İndi güclü dövlətimiz, qətiyyətli Prezidentimiz var
Eko-fəallarımız və QHT təmsilçilərimiz Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında separatçı rejimin Azərbaycanın təbii sərvətlərini talamasına və ekologiyamıza qarşı soyqırımı törətməsinə qarşı Laçın-Şuşa yolunda aksiyalarını davam etdirirlər.
Vətəndaş cəmiyyətimizin nümayəndələri azərbaycanlı mütəxəssislərin ölkəmizin yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər. Hər ötən gün sayları durmadan artan aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər mübarizələrini dayandırmaq fikrində deyillər.
Ermənilər 1988-ci ildə də Topxana meşəsini bu cür məhv edirdilər
Heç kəs unutmayıb, 1988-ci ildə də eynilə bu cür olmuşdu...
Həmin vaxt Azərbaycan torpaqlarına qarşı açıq ərazi iddiasına qalxan xain ermənilər öncə Azərbaycanın təbiətinə, ekologiyasına hücuma keçmişdilər. Qarabağdakı Topxana meşəsində ağacları kəsərək onu məhv etməyə başlamışdılar.
O zaman da Azərbaycan xalqı ekologiyasına terror həyata keçirən mənfur ermənilərə qarşı etiraz aksiyasına qalxmışdı. Bakını, bütün bölgələrimizi nəhəng etiraz mitinqləri bürümüşdü, xalqımız Qarabağda özbaşınalıq edən əlibaltalı erməni quldurlarının murdar əməllərinin dərhal dayandırılmasını tələb etmişdi.
Amma təəssüf ki, o zaman Azərbaycan nə müstəqil ölkə idi, nə də xalqa öncüllük edəcək qətiyyətli lideri var idi. Buna görə də xalqımız öz haqlı etiraz səsini heç yerə çatdıra bilməmiş, insanlıq və təbiət qənimi ermənilərin bədnam əməllərinə heç kəs "dur" deməmişdi. Arxasında məkrli sovet rəhbərlərinin durduğunu görən mənfur ermənilər isə daha da azğınlaşaraq Azərbaycan xalqının başına olmazın müsibətlər açmış, soydaşlarımızı deportasiya etmiş, torpaqlarımızı işğala məruz qoymuş, dinc əhalimizə qarşı soyqırımı həyata keçirmişdilər və çirkin əməllərini 30 illik işğal dövründə də ərazilərimizdə davam etdirmişdilər.
İşğal dövründə erməni vandalları Qarabağ və Şərqi Zəngəzurda "ölü torpaq" siyasəti həyata keçirərək, bu yerlərdə həyata dair hər nə varsa hamısına qənim kəsildilər. Meşələrimizi qırıb, çaylarımızı, bulaqlarımızı qurudub, flora və faunamızı məhv etdilər.
Ermənistanın yürütdüyü bu ekoloji terror transsərhəd çay olan Oxçuçaydan da yan keçməyib. Bu çay Ermənistan ərazisində daim çirkləndirilib. Aparılan araşdırmalar zamanı ortaya çıxıb ki, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır. Nəticədə çirklənmə səviyyəsinin normadan dəfələrlə artıq olması Oxçuçayın su ehtiyatlarının istifadəsinin yararsız hesab edilməsinə gətirib çıxarıb.
Eləcə də Ermənistan ərazilərimizdə talançılıqla məşğul olaraq təbii sərvətlərimizi qanunsuz istismar ediblər.
Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonundakı "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında separatçı rejim tərəfindən təbii sərvətlərimizin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların genişlənməsi müşahidə olunur.
Sərvətlərimizi talamağa imkan verməyəcəyik
Bununla əlaqədar dekabrın 10-da Azərbaycan mütəxəssisləri faydalı qazıntıların qanunsuz istismar olunduğu "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına səfər etmək istəsələr də, sülhməramlılar tərəfindən buna süni əngəl törədilib.
Separatçıların sərvətlərimizi talamasına, eləcə də ekologiyamıza qarşı həyata keçirdikləri terrora etiraz olaraq dekabrın 12-dən eko-fəallarımız və QHT təmsilçilərimiz Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələri Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər.
"Ekoloji terrora son!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" şüarları səsləndirən aksiya iştirakçıları beynəlxalq sənədlərdə, eləcə də milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadəyə maneçilik törədənlərə qarşı etiraz edirlər. Onların sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq və sair kimi hüquqları var. Bundan istifadə edərək hüquqlarının pozulmasına qarşı haqlı narazılıqlarını bildirirlər. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoyulmasını tələb edirlər.
Vətənin səsinə hay verən bütün ictimaiyyət nümayəndələrimiz, xüsusilə də gənclərimiz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Şuşa-Laçın yolunda keçirilən aksiyaya qoşulublar. Milli mənafelərimizin müdafiəsinə qalxan gənclərimiz separatçı rejimin Azərbaycan ərazilərində talançılıqla, ekoloji terrorla məşğul olmasının qarşısını almaq üçün haqq səsini ucaldır, ədalət təmin olunmayana qədər aksiyanı tərk etmək niyyətində olmadıqlarını bildirirlər.
Vətəndaş cəmiyyətinin nümayəndələri həmçinin beynəlxalq ictimaiyyəti də Ermənistanın qanunsuz əməllərinə biganə olmamağa, mənfurların Azərbaycan təbiətinə, ekologiyasına qarşı həyata keçirdikləri soyqırımlarına, xalqımıza qarşı törətdikləri mina terroruna son qoymaq üçün onlara təzyiq göstərməyə çağırırlar. İnsan da təbiətin bir parçasıdır və ermənilərin 30 il müddətində işğal altında saxladıqları ərazilərimizi mina tarlasına çevirərək insanlarımızın həyatına qəsd etmələri ən böyük cinayətdir.
Amma Ermənistan unudur ki, Azərbaycana qarşı həyata keçirdiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq müstəvisində, ədalət məhkəməsi qarşısında cavab verməyə, o cümlədən təbii sərvətlərimizi taladığına, ekologiyamızı məhv etdiyinə görə vurduğu zərərin təzminatını ödəməyə məcbur ediləcək.
30 ildən sonra Azərbaycan bayrağı yenidən Laçın yolunda dalğalanır
Bu gün Azərbaycan xalqının qəlbi Şuşa-Laçın yolunda haqq işimiz uğrunda mübarizə aparan bacı-qardaşlarımızla birgə döyünür.
Xalqımızın ümumi etirazının ifadəçiləri ilə, könüllərində vətən sevgisi daşıyan gənclərimizlə, ictimaiyyət nümayəndələrimizlə qürur duyuruq. Və lazım gələrsə, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün eko-fəallarımızın aksiyasına qoşulmağa hazırıq.
Heç şübhəsiz, bu vətəndaş həmrəyliyi, birliyi bizi bütün tələblərimizin yerinə yetirildiyi qələbəyə daşıyacaq. Necə ki haqq uğrunda çıxdığımız Vətən savaşında belə oldu...
Daha bir qürurlu, haqqın öz yerini tapdığı məqam isə milli mənafelərimiz uğrunda bir yumruğa döndüyümüz bu aksiya sayəsində, həm də 30 ildən sonra Azərbaycanın ay-ulduzlu, üçrəngli bayrağının Laçın yolunda yenidən vüqarla dalğalandırılması oldu...
Bəli, düz 30 il əvvəl, 1988-ci ildə olduğu kimi, Azərbaycan ictimaiyyəti öz ərazisində pozulan hüquqlarının bərpası uğrunda mübarizəyə qalxıb, ekologiyasının amansızcasına məhv edilməsinə etiraz edir. Separatçı rejimin sərvətlərimizi qanunsuz talamasına imkan verməmək üçün gecə-gündüz aksiya keçirir.
Amma həm də budəfəki hadisələrin axarı 1988-ci ildəkindən tamamilə fərqli yöndə cərəyan edir və daha əyyam o əyyam deyil.
İndi Azərbaycan xalqının arxasında dağ kimi dayanan müstəqil və qüdrətli dövləti var!
İndi Azərbaycan xalqının onu daim qələbə zirvələrinə ucaldan İlham Əliyev kimi qətiyyətli lideri var!
İndi və əbədiyyətə qədər bir daha mənfur düşmən Azərbaycan xalqının haqq və hüquqlarını tapdamağa cürət edə bilməyəcək.
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2022.- 16 dekabr.- S.7.