Müxalifətdən eko-aksiyaya dəstək
Azərbaycan vətəndaş cəmiyyəti institutlarının, eko-fəallarının, eləcə də media nümayəndələrinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa-Laçın yolunda dekabrın 12-dən etibarən başlatdıqları etiraz aksiyası davam edir.
Məlum olduğu kimi, bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarının qarşısının alınması məqsədilə keçirilir. Buna səbəb sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında yerləşən "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən qeyr-qanuni istismarı ilə bağlı ilkin monitorinq keçirmək üçün səfər edən Azərbaycan mütəxəssislərinin əraziyə buraxılmamalarıdır. Belə ki, Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası ekoloqlarımızın səfərinə mane olub. Rusiyaya bu hadisə ilə bağlı təqdim edilən notada Azərbaycan nümayəndələrinin səfərinə əngəl törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.
Ermənilər vətəndaşlarımızın dinc aksiyasına müxtəlif don geyindirməyə, hadisələri siyasi və humanitar böhran kimi təqdim etməyə çalışsalar da, onların bu cəhdləri əsassızdır. Aksiyanın məqsədi ərazilərimizdə ekoloji tarazlığın bərpa edilməsi, ekoloji terrorun və təbii sərvətlərimizin talanmasının qarşısının alınmasıdır. Ona görə də aksiya iştirakçıları "Stop eko-terror!", "Təbiəti qoruyaq!", "Mina terroruna son!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!" kimi şüarlar səsləndirirlər.
Tələblərimizə cavab verilənədək davam edəcəyik
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, Şuşa-Laçın yolunda keçirilən aksiyada iştirakçılar dövlətimizin haqlı tələblərini səsləndirir, ekoloji terror əleyhinə mübarizə aparırlar: "Dinc formada keçirilən həmin aksiyanı dəstəkləyirik. Əlbəttə ki, azərbaycanlı ekoloqların öz suveren ərazilərimizdə monitorinq keçirmələrinə icazə verilməməsi qəbuledilməzdir. Dövlətimiz təbii sərvətlərimizin ermənilər tərəfindən istismar edilməsinə göz yuma bilməz. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uzun illər qanunsuz istismara məruz qalmış yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınsa da, görünür, sülhməramlılar buna tam nail olmağa imkan verməyib".
Partiya sədri qeyd edib ki, vətəndaş cəmiyyətinin nümayəndələrinin artıq 4-cü gündür ki aksiyanı davam etdirmələri başadüşüləndir: "Aksiyanın tələbi Rusiya sülhməramlı kontingenti komandanının əraziyə gəlməsi və monitorinq keçirilməsi üçün şəraitin yaradılmasıdır. Təəssüf ki, Andrey Volkov aksiyanın günlərdir davam etməsinə baxmayaraq, hələ də təşrif buyurmayıb. Aksiya tələblərimizə cavab verilənədək davam edəcək. Dövlətimizin suveren hüquqları bərpa edilməlidir. Biz faydalı qazıntıların qeyri-qanuni istismarını dayandırmaq niyyətindəyik. Yəni bu aksiyanın ərazidə yaşayan dinc ermənilərə heç bir aidiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, orada eko-fəallar dinc erməni əhalisinə məxsus mülki avtomobillərin, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazırdırlar. Bu barədə ermənilərə dəfələrlə xəbərdarlıq edilib".
Faydalı qazıntıların qeyri-qanuni istismarının qarşısı alınmalıdır
Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib ki, ilk dövrdə sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan verməyib. Azərbaycan mütəxəssisləri Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, süni əngəllərlə üzləşiblər. Bu, yolverilməzdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 illik işğal dövründə həmin ərazilərdəki ekoloji vəziyyətdən xəbərdar olmayıb və ya məlumatlı olsa da, vəziyyəti düzəltmək imkanı əldə etməyib. İndi həmin torpaqlar üzərindən nəzarət Azərbaycan dövlətinə məxsusdur. Təbii sərvətlərimizin qorunması, sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında olan ərazilərdə qeyri-qanuni istismarın araşdırılması mütləqdir".
Partiya sədri bildirib ki, üç-dörd gündür fasiləsiz davam edən aksiya haqlı tələblərə əsaslanır: "Həmin ərazilər Azərbaycanın suveren əraziləridir. Bu, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyanatda da öz əksini tapıb. Qeyd edilib ki, erməni silahlı birləşmələri, separatçı dəstə həmin ərazilərdən çıxarılmalıdır. Vətəndaş cəmiyyəti nümayəndələri də haqlı olaraq öz konstitusion hüquqlarının təmin olunmasını, regionun ekoloji vəziyyətinin araşdırılmasını tələb edirlər. Azərbaycan Sosial Rifah Partiyası olaraq, biz də ictimaiyyətin bu dirənişini dəstəkləyir, aksiyanın haqlı tələblərə söykəndiyini birmənalı şəkildə bəyan edirik".
Nəzrin
QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 16 dekabr.- S.7.