Ortaq dəyərlərə söykənən həmrəylik

 

 

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü türk dövlətlərinin əməkdaşlığına mühüm töhfələr verəcək

 

 

 

Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından mühüm siyasi hadisəyə çevrildi. Türkmənistanda keçirilən bu Zirvə görüşü dünyaya verilən mühüm mesajlarla yadda qaldı, türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu göstərdi.

 

 

Əlaqələr yüksələn xətlə inkişaf edir

 

 

Hazırkı qlobal konyunktura, sürətli şəkildə dəyişən keyfiyyət dəyişikliklərinə məruz qalan beynəlxalq münasibətlər türk dövlətlərindən həmrəylik və tərəfdaşlıq tələb edir. Eyni zamanda ortaq  milli kimliyi, eyni mədəni və mənəvi dəyərləri bölüşdükləri üçüntürk dövlətlərinin birliyi qaçılmazdır. Bu baxımdan Azərbaycan türk dövlətləri ilə əlaqələrə qeyd olunan prizmalar kontekstindən yanaşır və xarici siyasətində Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanla münasibətləri ayrıca istiqamət kimi müəyyənləşdirir.

Eləcə də digər türk dövlətləri də bu müstəvidə əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verirlər.  Ötən ay Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşübunu təsdiqlədi. Həmin Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, ötən il İstanbulda keçirilmiş VIII Zirvə Görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Səmərqənd görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.

 

 

 

Münasibətlərdə yeni mərhələ

 

 

 

Dekabrın 14-də keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü isə bu üç türk dövləti arasında münasibətlərin inkişafını yeni keyfiyyət mərhələsinə yüksəldir.

Öncə onu qeyd edək ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri hər zaman özünü göstərib. Azərbaycan, Türkiyə və Türkmənistan həm siyasi sahədə strateji tərəfdaşdırlar, həm də iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atıblar. Məsələn, Azərbaycanla Türkiyəni hər zaman dostluğa və qardaşlığa söykənən möhkəm tərəfdaşlıq birləşdirib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi isə iki qardaş dövlətin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə  çatdırıb.  Şuşa Bəyannaməsi ilə yeni keyfiyyət mərhələsinə yüksələn müttəfiqlik Azərbaycanla Türkiyəni daha güclü edir, regiondakı mövqelərini daha da gücləndirir.

Eləcə də Azərbaycanla Türkmənistan arasında 2017-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin, demək olar ki, bütün istiqamətləri müəyyən edilib. Belə ki, burada siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən Bəyannamədə hər iki tərəf bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirib. Ötən ilin yanvarında isə Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu tarixi sənəd həm iki ölkənin əlaqələrində, həm onların həyata keçirdiyi enerji siyasətlərində, həm də Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında yeni mərhələnin başlanğıcı oldu.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Türkmənistanla isə ticarət dövriyyəsi bu il 5 dəfə artıb. Prezident İlham Əliyevin Zirvə görüşündə qeyd etdiyi kimi, tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır.

Türkmənbaşıda prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun imzaladıqları "Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş", "2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı", "Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum", "Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" və "Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" yeni mərhələyə yüksələn əlaqələrin hüquqi bazasını təmin edəcək.

 

 

 

Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılacaq

 

 

 

Ümumiyyətlə, Azərbaycan öz layihələri ilə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır. Bu mənada respublikamızın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlər xüsusilə diqqəti cəlb edir. Rəsmi Bakı nəinki siyasi sferada, o cümlədən qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir.

Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq türk dövlətləri bu yoldan istifadə edirlər. Prezident İlham Əliyev Zirvə görüşündə diqqətə çatdırdı ki, bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaqonun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük töhfələridir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasında isə artıq ilk rezidentlər yerləşir. Eyni zamanda Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulur. Bütün bunlar, xüsusən  torpaqlarımızın işğaldan azad olunması türk dövlətləri arasında əməkdaşlıq üçün yeni imkanlar açır. "2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildibu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı", - deyə Prezident İlham Əliyev bildirib.

Azərbaycan, Türkiyə və Türkmənistanı etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bağlayır. Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü göstərdi ki, türk dövlətləri bu milli-mənəvi birliyə söykənərək əlaqələrini daha da inkişaf etdirirlər.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 16 dekabr.- S.1;8.