Tərtərdə "Heydər Əliyev İli" çərçivəsində çoxsaylı tədbirlər nəzərdə tutulub

 

Prezidentin "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətində "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə RİH-in nümayəndələri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, təhsil, səhiyyə, mədəniyyət və digər qurumların rəhbərləri iştirak etmişlər. Giriş sözü ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında Ümummilli Liderin şəxsiyyətinə, zəngin həyat təcrübəsinə, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər (Heydər Əliyev irsinin daha əhatəli öyrənilməsi üçün tədbirlərin keçirilməsi, Heydər Əliyev Mərkəzinə ekskursiyaların təşkili, Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən mühazirələrin və müxtəlif videoçarxların hazırlanması, ziyalıların ümumtəhsil məktəblərində çıxışlarının təşkil edilməsi, idman yarışları, inşa və rəsm müsabiqələri, ağacəkmə aksiyaları və s.) nəzərdə tutulmuşdur.

Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, "Yeni Tərtər" qəzetinin redaktoru Svetlana Bağırova və başqaları çıxış edərək təkliflərini vermişlər.

RİH-in başçısı görüşdə irəli sürülmüş təkliflərin tədbirlər planına əlavə ediləcəyini bildirmişdir.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2022.-14 dekabr.- S.9.