Sumqayıta qayıtmamaq mümkün deyil

 

Bir vaxtlar çirkli, indi isə təmiz havası ilə seçilən şəhər

 

 

Bir vaxtlar ekologiyasına görə hətta dünyanın qara siyahısında olmuş Sumqayıt bu gün təkcə ölkəmizin yox, regionun abad və təmiz şəhərlərindən sayılır. Həyata keçirilən layihələr, aparılan quruculuq işləri Sumqayıtı nümunəvi şəhərə çevirib. Sahibkarlığa verilən dəstək, bu hesaba açılan yeni müəssisələr şəhərdə işgüzarlığın artımı ilə müşahidə olunur.

Son illərin ən böyük layihəsi olan Sumqayıt bulvarı isə təkcə şəhərin görkəmini dəyişməyib, həm də yeni xidmət sahələrinin inkişafına təkan olub. 2016-cı ildə Prezidentin xeyir-duası ilə açılan Sumqayıt bulvarı sözün həqiqi mənasında bir möcüzəli məkandır. Bulvarın uzunluğu 5 kilometrdən artıqdır. Xəzərin sahilində, dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə yerləşən bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. Təkcə ölkəmizdən deyil, dünyanın müxtəlif yerlərindən gətirilən ağaclar yerli şəraitə uyğunlaşdırılaraq becərilib. Onlar bulvara  bir dünya təbiət daşıyıblar. Yaxşı hal odur ki, bulvarın genişləndirilmə və  yaşıllaşdırma işləri davam edir  gələcəkdə  ərazinin  bir neçə hektar da böyüdülməsi  nəzərdə tutulur. Bulvarın bir addımlığında isə hotellər tikilərək istifadəyə verilib və hazırda bu proses də səngimir. Deməli, bu ərazi təkcə yerli əhalinin istirahəti deyil, həm də turizmin inkişafı üçündür.

Sumqayıt beynəlmiləl şəhərdir. Burada müxtəlif millətlərin nümayəndələri yaşayır. Alman əsilli Valentina  Rəhimova Sumqayıtın ilk sakinlərindəndir. O,  şəhərə komsomolun göndərişi ilə gəlmişdir. Taleyini yerli azərbaycanlı ilə bağlayan Valentinanın AlmaniyaRusiyada qohumları yaşayır. Əlaqələri də kəsilməyib. Deyir ki, qohumları tez-tez Sumqayıtın qonağı olur və hər dəfə də şəhərdən məmnunluqla ayrılırlar.

Sumqayıtın hazırda dünyanın onlarca şəhəri ilə qarşılıqlı ticarət əlaqələri var. Şəhərdə, xüsusən Sumqayıt Kimya Sənaye Parkında istehsal olunan məhsulların xarici ölkələrdə alıcıları çoxdur. Almaniya, Bolqarıstan, Rumıniya, İtaliya, Rusiya, Belarus və digər ölkələr Sumqayıtı etibarlı ticarət tərəfdaşı kimi tanıyırlar.

Payızın son günlərini yaşayırıq. Hətta qışın Azərbaycana gəldiyini də demək olar. Bir neçə gün əvvəl dağlıq ərazilərə yağan qar qış deyildimi?! Bu səbəbdən şimal bölgəsinə yol alan turistlər Sumqayıtın yaxınlığından biganə ötə bilmirlər. Çünki gecələri gündüzləri kimi işıqlı olan bu şəhərə baş çəkməmək sadəcə mümkün deyil. Bunu mümkün edənlərsə uduzurlar. Sumqayıt bulvarında təmiz hava almamaq, qədim Corat kəndinə baş çəkməmək uduzmaq deyil, bəs nədir?! Elə isə Qafqazın paytaxtlardan sonra dördüncü şəhəri sayılan Sumqayıta, onun abadlığına, təmizliyinə biganə qalmayın.

 

Akif ƏLİYEV,

Azərbaycan.-2022.- 16 dekabr.- S.10.