Milli birliyimizin növbəti təntənəsi
Şuşa-Laçın yolunda
keçirilən aksiya göstərdi ki, Azərbaycan xalqı ümummilli
məsələlərdə hər zaman səfərbərdir
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda Azərbaycanın təbii sərvətləri talanır, ekologiyasına qarşı terror həyata keçirilir. Separatçı rejim tərəfindən faydalı qazıntı yataqlarımız, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqları qanunsuz istismar edilir.
Buna görə də dekabrın 12-dən eko-fəallar və QHT təmsilçiləri Laçın-Şuşa yolunda aksiyaya başlayıblar. İctimaiyyət nümayəndələrimiz Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmayana, tələbləri yerinə yetirilməyənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.
Aksiyaya ictimai dəstək artır
Dekabrın 3-dən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar.
Danışıqlara əsasən, dekabrın 10-da Azərbaycan mütəxəssislərinin faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarına yerində baxışı və müxtəlif istiqamətlər üzrə monitorinqi, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, nəzərdə tutulan ilkin baxış və monitorinqə sülhməramlılar süni əngəl yaradıblar.
Buna görə də Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimizin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqları dekabrın 12-dən Şuşa-Laçın yolunda etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları tələb edirlər ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Hər ötən gün aksiyaya ictimai dəstək artır və vətəndaş cəmiyyətimizin nümayəndələri öz ərazisində pozulan hüquqlarının bərpası uğrunda mübarizəni davam etdirirlər. Böyük əksəriyyəti gənclərdən ibarət olan aksiyaçılar, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar, beynəlxalq sənədlərdə, eləcə də milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından istifadəyə maneçilik törədənlərə qarşı etiraz edirlər. Onların sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq və sair kimi hüquqları var. Bundan istifadə edərək hüquqlarının pozulmasına qarşı haqlı narazılıqlarını bildirirlər. Onlar Ermənistanın Azərbaycan ərazilərində ekoloji vəziyyətin pisləşməsinə səbəb olan və sərvətlərimizin talan edilməsi kimi əməllərinə son qoymasını tələb edirlər.
Ermənistan tərəfinin yalan iddiasının əksinə olaraq, ekofəallarımızın bu aksiyası heç bir siyasi məqsəd güdmür, ictimaiyyət nümayəndələrimiz haqlı olaraq separatçı rejimin torpaqlarımızda qanunsuz istismarına son qoyulmasını tələb edirlər.
O cümlədən Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları da böhtandır və həqiqəti əks etdirmir. Çünki aksiya iştirakçıları da bildirirlər ki, dinc erməni əhalisinə məxsus mülki və təcili yardım maşınlarının keçidinə heç bir maneçilik törətmirlər, əksinə, onlara kömək etməyə hazırdırlar.
Azərbaycan fəallarının Şuşa-Laçın yolunda keçirdikləri sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Laçın yolundan humanitar yardım karvanının maneəsiz keçməsi də söylənilənlərə əyani nümunədir.
Reallıq budur ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır.
Ermənistanın Şuşa-Laçın yolundan hərbi məqsədlər üçün istifadəsinə yol verilməyəcək
Azərbaycanın təbii sərvətlərinin talanmasına, təbiətimizin məhv edilməsinə qarşı aksiya keçirən fəallarımız vurğulayırlar ki, onlar həm də Ermənistanın bu yoldan Qarabağa hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərimizin daşınması üçün istifadə etməsinə qarşı etiraza qalxıblar. Həmçinin fəallarımızın tələbləri arasında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorunu dayandırması da var.
Qeyd edək ki, Ermənistan 30 illik işğal müddətində torpaqlarımızı mina tarlasına çevirib və bu terror əməlini Vətən müharbəsindən sonra da davam etdirib. Belə ki, bu ilin avqust ayında Laçında aşkarlanan minaların 2021-ci il Ermənistan istehsalı olduğu üzə çıxmışdı.
Cari il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfərin minaya düşməsi Ermənistanın Azərbaycana qarşı terror aktlarını hələ də davam etdirməkdə olduğunun daha bir göstəricisidir. Bu minaların da Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci ilin dekabr ayında basdırılması ehtimal edilir.
Haqq işimiz
Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və öz ərazimizdə pozulan hüquqlarımızın bərpası uğrunda apardığımız haqq işimizdir.
Azərbaycan xalqı, onun qüdrətli dövləti, qətiyyətli lideri heç zaman imkan verməyəcək ki, separatçı rejim tərəfindən onun sərvətləri həyasızcasına talansın, ekologiyası vəhşicəsinə məhv edilsin.
Lazım gəlsə, təkcə ekofəallarımız, ictimaiyyət nümayəndələrimiz deyil, xalqımızın hər bir üzvü ayağa qalxaraq birlikdə Şuşa-Laçın yoluna yürüş etməyə və öz ərazilərimizdə pozulan hüquqlarımızın bərpasına yönəlmiş haqlı etiraz aksiyasına dəstək verməyə, tələblərimizin yerinə yetirilməsinə nail olmağa hazırdır.
Elə bu milli birliyimiz sayəsində də qarşımıza çıxan bütün maneələri aşmağı, haqq mübarizələrimizdə qalib gəlməyi bacarırıq.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2022.- 18 dekabr.- S.7.