Jurnalistlər Kəlbəcərdə
mina partlayışlarının baş verdiyi ərazidə olublar
Jurnalistlər Kəlbəcərdə mina partlayışlarının baş verdiyi əraziyə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər minaya düşüb. Belə ki, kənd ərazisində infrastruktur layihələrində çalışan 4 nəfər minaya düşərək xəsarət alıb. Onları təxliyə etmək üçün hadisə yerinə yollanan dörd hərbçi də minaya düşüb. Hərbçilərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə həlak olub.
Qeyd edək ki, torpaqlarımızın azad olunması ilə nəticələnən müharibə təxminən 2 il əvvəl başa çatsa da, həmin vaxtdan bəri 250-dən çox azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarətlər alıb.
Ermənilər işğal dövründə Azərbaycan torpaqlarına 1 milyondan çox mina basdırıblar. Bu, Ermənistan dövlətinin Azərbaycan və azərbaycanlılara qarşı terror siyasətini açıq-aydın göstərir. Bu yaxınlarda təkcə Laçın rayonunda İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış 1400-dən çox mina aşkarlanaraq zərərsizləşdirilib.
Düşmənin işğal
edilmiş ərazilərimizi 30 il ərzində mina və
partlamamış sursatların “məzarlığı”na
çevirməsi indi həmin torpaqlarda tikinti işlərinin
sürətlə aparılmasına, eyni zamanda, kommunikasiya xətlərinin
çəkilməsinə maneə yaradan əsas
amildir. Ermənistan dövlətinin verdiyi mina xəritələri
isə dəqiq deyil. Beləliklə, Ermənistanın
azərbaycanlılara qarşı mina terroru bölgədə sülhə,
insanların həyat və sağlamlığına,
inkişafına və tərəqqisinə ən ciddi təhdid və maneələrdən biridir. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu terror hərəkətlərinə təəssüf
ki, adekvat cavab verilmir. Ermənistanın törətdiyi müharibə cinayətləri
beynəlxalq qurumlar tərəfindən
araşdırılmalı, ərazilərin minalanması və
xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və Ermənistan
insanlıq əleyhinə törətdiyi cinayətlərə
görə cəzalandırılmalıdır.
Azərbaycan.-2022.- 16 dekabr.- S.5.