Azərbaycanın Qələbəsi bütün türk dünyası üçün böyük önəm daşıyır

 

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri Təşkilatının Baş katibi seçilməsi münasibətilə təbrik etdi, ona təşkilatın üzv dövlətləri arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətindəki işində uğurlar arzuladı və əminliyini bildirdi ki, o, Təşkilat çərçivəsində sıx əməkdaşlığın həyata keçirilməsində səylərini əsirgəməyəcək.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinə toxunan Prezident İlham Əliyev Təşkilatın beynəlxalq səviyyədə önəminin artdığını məmnunluqla qeyd etdi, bunun üzv və müşahidəçi dövlətlərin beynəlxalq nüfuzunun və iqtisadi potensialının artmasına xidmət etdiyini bildirdi, bu baxımdan ötən ay Təşkilatın Səmərqənddə keçirilən IX Zirvə Görüşünün əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısı Kubanıçbek Ömüralıyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi azərbaycanlı həmkarları ilə sıx təmasda olacağına əminliyini bildirdi.

Xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən qonaq TDT-ni yaradan dövlətlər sırasında ilk ölkə olaraq Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və Təşkilatın fəaliyyətinin güclənməsində ölkəmizin fəal rolunu xüsusi vurğuladı.

Türk Dövlətləri Təşkilatının Baş katibi vurğuladı ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi və ərazilərimizin işğaldan azad edilməsi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün böyük önəm daşıyır. Kubanıçbek Ömüralıyev üzv dövlətlərin dil və mədəniyyət baxımından ümumi köklərə malik olduğunu qeyd edərək əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməcəyini bildirdi.

Söhbət zamanı əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2022.- 16 dekabr.- S.1.