Azərbaycan-Qətər tərəfdaşlığı
qarşılıqlı etimada əsaslanır
Azərbaycanın xarici siyasət fəaliyyətində yaxın-uzaq ölkələr məfhumundan daha çox etibarlı dost, qardaş, həm də səmimi tərəfdaş ölkələr ifadəsindən istifadə olunur.
Belə ölkələrdən biri nəinki Yaxın və Orta Şərq regionunda, ərəb, islam dünyasında, həmçinin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan qardaş Qətər Dövlətidir. Hər iki dövləti və xalqı islami dəyərlər, adət-ənənələr, xeyirxahlıq kimi insani xüsusiyyətlər birləşdirir.
Mübaliğəsiz demək olar ki, Qətər bu gün ərəb dünyasının incisidir. Özünün qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, barışdırıcı, sülhyaradıcı vasitəçilik missiyalarından istifadə edən, dünyanın müxtəlif guşələrində fəlakətlərlə üzləşən xalqlara və dövlətlərə humanitar yardımlar göstərən Qətər Dövləti hazırda bir sıra mühüm beynəlxalq problemlərin və məsələlərin həllində həm də söz sahibi kimi çıxış edir.
Bir vaxtlar yoxsul Britaniya protektoratı olan Qətər 1971-ci ildə dövlət müstəqilliyi qazanmış, tale üzünə güldüyünə görə nəhəng miqdarda neft və təbii qaz ehtiyatları sayəsində dünyanın ən zəngin ölkələrindən birinə çevrilmişdir. Bu dövlətin sıçrayışlı inkişafı 2013-cü ildə hakimiyyətə gələn Şeyx Təmim bin Həməd Əl-Taninin apardığı islahatlar sayəsində gerçəkləşmişdir. O, ötən illər ərzində ölkədə infrastruktur sahələrdə, xüsusilə səhiyyə və təhsilin, eləcə də istehsal, tikinti və maliyyə xidmətlərinin genişləndirilməsinə təkan verən bir sıra addımlar atdı. Qonşu ərəb dövlətləri ilə münasibətlərdə 2017-ci ilin yayında yaranmış böhran 2021-ci ilin yanvarında aradan qaldırıldı, səmimi və mehriban qonşuluq münasibətləri bərpa olundu.
Hökumət futbol üzrə 2022-ci ilin dünya çempionatına evsahibliyi etmək üçün namizədliyini qazandıqdan sonra yollar, yüngül relsli nəqliyyat, yeni liman, hotellər, stadionlar və digər idman obyektləri də daxil olmaqla böyük infrastruktur layihələr həyata keçirildi. Təsadüfi deyil ki, bu dövlət futbol üzrə dünya çempionatına hazırlıq işlərinə 220 milyard dollar vəsait sərf etmişdir. Bu məbləğin 10 milyard dollara yaxını 8 stadionun tikintisinə sərf edilmişdir. Yüksək standartlara uyğun 100-dən çox hotel ucaldılmışdır. Təkcə FİFA 3 milyard dollar xalis gəlir götürmüşdür. Qalib komanda isə 42 milyon dollar qazanacaqdır.
Qətərin sosial-iqtisadi göstəricilər üzrə ümumi dəyərləndirilməsi dünya üzrə orta göstəricilərdən yüksəkdir. 2021-ci ildə ölkədə ümumi daxili məhsulun həcmi 180 milyard dollar təşkil etmişdir. Ölkədə əhalinin adambaşına düşən ümumi daxili məhsulun həcmi 2021-ci ildə 55.920 dollar olmuşdur. Bu göstəriciyə görə o, dünyada birinci yerdə qərar tutur. Hesablamalara görə, ümumi daxili məhsul 2022-ci ildə 10 milyard dollar artaraq 172 milyard dollara çatacaqdır. Bu göstəricinin 2023-cü ildə 181 milyard dollar, 2024-cü ildə 191 milyard dollar, 2025-ci ildə isə 201 milyard dollara çatdırılması nəzərdə tutulur. 2022-ci ilin oktyabr ayı üçün dövlətin beynəlxalq valyuta ehtiyatları 59.879 milyard dollar təşkil etmişdir.
Hazırda Qətər sıxılmış maye qazı ən çox
ixrac edən ölkədir. O, 2022-ci ildə
77 milyon ton sıxılmış
qaz istehsal etmişdir. Bu göstərici
2026-cı ildə 110 milyon
ton təşkil edəcəkdir.
Dünya
bazarına çıxarılan
sıxılmış təbii
qazın təqribən
üçdə bir hissəsi də onun payına düşür. Təsadüfi deyil ki, bu
ixracatı təmin etmək məqsədilə
dünyada ən iri ticarət donanmasından istifadə olunur. Qətər hasil etdiyi qazın əsas hissəsini Asiya ölkələrinə ixrac
edir.
Təsadüfi deyil ki, məhz
dünya siyasətində
əhəmiyyətli rol
oynayan Qətər Dövləti ilə münasibətlər Azərbaycan
dövlətinin xarici
siyasətində prioritet
istiqamətlərdən biri
olmuşdur. Qətər Dövləti Azərbaycanın
istiqlaliyyətini tanıyan
ilk dövlətlərdən biri olub. Qətər
Dövləti ilə Azərbaycan Respublikası
arasında diplomatik əlaqələr 1994-cü il sentyabrın 14-də
qurulmuşdur. Həmin gündən
etibarən Azərbaycan
tərəfi Qətər
ilə bütün sahələrdə ikitərəfli
əlaqələrin genişləndirilməsinə
və möhkəmlənməsinə
üstün əhəmiyyət
verir. Bütün sahələrdə qarşılıqlı münasibətlərin
inkişaf etdirilməsi
isə hazırda hər iki ölkənin
xarici siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilmişdir.
Siyasi dialoqun yüksək səviyyədə olması
iki ölkənin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən,
əməkdaşlığa verdikləri böyük önəmdən irəli
gəlir. Bu səfərlər
və yüksəksəviyyəli
görüşlər iki
ölkə arasında
iqtisadiyyat və sərmayə qoyuluşu sahəsində əlaqələrin
güclənməsinə təkan
verdi. Bu səfərlər gedişində
əldə edilmiş
razılıqlar ikitərəfli
münasibətlərin tarixində
keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur.
Qətər Dövləti beynəlxalq
təşkilatlar (BMT, İƏT və s.) çərçivəsində
həmişə Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləmişdir. Birbaşa qarşılıqlı
əlaqələrlə yanaşı,
BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində
də iki ölkə arasında sıx əməkdaşlıq
mövcuddur. Azərbaycanla Qətər arasında
60-a yaxın saziş imzalanıb.
Qətər Dövləti Azərbaycanın
ərazi bütövlüyünü
həmişə dəstəkləmiş
və 44 günlük
Vətən müharibəsinin
ilk günlərindən Azərbaycanın
yanında olmuş, onun haqlı davasını dəstəkləmişdir.
Milli təhlükəsizlik
sahəsində əlaqələr
də inkişaf edir. İki dövlətin xarici
siyasət idarələrinin
arasında siyasi məsləhətləşmələrin keçirilməsi müntəzəm
xarakter almışdır.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qətər parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu da fəaliyyət göstərir. Bu işçi qrupun fəaliyyəti siyasi əlaqələrlə yanaşı,
iqtisadi-ticarət və
mədəni sahələrdə
də əlaqələrin
güclənməsinə geniş
imkanlar açmışdır.
Azərbaycanda Qətərli iş adamlarını maraqlandıran əməkdaşlıq və biznes sahələri çoxdur. Qətər iş adamları kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu dəfələrlə rəsmi Bakıya bildirmişdir.
2022-ci ilin oktyabrında Qətərdə Azərbaycanın ticarət evi açıldı. Bu, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən sayca 13-cü ticarət evidir. Azərbaycan sahibkarlarının özəl sərmayələri hesabına Doha şəhərində yaradılan Azərbaycan Ticarət Evi yerli məhsullarımızın Qətər bazarında daha çox tanıdılmasına, ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu məhsulların satışını təşkil edəcək, sahibkarlar arasında əlaqələndirməni gücləndirəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin birgə qərarı əsasında yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti dövrü ərzində ikitərəfli münasibətlərin bir çox istiqamətlərində inkişaf dinamikası müşahidə olunur.
İki ölkə arasında hərbi əlaqələr sahəsində imzalanmış memoranduma görə tərəflərin silah istehsal edən qurumlarının qarşılıqlı əlaqələr qurması nəzərdə tutulur. Beynəlxalq vəziyyətdən asılı olaraq bu əməkdaşlıq gücləndirilə bilər. Müsbət haldır ki, hər iki dövlət müdafiə xarakterli silahlara önəm verir və bu sahədə əməkdaşlıq heç bir üçüncü dövlətə qarşı yönəldilməyib, həm Körfəz zonasında, həm də Cənubi Qafqazda sülh və əmin-amanlığı təmin etmək məqsədi güdür.
İki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı mədəni sahədə əlaqələrə də müsbət təsir göstərir. Bakıda və Dohada qarşılıqlı surətdə Qətər və Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ənənəyə çevrilmişdir. İki ölkənin təhsil və elm mərkəzləri arasında münasibətlər də inkişaf edir. Azərbaycanın ADA Universiteti ilə Qətərin Əl-Cəzirə Media İnstitutu arasında əməkdaşlıq inkişaf edir.
2021-ci il dekabrin 8-10-da Azərbaycan və Qətər arasında muzey sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri və yolları müzakirə olunub. Katara şəhərindəki 47 saylı binada Azərbaycan Mədəniyyət guşəsinin, sonra da "Qardaşlıq" adlı heykəlin rəsmi açılış mərasimi olub. Heykəl müasir Bakının gözoxşayan memarlıq əsərlərindən birinin - sol budağında "Heydər Əliyev Mərkəzi"nin, digər tərəfində isə Katara Mədəniyyət Kəndinin incisi "Katara Amfiteatrı"nın təsviri olan ağac formalı tunc heykəldir. Heykəlin gövdəsi aypara ornamenti ilə həm Azərbaycanın, həm də Qətərin bir kökə - İslam Mədəniyyətinə mənsub olduğunu göstərir. Dairəvi sferik obyekt iki ölkənin əsas təbii ehtiyatları olan neft və təbii qazı simvollaşdırır. 2021-ci ilin dekabr ayında Qətər Milli Kitabxanası (QNL) və Azərbaycanın Qətərdəki səfirliyi böyük şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümünə həsr olunmuş tədbir keçirib.
Bütün bunlar iki ölkə arasında həyatın müxtəlif sahələrində əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Son illər qarşılıqlı münasibətlərin daha da sıxlaşmasında Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın ciddi səylərini vurğulamaq yerinə düşərdi. O, ölkəmizə olan səmimi münasibətini iki cümlədə belə ifadə etmişdi: "Biz qətərlilər Azərbaycanı sevirik. Burada özümüzü öz ölkəmizdəki kimi hiss edirik və böyük fərq görmürük". Belə bir münasibətin məntiqi nəticəsidir ki, iki dövlət arasında tərəfdaşlıq yüksələn xətlə inkişaf edir. Əminliklə qeyd etmək olar ki, Azərbaycan və Qətər dövlətləri qarşılarına çıxan problemləri uğurla həll edəcək və tərəqqi, inkişaf naminə həmişə strateji xarakter kəsb edən tərəfdaşlığı daha da gücləndirəcəklər.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti
Azərbaycan.-2022.- 16 dekabr.- S.8.