Gənc fəallar öndədirlər
Laçın-Şuşa yolunda azərbaycanlı eko-fəallar, QHT nümayəndələri və jurnalistlərin iştirakı ilə keçirilən etiraz aksiyası davam edir.
Aksiyanın əsas səbəbi təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsi, mədənlərimizin qanunsuz istismarıdır. Etiraz aksiyasının iştirakçıları sülhməramlı kontingentin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarında qeyri-qanuni istismara etirazlarını bildirir, ekoloji terrora son qoyulmasını tələb edirlər.
Haqq səsimizi ucaltdığımız aksiyada könüllülərin sayı isə durmadan artır, hər gün onların sırasına gənclərin nümayəndələri qoşulurlar. Müxtəlif şüarlar səsləndirən vətənpərvər gənclər Vətən müharibəsində olduğu kimi, Laçın yolunda keçirilən etiraz aksiyasında da öndədirlər.
Söhbətləşdiyimiz həmin gənclərdən biri də Qərbi Kaspi Universitetinin kollecinin 3-cü kurs tələbəsi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin üzvü Saleh Kamilovdur. Onun sözlərinə görə, bu aksiya dinc xarakterlidir, heç bir gərginlik ehtiva etmir: "Əsas məqsədimiz haqlı istəyimizin yerinə yetirilməsidir. Sərvətlərimiz qeyri-qanuni şəkildə istismar olunur. Bu ekoloji terrorizmə son qoyulmalıdır. Biz qərarımızda israrlıyıq. Tələblərimiz yerinə yetirilənədək aksiyanı davam etmək niyyətindəyik".
Gənc fəal onu da xüsusilə vurğulayır ki, mənfur düşmən bizi haqlı ikən haqsız göstərməyə cəhd edir. Onlar iddia edirlər ki, guya biz Laçın-Şuşa yolunu bağlamışıq: "Bu, tamamilə yalandır və bir daha ermənilərin riyakar xislətini göstərir. Müharibə günlərində olduğu kimi, indi də ermənilər bizim haqlı aksiyamızı öz yalanları çərçivəsində dünyaya yaymağa çalışırlar. Ona görə bu həm də informasiya savaşıdır. Biz gənclər bu məsələdə fəal olmalı, sosial şəbəkələr üzərindən də məqsəd və məramlarımızı dünyaya çatdırmalı və erməni yalanlarını ifşa etməliyik".
Saleh Kamilovun sözlərinə görə, Laçın yolunda artıq bir neçə gündür davam edən bu aksiya xalqımızın mətinliyinin, əzmkarlığının göstəricisidir: "Biz Vətən müharibəsində qalib gəlmiş xalqıq. Laçın yolundakı aksiyada bir daha təsdiq olundu ki, qalib xalqımız qarşısına qoyduğu bütün məqsəd və hədəflərə çatacaq".
Gənclərin aksiyada iştirakına toxunan Saleh Kamilov deyir ki, respublikamızda həyata keçirilən dövlət siyasəti gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasını təmin edib. "Laçın-Şuşa yolunda bu həqiqət də bir daha öz təsdiqini tapdı. Azərbaycan gənci milli ruhludur, vətənpərvərdir. Bakıdan və ölkəmizin digər regionlarından bu aksiyada iştirak etmək üçün Şuşaya gənclərin böyük axını var. Onların sərvətlərimizin talanmasına qarşı etiraza qalxmaları vətən sevgilərindən, milli maraqlarımız uğrunda hər an mücadiləyə hazır olmalarından xəbər verir. Könüllülərin sayının günbəgün artması isə biz gənclərə qürur, inam və güc verir", - deyə Saleh Kamilov bildirib.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.-2022.- 16 dekabr.- S.7.