Daxili işlər naziri Xaçmazda
vətəndaş qəbulu və sıra baxışı keçirib
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Xaçmaz Rayon Polis Şöbəsində dekabrın 17-də növbəti vətəndaş qəbulu keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxili işlər naziri əvvəlcə şəhərin mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarından qəbula gələn 143 vətəndaşı dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.
Ölkə rəhbərinin apardığı məqsədyönlü siyasət nəticəsində qazanılan uğurlardan məmnunluqlarını bildirən sakinlər onların müraciətlərinə obyektiv yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Həmin gün general-polkovnik V.Eyvazov həmin rayonların polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı sıra baxışı da keçirib.
Polis orqanlarında işləmək arzusunda olan gənclərdən qəbulun şərtlərinə uyğun gələn 152 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onların da 55-i Vətən müharibəsi iştirakçısı olub.
Azərbaycan.- 2022.-18 dekabr.- S.4.