlarına Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, erməni separatçıları tərəfindən buna maneçilik törədilib. Rusiya sülhməramlı kontingenti isə bu istiqamətdə heç bir tədbir görməyərək onlar da monitorinqin keçirilməsinə mane olurlar. Bununla da Rusiya sülhməramlı kontingentinin məramının başqa niyyətli olduğunun, qanunsuz fəaliyyətinin şahidi oluruq.
Erməni separatçıları sülhməramlıların himayəsi altında təbii sərvətlərimizi talayırlar
Şuşada aksiyada iştirak edən Jurnalistika və İnkişaf İctimai Birliyinin sədri Elməddin Muradlı qəzetimizə açıqlamasında deyib ki, dekabrın 12-si səhər saat 10 radələrindən Rusiya sülhməramlılarının postunu keçib Laçın dəhlizinə daxil olaraq yolu hər iki istiqamətdən avtomobillər vasitəsilə və çadırlar quraraq bağlayıblar. O qeyd edir ki, bu, sivil aksiyadır və dünyaya ekologiya ilə bağlı bir çağırışdır: "Bugün bütün dünya ekoloji problemlərlə mübarizə aparır, biz də bu sahədə öz sözümüzü deyirik, çünki erməni separatçıları Rusiya sülhməramlılarının himayəsi altında təbii sərvətlərimizi talamaqla məşğuldurlar. Mədənlərimiz amansızcasına istismar olunur, digər tərəfdən oradan atılan tullantılar flora və faunaya ziyan vurur. Beləcə, ətraf mühitin çirklənməsi baş verir".
Elməddin Muradlı deyir ki, ermənilər təbii sərvətlərimizin qanunsuz istismarı sayəsində milyonlarla dollar pul qazanırlar. Bu da onların separatçı əməllərinin daha da genişlənməsinə gətirib çıxarır. Həmin mədənləri istismar edən şirkətlərdən biri 2019-cu ildə - təkcə bir il ərzində Xankəndidəki separatçılara 19 milyon dollar vergi ödəyib. Separatçıların bu gün ayaqda qalması üçün xərclənən pulların 70 faizi həmin mədənlərdən gəlir. Onlar başa düşürlər ki, bu mədənlər əldən çıxsa, müflis olacaqlar.
Onun sözlərinə görə, ermənilər bunu Rusiya sülhməramlılarına izah edirlər, onlar da məramlarını kənara qoyaraq ermənilərin "məram"larının müdafiəsi ilə məşğul olurlar: "Dekabrın 12-də Laçına daxil olub Xankəndi yolunu bağlayanda sülhməramlılar bizə qarşı çox kobud münasibət göstərdilər. Hazırda aksiya davam edir. Yolu hər iki tərəfdən bağlamışıq. Onlar da bizim qarşımızda canlı sipər çəkiblər. Çox sevinirəm ki, burada tarixi hadisələr baş verir, mən də bu tarixin bir iştirakçısıyam".
"Ekoloji terrora, vandalizmə son qoyulmalıdır"
2021-ci ildə Zəngilanda Prezident İlham Əliyevlə görüşən QHT sədri qeyd edir ki, dövlət başçısını diqqətlə dinləyib. Dövlət başçısı qeyd edib ki, bundan sonra ancaq və ancaq irəli gedəcəyik, Azərbaycan daha da güclənəcək, qüdrətlənəcək. Yerdə qalan problemlərimiz də həllini tapacaq. Bu gün o problemlərdən biri həll olunmaq üzrədir: "Biz təkidlə aksiyanı davam etdiririk. Cənab Prezidentin siyasətinə dəstək olaraq öz haqlarımızı sivil şəkildə tələb edirik. Bu gün dünyada elə proseslər var ki, silahla, müharibə ilə, qanla deyil, sözlə, hərəkətlə həll edilir. Biz də burada sözümüzü deyirik".
O dedi ki, aksiya iştirakçılarının təhlükəsizliyi Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən ən yüksək səviyyədə qorunur. Vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də jurnalistlər, sıravi vətəndaşların sosial şəbəkələrdə dəstək nümayişindən qürurlandıqlarını deyən E.Muradlı bildirir ki, bu, onlara güc verir və yorulmadan, tükənmədən aksiyanı davam etdirirlər: "Bizə yeni qoşulanlar da var. Dekabrın 12-si axşam saatlarında sayımız 500 nəfərə çatıb və etirazçıların sayı hələ artmaqdadır. Şuşada işləyənlər də işdən sonra bizə qoşulurlar. Bu xalq heç vaxt əyilməyəcək və qarşısına qoyduğu məqsədlərinə nail olacaq. Ekoloji terrora, vandalizmə son qoyulmalıdır. Rusiya sülhməramlılarının himayəsi altında olan ermənilər bizim torpaqları istismar etməməlidir. Tələblərimiz ekoloqlarımızın sülhməramlıların müşahidəsi altında həmin ərazilərə gedərək monitorinqlər aparmasıdır. Həmin yataqlar daim Azərbaycanın nəzarətində olmalıdır. Ermənilər bununla artıq barışmalıdırlar".
Düşmənin hiyləyə əl ataraq aksiyaya başqa don geydirməyə çalışmasından danışan ictimai fəal deyir ki, onlar etirazçıların xüsusi təyinatlı, əsgər olduğunu və üzərlərində silah daşıdığını deyirlər: "Amma üzərimizdə telefondan başqa heç nə yoxdur. Biz bura silahsız gəlmişik, sülhməramlılar isə qarşımıza silahla çıxıblar, hətta pulemyotlardan belə istifadə edirlər".
Əsmər
QARDAŞXANOVA,
Azərbaycan.- 2022.- 14 dekabr. S.4.