Sərhəd tanımayan erməni qəddarlığı

 

Postmüharibə dövründə Azərbaycanda 276 nəfər Ermənistanın mina terrorunun qurbanı olub, 45 nəfər həyatını itirib

 

 

 

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il ötür. Savaş bitsə də, mənfur Ermənistanın Azərbaycana qarşı təxribatları, mina terroru davam edir.

Dünya şahiddir ki, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra Azərbaycan işğaldan azad etdiyi bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Keçmiş məcburi köçkünlərin mümkün qədər tez bir zamanda yurdlarına qayıdışı üçün hərtərəfli işlərin görülməsinə start verilib. Milli prioritet 2030-cu ilədək azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəf kimi müəyyənləşdirilib. Amma düşmənin illərlə bu ərazilərimizdə basdırdığı minalar Böyük qayıdış prosesinə ən böyük əngəl olaraq qalır. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir.

Dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində baş verən mina partlayışında daha 8 nəfərin erməni terrorunun qurbanına çevrilməsi faktı da deyilənləri bir daha təsdiq edir. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, növbəti mina partlayışında 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmçinin müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həyatını itirib. Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəsarət alan mülki şəxslərdən üçü - Pənahov Radik, Allahverdiyev Siyasət və Əliyarov Sadirin müalicəsi hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada davam etdirilir. Həkim Ruhin Abuzərli məlumat verib ki, onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya qəbul edilib, hazırda vəziyyətləri orta ağır qiymətləndirilir.

Bununla da İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra mina qurbanlarının sayı 276 nəfərə çatıb. Onlardan 123 nəfəri mülki şəxs, 153 nəfəri isə hərbi qulluqçudur. Mina partlaması nəticəsində 45 nəfər həlak olub

(35 nəfər mülki şəxs, 10-u hərbi qulluqçu), 231 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb (88 nəfər mülki şəxs, 143 nəfər hərbi qulluqçu).

Ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovla dünən doğulduğu Tovuz rayonunun Aşağı Quşçu kəndində böyük izdihamlı vida mərasimi olub. Şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə əzizləri, yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Bütün bunlar  bir daha təsdiq edir ki, Ermənistanın səbəbkar olduğu mina təhlükəsi keçmişdə olduğu kimi, bu gün də bölgədə insanların həyatına ciddi təhdid olmaqda davam edir. Ümumiyyətlə isə, Azərbaycan ərazilərində aşkarlanan minaların 2020-2021-ci illərdə Ermənistanda istehsal olunması faktı da sübut edir ki, bu terrorçu ölkə hazırda da əsl erməni xislətini nümayiş etdirir.

Göründüyü kimi, Azərbaycanın humanist addımlarından yararlanan terrorçuların hansı murdar addımlar atdığı indi bir-bir üzə çıxır. Kəlbəcəri boşaltdıqları zaman onlara verilən 10 gün müddət ərzində, demək olar ki, köç əvəzinə mina basdırıblarmış. Nə qədər nankor olmalısan ki, sənə rəhm edənə belə qəddarcasına zərbə vurasan...

Bütün bu faktlar dəfələrlə dünyaya bəyan edilsə də, yenə də Ermənistana qarşı heç bir təzyiq göstərilmir. Bu ölkə mina xəritələrini təhvil verməkdən boyun qaçırır. Dekabrın 13-də Türkmənistanda keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçılarının görüşündə nazir Ceyhun Bayramov bildirib ki, ərazilərin minalar və digər partlayıcılarla çirkləndirilməsi bərpa və quruculuq işləri üçün ən ciddi əngəl təşkil edir. Ermənistan tərəfindən bütün mina sahələrinə dair tam və dəqiq məlumatların Azərbaycana verilməməsi, əksinə, ərazilərimizdə yeni minaların basdırılmasının davam etdirilməsi bu ölkənin sülhün təmin edilməsində maraqlı olmadığının sübutu kimi ciddi narahatlıq doğurur.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra 2021-ci ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də, faktiki olaraq bu xəritələr işğaldan azad edilmiş ərazilərin kiçik bir hissəsini əhatə edir.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir gecə ərzində Xocalıda, eləcə də Azərbaycanın digər şəhərlərində yüzlərlə mülki əhaliyə qarşı kütləvi qırğın törədən, 1 milyon azərbaycanlını Ermənistan və işğal etdiyi Azərbaycan ərazilərindən qovan, işğal siyasətinə son verildikdən sonra hələ də qanunsuz silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmayan, hərbi və mina təhdidlərini davam etdirən məhz Ermənistandır. Beynəlxalq təşkilatlar isə hər zamankı kimi susurlar...

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 16 dekabr.- S.8.