Adaptiv strateji idarəetmə layihəsi başa çatdı
bp şirkəti "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOİL, NİCO, MOL, "Equinor", SGC, İNPEX, "ExxonMobil", İTOCHU, "TotalEnergies", "Eni", "ONGCVidesh" adından Azərbaycana adaptiv strateji idarəetmə üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən üçillik sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.
Layihənin əsas məqsədi yerli idarəetmədə strateji dəyişikliklərə çevik reaksiya vermək, innovasiyalara və transformasiyalara uyğunlaşmaq bacarıqlarını formalaşdırmaqla bu sahədəki cari tələbatı qarşılamağa dəstək vermək idi. Layihə məhz yerli təşkilatların bu sahədə rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək üçün nəzərdə tutulmuşdu.
Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan "Duke Corporate Education" (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurrikuluma əsaslanıb. Duke CE bu proqramı ABŞ-nin insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan "Korn Ferry" ilə tərəfdaşlıqda hazırlayıb və həyata keçirib.
Proqramı bitirdikdən sonra bütün uğurlu iştirakçılar Dyuk Universitetinin Fuqua Biznes Məktəbindən sertifikatlar alıblar. Proqramda ümumilikdə dövlət (28 faiz) və özəl (72 faiz) sektorlarını təmsil edən 123 rəhbər işçi iştirak edib. Layihənin dəyəri təxminən 1,5 milyon manat olub və buraya bp ilə tərəfdaşlarının iştirakçıların təhsil haqqı ödənişlərinə dəstəyi də daxildir.
Layihənin uğurla tamamlanması münasibətilə dünən ADA Universitetində tədbir keçirilib.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "İnanırıq ki, ASEP proqramının məzunları əldə etdikləri bacarıq və biliklərlə fəaliyyət göstərdikləri biznes mühitini daim qiymətləndirmək və mürəkkəb strateji dəyişikliklərə çevik reaksiya vermək üçün lazımi səriştələrə tam yiyələniblər. Bu sahədə yerli potensialın yaradılmasında verdikləri töhfəyə görə iki aparıcı universitetə - ADA Universitetinə və Dyuk Universitetinə təşəkkürümüzü bildiririk".
ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, Adaptiv Strateji İdarəetmə Proqramı tərəfdaşlarla əməkdaşlığımızı daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda yüksəkixtisaslı mütəxəssislərin karyera inkişafını sürətləndirib: "Bu proqramı uğurla təşkil etdiyinə görə ADA Universitetinin İxtisasartırma proqramlarına təşəkkür edirik".
Azərbaycan.- 2022.- 17 dekabr.- S.2.