Dinlərarası və mədəniyyətlərarası dialoqa həmişə ehtiyac var

 

 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru  "Ədalət və mötədillik: dünya nizamının ilahi prinsipləri" mövzusunda təşkil olunan  XVIII Beynəlxalq Müsəlman Forumunda  iştirak edib. 

İdil bulqarlarının islam dinini qəbul etmələrinin 1100 illiyi (922-2022) və Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrətinin 1400 illiyi (622-2022) ilə əlaqədar keçirilən ənənəvi forum Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində baş tutub.

Beynəlxalq forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı ilə keçirilib.  Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, müfti Şeyx Ravil Qaynutdinin çıxışı ilə başlayıb. Forumda həmçinin Türkiyə Cümhuriyyəti Diyanət İşləri başqanı Ali Erbaş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və başqa ölkələrin dini liderləri də məruzə ilə çıxış ediblər.

Tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, İran, İraq, Misir, Qətər, Küveyt, Hindistan   dünyanın müxtəlif ölkələrini təmsil edən alimlər çıxış ediblər.

Beynəlxalq forumda Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov "Dinlərarası və mədəniyyətlərarası dialoq və tolerantlıq kontekstində islam mədəniyyətinin dünya sivilizasiyasına töhfəsi" mövzusunda məruzə edib. Rektor vurğulayıb ki, tarixə nəzər saldıqda görürük ki, bir-birlərinə hörmət edən və təcrübələrindən yararlanan mədəniyyətlər hər zaman uğurla inkişaf edib. Daha sonra diqqətə çatdırıb ki, qloballaşan dövrdə  dinlərarası və mədəniyyətlərarası dialoqa həmişə ehtiyac olub. Rektor Azərbaycanda mövcud olan birgəyaşayış təcrübəsindən də bəhs edib.

Forum dünyanın müxtəlif universitetlərindən və təşkilatlarından olan alimlərin çıxışları ilə davam edib.

 

Azərbaycan.-2022.- 16 dekabr. - S.12.