Azərbaycan və Tacikistan
prokurorluqları arasında Əməkdaşlıq Proqramı
imzalanıb
Azərbaycan və Tacikistan prokurorluqları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi məqsədilə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə Düşənbə şəhərində işgüzar səfərdədir.
Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, Tacikistanın Baş Prokurorluğunda keçirilmiş görüşdə nümayəndə heyətini salamlayan Baş prokuror Yusuf Raxmon bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək, tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini, dövlət başçılarının apardıqları uzaqgörən xarici siyasət nəticəsində ölkələrimiz arasında əlaqələrinin etibarlı əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq prinsipinə əsaslandığını vurğulayıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında Əməkdaşlıq Proqramı imzalanıb.
Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiya ilə mübarizə sahəsində qəti siyasi iradəsi nəticəsində aparılmış islahatların əhəmiyyətini vurğulayaraq, ölkəmizdə bu sahədə görülmüş tədbirlər barədə geniş məlumat verib. Həmçinin, qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Razılaşma imzalanıb.
Görüşlərdə ölkəmizin Tacikistandakı səfiri Əlimirzamin Əskərov iştirak edib.
Kamran Əliyev, həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində
nümayəndə heyəti Düşənbənin Dusti meydanındakı Tacikistanın milli həmrəyliyi və dirçəlişi
xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarət edərək
önünə əklil qoyub. Baş prokuror ölkəmizin
Düşənbədəki səfirliyinə gedərək
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü
ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.
Azərbaycan.- 2022.- 17 dekabr.- S.2.