Aksiya
iştirakçıları haqlı tələblərinə
açıqlama verilməsini gözləyirlər
Onlar
dinc erməni əhalisinə humanitar yardımlar göstərilməsinə
heç bir maneə törətmir
Artıq
neçə gündür ki, Azərbaycanın qeyri-hökumət
təşkilatları nümayəndələrinin, ictimai fəalların,
mətbuat nümayəndələrinin Qarabağda Rusiya
sülhməramlılarının müvəqqəti nəzarətində
olan ərazidə keçirilən etiraz aksiyası davam edir.
Qışın şaxtasının kəsəkəs vaxtında başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında dayanaraq tələblərini irəli sürürlər. Aksiya iştirakçıları Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər. Cari il dekabrın birinci ongünlüyündə Azərbaycan mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparmasına lazımi şərait yaratmadığına görə, onlar sivil qaydada Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüşmək və məsələyə aydınlıq gətirilməsini istəyirlər.
Xatırladaq ki, aksiya iştirakçıları onu da bildirirlər ki, bir neçə ay bundan öncə Qarabağda peyda olmuş rusiyalı biznesmen, özünü separatçı rejimin baş naziri elan edən Ruben Vardanyan pozucu fəaliyyətlə məşğuldur. Yerli erməniləri dinc-yanaşı sülh şəraitində yaşamağa istiqamətləndirmək əvəzinə sərhəd bölgələrində günaşırı təxribatlar törədir. Dinc erməniləri müharibəyə, münaqişəyə sürükləməyə çalışır. Aksiya iştirakçıları isə birmənalı olaraq erməni silahlılarının qalıqlarının Qarabağdan çıxarılmasını tələb edirlər.
Qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış ictimai fəallar və mətbuat nümayəndələri ictimaiyyətə bildirmişlər ki, aksiya iştirakçıları tərəfindən dinc erməni əhalisinə humanitar yardımlar göstərilməsinə, mülki insanların Laçın yolu ilə hərəkətinə, "Təcili yardım" və digər xeyirxah məqsədlərlə yol gedib-gələn ermənilərə heç bir maneə yoxdur. Tələb yalnız Qarabağda qeyri-qanuni istismar edilən təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaqdır.
Görünən odur ki, Azərbaycan xalqının haqlı tələblərinin carçısına çevrilən aksiya iştirakçılarının sayı gündən-günə artmaqdadır. Onlar əllərində tutduqları "Volkov, cavab ver!", "Sülhməramlılar, ədalətli olun!", "Sərvətlərimiz bizimdir!", "Ekoloji terrora son qoyulmalıdır!" kimi şüarlarla tələbləri yerinə yetirilməyənədək bu aksiyanı davam etdirəcəklərində israrlıdırlar. Çünki bütün dünya bilir ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm də digər xarici ölkələrə məxsusdur. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda və digər ölkələrdə hüquqi qeydiyyatdan keçən "Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi İnstitute, "Teghout" və digər şirkətlər, o cümlədən Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.
Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl və digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.
İllərlə davam edən bu talançılıq barədə Azərbaycan Prezidenti, Azərbaycan hökuməti, habelə respublikanın Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, qarşısı alınmayıb. Dünyanın gözü qarşısında Ermənistan hökumətinin qanuni və qeyri-qanuni silahlı birləşmələri kənd və şəhərlərimizə hücumlar edir, qarətin, qətliamın, terrorun ardı-arası kəsilmir, təbii sərvətlərimizi çapıb-talamaqdan doymurlar. Ermənistan özü bir yana, xarici dövlətləri və şirkətləri də bu cinayətə cəlb edib. Misal üçün, "Base Metals" şirkətinin təsisçisi "Vallex Group" işğal dövründə Kəlbəcərin "Heyvalı" yatağını istismar edərək, qurudub. Məlumatlara görə, 2009-2011-ci illərdə 400 min ton filiz emal edilib, halbuki bu müddətdə emal həddi 150 min olmalıdır.
"Heyvalı"nı qurudandan sonra şirkət 2011-ci ildə keçmiş Ağdərə rayonundakı "Kaşen" - "Dəmirli" yatağının istismarına başlayıb. Bu yataqdan çıxarılan filiz əsasən Avropa ölkələrinə ixrac edilib.
"Teghut" yatağında işləyən İranın "Kavoshgaran Consulting Engineers" (KCE) şirkətinin əməkdaşları da "Dəmirli" yatağının istismarına cəlb olunublar. KCE-nin rəsmi saytında isə "Dəmirli" yatağı Ermənistan ərazisindəki mədən kimi göstərilib.
Qarabağdakı "Dəmirli" yatağının qanunsuz istismarına cəlb edilən KCE mütəxəssisləri arasında İran vətəndaşları Zohreh İranmaneşin, Mostafa Asadizadehin, 2015-2018-ci illər arasında KCE-də baş geotexniki mühəndis olmuş Sahand Şokrinin adını çəkmək olar.
Bütün bunlar onları deməyə əsas verir ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığın nəticəsidir.
Televiziya ekranlarından, eləcə də sosial şəbəkələrdən göründüyü kimi, aksiya iştirakçıları onların hər iki tərəfdən qarşısını kəsən əlisilahlı Rusiya sülhməramlıları qarşısında Azərbaycanın Dövlət Himnini, "Əsgər marşı"nı, "Azərbaycan" və digər vətənpərvərlik mövzusunda mahnıları oxuyaraq haqlı tələblərinə açıqlama verilməsini gözləyirlər.
Rəhman SALMANLI,
Azərbaycan.-2022.- 16 dekabr.- S.6.