Himayədarları Ermənistanı fəlakətə aparır

 

 

Bu gün Ermənistan sonsuz okeanlar qoynunda fırtınalarla üzləşən və çıxış yolu tapa bilməyən bir gəmiyə bənzəyir. Gəmi sınıq-salxaq olmaqla bərabər, onun kapitanı da səriştəsiz, qorxaq, nadandır. Gəminin sərnişinlərinin yarısı da demək olar ki,  kapitanlarına bənzəyirlər - satqındırlar, xəyanətkardırlar, ayaqları sürüşkəndir.

Erməni xalqı isə səfil, dilənçi vəziyyətindədir. Qorxu, stres, ümidsizlik insanları sıxır, əzir, fəlakətə aparır. Boş vədlər, yalan bəyanatlar, ona- buna yarınmaq, yaltaqlanmaq çıxış yolu olmasa da, həm gəmini idarə edənlər, həm onun sərnişinləri, həm də məzlum ermənilər öz amplualarındadır.

Ermənistan baş nazirinin başı birinin, bədəni digərinin, ayaqları başqasının əlindədir. O özünü gah demokrat, gah millətçi, gah da islahatçı kimi qələmə verməklə siyasət aləmində lüzumsuz şou yaradır. Bu gün verdiyi vədi, dediyi sözü sabah təkzib edən, nəinki bir, bir neçə dövlətin qucağında özünə yer axtaran Nikol Paşinyantufanlar qoynunda qərq olan Ermənistanın, nə ölkəni quldur yuvasına çevirən, çapıb talayan koçaryanların, sarkisyanların, nə də məzlum erməni xalqının fərqindədir. Qərbə, Avropaya, Rusiyaya, İrana, erməni diasporuna, xəyanətkar siyasətçilərə sığınmaqla o, saxta siyasi gedişlər edir, hakimiyyətinin ömrünü uzatmaq üçün min bir oyunlardan çıxır.

Paşinyan sülh tərəfdarı deyil, münaqişənin davam etdirilməsi onun üçün daha önəmlidir. Müharibədən əvvəl o, Azərbaycanın sülh çağırışlarına cavab vermədi, əksinə, havadarlarına arxalanıb münaqişəni  daha da qızışdırdı.

44 günlük müharibədən sonra da Ermənistan baş naziri üzərinə öhdəliklər götürməsinə, üçtərəfli bəyanatları imzalamasına baxmayaraq yenə də sülh müqaviləsini imzalamaqdan qaçır, verdiyi vədlərə əməl etmir. Müharibə günlərində rəzil bir vəziyyətə düşüb bir çox dövlət rəhbərinə döyüşlərin dayandırılması barədə yalvarıb-yaxaran, gözyaşı tökən Nikol Paşinyan Rusiyanın vasitəçilik missiyasından yararlandıqdan, təslimçilik aktına qol çəkdikdən, bəyanatlara imza atdıqdan sonra onu bəlalardan qurtardığına görə Rusiyaya minnətdar olduğunu nümayiş etdirmək əvəzinə, əksinə, ona arxa çevirdi, dönük çıxdı, Fransanı və Qərbi, Avropa İttifaqını özünə arxa seçdi. 

Bunun nəticəsidir ki, Qərbin Cənubi Qafqaza olan maraqları genişlənməkdədir və bu, Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə zəmin yaradır. Ermənistanın tutduğu riyakar mövqe, Rusiyanı Qərbin və Aİ-nin ayağına verməsi, düşmən qüvvələrin Cənubi Qafqazda yeni - öz mənafelərinə uyğun reallıqlar yaratmaq cəhdi günbəgün artmaqdadır.

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanı Rusiyanın təsir dairələrindən çıxarmaq cəhdi və Nikol Paşinyanın Qərbyönümlü siyasəti, əlbəttə ki, Rusiyanın milli maraqlarına, eləcə də imzalanmış üçtərəfli bəyanatların, Brüsseldə, Praqada keçirilən görüşlərdə səsləndirilən fikirlərin tələblərinə ziddir.

Fransanın pozuculuq fəaliyyəti nəinki Rusiyanın, eləcə də Avropa İttifaqının mövqeyini sarsıtmaq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına göstərilən səylərin qarşısının almaq məqsədini güdür. Şarl MişelinVladimir Putinin təşəbbüslərini MakronPaşinyan demək olar ki, heçə endirməkdədir. Avropa İttifaqı və Rusiya Paris və İrəvanın  məkrli planları qarşısında bir növ aciz qalmışlar.

Rusiya baş verənləri izləyir və yaxşı anlayır ki, Qərbin və Avropanın həyata keçirmək istədiyi reallıqlarda o, oyundan kənar vəziyyətdə qalır. Nikol Paşinyanın riyakarlıqları, hərəkətləri, siyasi gedişləri, həm də ölkənin siyasi hakimiyyətinin, onun rəsmilərinin tutduqları mövqe, açıqlamaları, ikiüzlü bəyanatları həm də Moskvanın Cənubi Qafqazdan sıxışdırılıb çıxardılmasına yönəldilmişdir.

Bu gün hər bir kəsə aydındır ki, Ermənistan Rusiyaya yox, Fransaya arxalanır, üzdə Moskvanın dediklərinə razılığını bildirsə də, arxada öz xəyanətkar əməllərini davam etdirir. Uzun illər ona arxa olan, təhlükəsizliyini təmin edən, çörəyini verən ağasının üzünə olur, onu satır. Paşinyan Rusiyanı satmaqla bərabər, Ermənistanı da hərraca çıxarıb satmaqdadır.

Fransa bu gün Ermənistanı Rusiyanın əlindən almağa, Cənubi Qafqazda özünə yer etməyə daha çox cəhd göstərir, şimal qonşumuzun münaqişənin nizamlanmasındakı rolunu heçə endirməyə çalışır. Rusiya və Azərbaycan bunu yaxşı bilir.

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol PaşinyanAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmadığının səbəbi də budur. Noyabrın 25-də Bakıda ADA Universitetində "Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti buna aydınlıq gətirərək bildirmişdi ki, Ermənistan bu görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirakını vacib hesab edirbuna görə də bu görüşə qatılmaq fikrində deyildir.

Cənab İlham Əliyevin mövqeyi aydındır, o, Fransanın son aylarda Azərbaycana qarşı düşmənçilik meyillərini bir neçə dəfə gündəmə gətirərək Makronun Azərbaycan- Ermənistan danışıqlarında vasitəçiliyini tamamilə rədd etmişdir. Bu, əlbəttə, düzgün qərardır və Azərbaycanın milli maraqlarının ifadəsidir. Çünki Fransanın danışıqlara qoşulmaqda başlıca məqsədi ATƏT-in ölmüş Minsk qrupu formatının bərpasına nail olmaq, beləliklə, bu formatda əvvəlki illərdə olduğu kimi, Ermənistanı müdafiə etməkdir.

Ermənistan uzun illər ATƏT-in Minsk qrupunun fəaliyyətindən bəhrələnmiş, torpaqlarımızı işğal altında saxlamış, bu dövrdə saysız-hesabsız qətllər, təxribatlar törətmişdir. Minsk qrupu isə bütün hadisələrə laqeyd qalmış, əksinə, təcavüzkarı dəstəkləmişdir. Bu sahədə Fransaonun Prezidenti Makron xüsusilə fərqlənmiş, anti- Azərbaycan mövqeyi ilə seçilmişdir. Sonuncu dəfə - Praqa görüşündən sonra Makron tamamilə həddini aşmış, xalqımıza qarşı düşmən olduğunu açıqca nümayiş etdirmiş, Azərbaycana qarşı təhqiramiz, yalanböhtan xarakterli ifadələr söyləmişdir.

Belə olan halda Makronun Azərbaycan-Ermənistan danışıqlarına qoşulması heç cür mümkün ola bilməz və Azərbaycan Prezidentibunu qəti şəkildə bildirmişdir. Dövlətimizin rəhbəri ATƏT-in Minsk qrupunun dəfn edildiyini, Makronun vasitəçiliyinin mümkün olmadığını bildirərkən dünyaya bir daha bəyan edir ki, Azərbaycanla diktə, təsir dili ilə danışmaq mümkün deyildir. Azərbaycan artıq kimin kim olduğunu bilir, reallıqları qiymətləndirir və gücünə inanmaqla qələbələrini təmin etməyə qadirdir.

Ermənistanın bir neçə cəbhədə riyakar fəaliyyəti, əlbəttə ki, sülh danışıqlarına ciddi maneədir. Müharibədən sonrakı aylarda, danışıqların aparıldığı ərəfələrdə sərhədlərimizdə törədilən təxribatlar, ərazilərimizə hücum cəhdləri, minaların basdırılması, Qarabağda məskunlaşan ermənilərin silahlandırılması, bölgəyə xarici ölkə vətəndaşlarının buraxılması və bütün bu hadisələrdə Ermənistanın maraqlı olması göstərir ki,  Paşinyan millətçilik, təcavüzkarlıq əməllərindən əl çəkmir və qarşıdurmaların kəskinləşdirilməsinə imkan yaradır. Çox təəssüflər olsun ki, Qarabağda yerləşdirilən Rusiya sülhməramlıları da öz vəzifələrini imzalanmış bəyanatların tələbləri əsasında həyata keçirmir, liberallıq göstərir, erməni təcavüzkarları ilə əməkdaşlıq edirlər.

Qarabağa xarici vətəndaşların, xüsusilə İran təxribatçı qruplarının gəlişi, silah-sursat daşınması, ərazilərimizdəki yeraltı-yerüstü təbii sərvətlərin istismar, talan edilməsi bilavasitə Rusiya sülhməramlılarının gözü qarşısında baş verir.

Ərazilərimizdə olan faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarı bunu bir daha sübut edir. Yataqların qanunsuz istismarına etiraz əlaməti olaraq ekofəalların və QHT təmsilçilərinin bir neçə gün davam edən aksiyası dünyaya bir daha bəyan edir ki, Azərbaycan öz ərazilərinin və təbii sərvətlərinin sahibidir və onları qorumağa haqqı vardır. Rusiya sülhməramlılarının belə hallara göz yumması, həmin yataqlarda monitorinqin keçirilməsinə erməni separatçıları ilə birgə maneələr yaratması yolverilməzdir, beynəlxalq normaları pozmaqdır, ölkələrin müstəqilliyinə hörmətsizlikdir.

Ərazilərimizdə ekoloji terrora, vandalizmə, silahlı dəstələrin fəaliyyətinə mütləq son qoyulmalıdır. Rusiya sülhməramlılarının himayəsi altında olan ermənilər torpaqlarımızı heç cür istismar edə bilməzlər. 30 il onlar ərazilərimizi işğal altında saxlasalar da, sonda ağır nəticələrini gördülər və lazım olarsa, erməni vandalları yenə də layiqli cavablarını alacaqlar. Əgər Şuşada keçirilən aksiya nəticəsində etirazçıların tələbləri yerinə yetirilməzsə, Azərbaycan adekvat addım atmağa məcburdur. Ermənistan bunun marağındadır. Belə olan halda Rusiya Cənubi Qafqazda öz dayaqlarını tamamilə itirə bilər və Fransanın, Qərbin regionda təsirləri möhkəmləndirilmiş olar. Ermənistanın məkrli planları da məhz buna xidmət edir. Paşinyan Rusiyanı hər an satmağa hazırdır və bu, onun əməllərində özünü aydın göstərir. Rusiya qarşıdurmaların genişlənməsinə və kəskinləşməsinə yol verməməlidir. İmzalanmış üçtərəfli bəyanatların tələbləri tezliklə yerinə yetirilməlidir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2022.- 16 dekabr.- S.9.