Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir

 

 

Dekabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsi ilə Elm və Təhsil Nazirliyinin “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda birgə ictimai dinləməsi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev tədbir iştirakçılarını Milli Məclisin sədri Sahibə Qafarovanın adından salamlayıb. O, elm və təhsil naziri Emin Əmrullayevin də iştirakı ilə keçirilən ictimai dinləmədə parlamentin bir sıra komitə sədrlərinin, digər komitələrin üzvlərinin, parlamentdə təmsil olunan siyasi partiyaların, Təhsil Nazirliyinin nümayəndələrinin, təhsil ekspertlərinin iştirak etdiyini söyləyib.

Komitə sədri bildirib ki, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər zaman dövlətin diqqət mərkəzində olub. Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə təsdiqlənmiş bu sahəyə aid dövlət proqramları uğurla icra edilir. Bunun nəticəsində müəllim peşəsinə olan maraq daha da artıb.

Diqqətə çatdırılıb ki, ölkədə həyata keçirilən təhsil sektorunun inkişafı layihəsinə uyğun olaraq təhsil sahəsində yüksək peşəkarlığa malik pedaqoji kadrların müəyyən edilməsi və təhsilin keyfiyyətinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti 2007-ci il 25 iyun tarixli Qərarı ilə “Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası” təsdiq edilib. Sənəddə müəllim peşəsi üçün standartların, təhsil proqramının və müəllimlərin attestasiyası və sertifikatlaşdırılması üçün mexanizmin hazırlanması ilə bağlı məsələlər öz əksini tapıb. Qeyd edilib ki, bununla əlaqədar olaraq 2018-ci ildə “Təhsil haqqında” Qanuna “sertifikatlaşdırma” anlayışı və dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı yeni 36-2-ci maddə əlavə olunub. Həmin maddəyə əsasən, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Buna uyğun olaraq, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiqlənib.

Bəxtiyar Əliyev bildirib ki, eyni zamanda, peşə və kvalifikasiya standartlarının hazırlanması qaydaları ilə bağlı Nazirlər Kabinetinin 474 və 475 nömrəli qərarlarına dair izahda deyilir ki, peşə standartı müvafiq peşə sahələrində işçilərin yerinə yetirdikləri əmək funksiyalarına qoyulan ümumi tələbləri, işçinin bilik, bacarıq və vərdişləri nəzərə alınmaqla, əmək funksiyalarını yerinə yetirməsinə imkan verəcək vəzifə öhdəliklərini və fəaliyyətləri özündə əks etdirəcək. Standartın qüvvədə olma müddəti 5 il müəyyən edilir və hər 5 ildən bir standartın yenidən hazırlanması tələb olunur.

O deyib ki, bununla yanaşı, Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması Qaydaları”nda peşə standartına 3 nömrəli, kvalifikasiya standartına 4 nömrəli əlavələrdə standartların Azərbaycan Respublikasının Ömürboyu Təhsil üzrə Kvalifikasiyalar Çərçivəsində hazırlanması müəyyən edilir. Komitə sədri peşə standartında mühüm 3 bəndin - işçinin kompetensiyaları, peşə standartı üzrə qiymətləndirmə və onun məqsədlərinin əks olunduğunu söyləyib. O, qeyd edib ki, peşə standartı üzrə qiymətləndirmənin məqsədi fərdin müvafiq peşə standartını fəaliyyətlər, vəzifələr və ya tapşırıqlar üzrə həyata keçirə bilməsini müəyyən etməkdir. Sözügedən tapşırıqlar peşə standartında müəyyən edilən texniki bacarıqları, planlaşdırma və problemləri həlletmə biliklərini, gözlənilməz vəziyyətlərdə hərəkət etmək bacarığını, digər şəxslərlə işləmək bacarığını və ünsiyyət bacarıqlarını əhatə etməlidir. Peşə standartı üzrə qiymətləndirmənin məqsədlərinin işəgötürmə, karyera yüksəlişi, bilik və bacarıqlarda olan boşluqların və təlim ehtiyaclarının müəyyən edilməsi, işçi heyətin qiymətləndirilməsindən ibarət olduğunu deyib.

Komitə sədri bildirib ki, müəllim peşəsi milli kvalifikasiyalar çərçivəsinin 5-ci və 6-cı səviyyələrində təhsili tələb edir. Sertifikatlaşdırma müəllimlərin peşə və ixtisas səviyyəsinin pedaqoji fəaliyyət üçün peşə standartları səviyyəsinə cavab verdiyini əks etdirən prosedurdur və zəruri bir məsələdir. Bunun üçün müəllimin peşə standartı hazırlanmalı və həmin peşə standartına uyğun olaraq təhsil proqramları hazırlanmalı və həyata keçirilməlidir. O, bununla əlaqədar olaraq peşəkar assosiasiyaların və ekspertlərin cəlb edilməli olduğunu qeyd edib.

Bəxtiyar Əliyev Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikatlaşdırma prosedurunun vacibliyini qeyd edərək, bunun müəllimlərin peşə hazırlığının artırılmasına və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini söyləyib.

Sonra tədbirdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edib. O, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı həyata keçirilən islahatın əhəmiyyətli olduğunu deyib. Müəllimlərin peşəkar olmasının vacibliyini, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğını, təhsil sahəsində əməkhaqqının daim artırıldığını qeyd edib. Nazir slaydlarla müşayiət olunan çıxışında sertifikatlaşdırmanın nəticələri barədə məlumat verib.

Emin Əmrullayev sertifikatlaşdırmaya ibtidai sinif müəllimlərinin cəlb olunduğunu, verilən suallar və alınan cavablar əsasında onlara müvafiq balların müəyyən edildiyini deyib. Sertifikatlaşdırmada iştirak edənlər arasında uğur qazananlar, uğur qazanmayanlar, yüksək nəticə əldə edənlər, qənaətbəxş nəticə əldə edənlərlə bağlı sayfaiz göstəricilərini diqqətə çatdırıb. O, habelə rayonlar üzrə iştirak edən müəllimlər arasında sertifikatlaşdırmanın nəticələri barədə danışıb. Eyni zamanda, prosesə cəlb olunan müəllimlər arasında yaş qrupları üzrə əldə edilən nəticələrdən bəhs edib. Nazir öz çıxışında sertifikatlaşdırmanın nəticələrini müqayisəli şəkildə təhlil edib.

Nazir hazırda təhsillə bağlı aparılan islahatları, bu sahədə mövcud olan bəzi çətinlikləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Təhsilin səviyyəsinə təsir göstərən amilləri qeyd edib. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

İctimai dinləmədə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili, Siyavuş Novruzov, Hicran Hüseynova, Musa Quliyev, Sadiq Qurbanov, Qənirə Paşayeva çıxış edərək təhsilverənlərin sertifikatlaşdırılması məsələsinin önəmli olduğunu bildiriblər. Müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılmasının aktuallığını qeyd ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən sertifikatlaşdırma prosedurunun müəllimlərin peşə uyğunluğunun müəyyən edilməsi, onların bilik və bacarıqlarının daha da artırılması baxımından əhəmiyyətindən danışıblar.

Mövzu ətrafında gedən müzakirələrdə deputatlardan Qüdrət Həsənquliyev, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Tahir Kərimli, Məlahət İbrahimqızı, Elşən Musayev, Razi Nurullayev, Etibar Əliyev, Şahin İsmayılov, Ceyhun Məmmədov, təhsil ekspertləri Şahlar Əsgərov, Elçin Əfəndi öz fikirlərini açıqlayıblar, bir sıra qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda təhsil sahəsində aparılan islahatların təqdirəlayiq olduğu qeyd edilib. Müəllimlərin sertifikatlaşdırılmasının təhsilin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcəyi bildirilib.

Müzakirələrin sonunda elm və təhsil naziri Emin Əmrullayeva çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətirib, verilən sualları ətraflı cavablandırıb.

Parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev ictimai dinləmənin səmərəli keçdiyini söyləyib.

Tədbirdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.-2022.- 16 dekabr.- S.4.