Məqsəd sərvətlərimizin talanmasını dayandırmaqdır

 

Ermənistan 30 ilə yaxın işğal dövründə Azərbaycan ərazilərində müxtəlif ekoloji terror hadisələri törədib - meşələrimizi yandırıb, çaylarımızı çirkləndirib, faydalı qazıntı yataqlarımızı istismar etməklə endemik biomüxtəlifliyə ciddi zərbə vurub.

Həmçinin evlərimizi yandıran, mədəni irsimizi məhv edən, məscidlərimizi murdarlayan erməni vandalları işğalda olan torpaqlarımızda narkotik maddələr becərərək onların İran vasitəsilə Avropa ölkələrinə ötürülməsi üçün ərazilərimizdən narkotranzit kimi də istifadə ediblər. Bütün bunlar Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən "Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi haqqında" BMT konvensiyasını pozduğunu sübut edir.

Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uzun illər qanunsuz istismara məruz qalmış yataqlarda ekoloji vəziyyəti nəzarət altına alıb. Lakin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi yerlərdə hələ də buna tam nail olunmayıb. Görünür, erməni əsilli rusiyalı milyarder Vardanyanın Qarabağa köçməsinin əsas səbəblərindən biri də elə budur. Separatçılar 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərin yerinə yetirilmədiyi bir vaxtda Qarabağın təbii sərvətlərini, eləcə də "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını mümkün qədər talamağa davam edirlər.

Azərbaycan cəmiyyəti Ermənistan və onun havadarlarının, o cümlədən Vardanyan kimi erməni oliqarxların bizim suveren ərazilərimizdə yeraltı sərvətlərimizi vəhşicəsinə istismar etməsinə göz yuma bilməz. Vətəndaş cəmiyyəti fəalları və gənclər ermənilər tərəfindən törədilən ekoloji terrora dinc aksiya keçirməklə etiraz edirlər. Fəallar etirazlarını sivil qaydada bildirir, tələblərini müxtəlif şüarlar vasitəsilə səsləndirirlər.

Aksiya iştirakçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, aksiya tələblərimiz təmin edilənə qədər davam etdiriləcək: "Nəzərə almaq lazımdır ki, biz tələblərimizdə tamamilə haqlıyıq. Aksiyanın məqsədi qeyri-qanuni istismara məruz qalan faydalı qazıntı yataqlarımızda Azərbaycan ekoloqları tərəfindən monitorinq keçirilməsinə, ətraf mühitin vəziyyətinin qiymətləndirilməsinə nail olmaqdır. Bunun üçün isə sülhməramlı kontingentin komandanı Andrey Volkovla görüşüb razılığa gəlmək, adekvat şəraitin yaradılmasını təmin etmək lazımdır. Dekabrın 12-dən etibarən davam edən dinc aksiyada qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar və jurnalistlər əzmkarlıqla iştirak edir,  "Ekoloji terrora son!", "Təbiətimizi qoruyaq!", "Mina terroruna son!" kimi şüarlar səsləndirirlər".

A.Məmmədov deyib ki, həmin yataqlar Azərbaycanın ən perspektivli mədən sahələrindən hesab edilir: "İşğal dövründə həmin yataqlar "Vallex Group" erməni korporasiyası tərəfindən talan edilibbu, indidavam edir. Lakin bu gün Azərbaycan Vətən müharibəsindəki qələbəsi ilə ərazi bütövlüyünü bərpa edib, faydalı qızıl yataqları üzərində nəzarəti təmin edib. Belə olan halda ekodüşmənlər tərəfindən həmin yataqların qeyri-qanuni istismarı qəbuledilməzdir.  Azərbaycan ictimaiyyətinin məqsədi də belə terrorlara birdəfəlik son qoymaqekoloji sabitliyi qorumaqdır". 

Aksiyanın sivil gedişatından da görünür ki, iştirakçılar humanizm prinsiplərinə tamamilə əməl edir, dinc erməni əhaliyə heç bir problem  yaratmırlar. Ermənilərin Laçın yolunun bağlanması ilə guya Qarabağdakı mülki şəxslərin, xüsusilə də xəstələrin ərazidən çıxa bilməmələrinə dair iddiaları əsassızdır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiyanın sülhməramlı kontingenti tərəfindən bağlanıb. Sülhməramlıların bu cür davranışı, aksiya iştirakçılarının tələblərini təmin etməmələri isə sadəcə süni gərginlik yaradır. Fəallar isə israrlıdır, haqlı tələblərimiz nəzərə alınana qədər aksiya davam edəcək.

 

Nəzrin QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 18 dekabr.- S.7.