Ceyhun Bayramov Türk Dövlətləri
Təşkilatının Baş katibi ilə görüşüb
Dekabrın 15-də xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə
Kubanıçbek Ömüralıyevi Türk Dövlətləri
Təşkilatının Baş katibi seçilməsi
münasibətilə təbrik edən nazir Ceyhun Bayramov ona bu
məsuliyyətli işində uğurlar arzulayıb, təşkilat
çərçivəsində qarşılıqlı fəaliyyətin
daha da genişləndirilməsinə töhfə verəcəyinə
əminliyini ifadə edib.
Nazir 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatının böyük inkişaf yolu keçdiyini, bu gün beynəlxalq səviyyədə önəminin daha da artdığını vurğulayaraq yüksək səviyyəli görüşlərin əhəmiyyətindən bəhs edib. Dünyada baş verən sürətli proseslər fonunda istər ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, istərsə də yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə təşkilatın mühüm platforma olduğu bildirilib. Azərbaycanın təşkilata üzv ölkələrlə əməkdaşlığa yüksək əhəmiyyət verdiyi, qarşılıqlı əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən biri olduğu vurğulanıb.
Görüşdə, həmçinin nazir C.Bayramov Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüz nəticəsində qəsdən ölkəmizin mədəni irsinin məhvi, talan edilməsi və mənimsənilməsindən bəhs edib. Habelə ötən müddət ərzində ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının Ermənistanın bu illər ərzində danışıqları imitasiya etməsinin göstəricisi olduğunu diqqətə çatdırıb.
Kubanıçbek Ömüralıyev Azərbaycanın təşkilat çərçivəsində aktiv fəaliyyətini və dəstəyini yüksək qiymətləndirib. Kommunikasiya və nəqliyyat qovşaqlarının açılması ilə bölgədə yaranacaq yeni imkanların üzv dövlətlər arasında iqtisadi potensialın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.
Görüşdə Şuşa
şəhərinin 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilməsi məmnunluqla qeyd
olunub. Şuşa
şəhərinin ev sahibliyi
edəcəyi birgə tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2022.- 16 dekabr.- S.5.